Məhkəmə qərarları › İş №e-2(001)-147/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-147/2025

02.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-147/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X35 oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh2, onun nümayədəsi və eyni zamanda vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı X14, X7, X4 və X6 da üçüncü şəxs qismində cəlb olunduqları “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə (Reyestrdə 2V- 61 nömrə ilə qeyd olunmuş) Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən həmin tarixdə, saat 16:30-da onların yaşadıqları ünvan 1 ünvanında vəsiyyətnamə rəsmiləşdirilmişdir. Vəsiyyət edən şəxs, yəni atası X22 “mədəaltı vəzi quyruğunun bədxassəli yenitörəməsi – İV dərəcə” xəstəliyindən əziyyət çəkmiş və həmin törəmə qaraciyərə çoxsaylı metastaz (İV dərəcə) vermişdir. Həmçinin Bakı Patalogiya Mərkəzi tərəfindən verilmiş analiz nəticəsindən görünür ki, X11 qaraciyər V seqmentindən götürülən biopsiyanın nəticəsi ilə qaraciyərində rəngli toxuma parçalarının olması müəyyən olunmuşdur. O, Türkiyə Cumhuriyyətində həkim olaraq çalışan doç.dr. İsail Sertin öz rəsmi səhifəsində “mədəaltı vəzin bədxassəli törəməsi” ilə bağlı məqalənin bir hissəsini (xəstəliyinin sonuncu dərəcəsində yaranacaq yanaşı problemlər) göstərmişdir. (https://www.ismailsert.com.tr/pankreas-kanseri-son-evre-olum-belirtileri-nelerdir/).Mədə altı vəzin xərçənginin son mərhələsinin əlamətləri hansıdır? Ömrünün bu son dövründə müalicəyə cavab verməyən və müvafiq cərrahiyyə, kimya və radioterapiya ilə müalicə almayan və ya müalicələrə cavab verməyən xəstələrdə bədən funksiyalarında bəzi əlamətlər müşahidə olunur. - Onlar tez-tez xəstə və zəiflədikləri üçün hərəkət etməkdə çətinlik çəkirlər. - Onlar həbləri udmaqda çətinlik çəkə bilərlər. - Xəstə bədənində çox uyuşma hiss edə bilər. - Yatmaqda çətinlik çəkən xəstələrin yatmaq üçün ağrı kəsici və ya sakitləşdirici dərmanlara ehtiyacı ola bilər və oyanmaqda çətinlik çəkə bilər. - Onların gündəlik fəaliyyətlərini yerinə yetirmək üçün köməyə ehtiyacı ola bilər. - Gün ərzində iştahsızlıq səbəbindən qida qəbulu azala bilər. - Onlarda diqqəti cəmləməkdə problemlər ola bilər. - Onlar əl, qol, ayaq və ya üz daralması hiss edə bilərlər. - Ünsiyyət qurmaqda çətinlik çəkə bilərlər. Mədəaltı vəzi xərçənginin son mərhələsi olan dördüncü mərhələyə gəlincə şiş yaxınlıqdakı qaraciyər, mədə, bağırsaq və ağciyər kimi orqanlardan beyin kimi uzaq orqanlara yayıla bilər və bu mərhələyə çatdıqda, digər orqanlara yayılan xərçəngi geri qaytarmaq çox çətindir, bu mərhələyə çatan bir çox xəstələr təəssüf ki, həyatlarının son 3-6 ayında yaşayırlar. Göründüyü kimi, vəsiyyətnamə verilərkən notariusun xəstənin yataq xəstəsi olmasını, özünü yaxşı dərk etməsini, xəstəliyin verdiyi digər fəsadlardan xəbərsiz olmasından sözügedən vəsiyyətnamə hazırlanmış və təsdiqlənmişdir. Əlavə olaraq qeyd etmişdir ki, vəsiyyətnamə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, atası isə xx.xx.2023-cü il tarixdə ölmüşdür. Göründüyü kimi, ömrünün son günlərində, xəstəliyinin ən sonuncu dərəcəsində notarius dəvət edərək, onun iştirakı ilə vəsiyyətnaməni rəsmiləşdirmişlər. Vəsiyyətnamənin verildiyi gün belə atasının vəziyyəti pisləşdiyinə görə təcili tibbi yardıma tərəflərindən müraciət edilmişdir. Həmçinin atasının vəziyyətinin ölümünə son günlər qalmış heç yaxşı olmadığını, ətrafındakı şəxsləri yaxşı ayırd edə bilmədiyini və hətta öz övladlarını belə bəzən tanıya bilmədiyini ətraflarında olan, atasının xəstəliyi ilə əlaqədar evə gələn qohum və qonşular təsdiq edə bilərlər. Bundan əlavə, şahidlər qismində iştirak edən X26 və X19 vəsiyyət olunan Cavabdeh2 maraqlarına xidmət edən şəxslərdirlər. Belə ki, X26 vəsiyyət olunan Cavabdeh2 doğma bacısı oğlu, X19 isə X26 ilə yaxın dostluq münasibətlərindədirlər. Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın vəsiyyətnamələrin təsdiq edilməsi fəslindən göründüyü kimi yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığı alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1159-cu maddəsində qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmişdir. Belə ki, həmin maddənin 2-ci bəndinə əsasən ikinci növbə vərəsələr - ölənin bacıları və qardaşlarıdır. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Əlavə olaraq qeyd etmişdir ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatda vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumlarının şahid ola bilməməsi qeyd olunsa da, vəsiyyətnamədə şahidlərdən biri olan X26 (vəsiyyət üzrə vərəsənin bacısı oğludur - vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları (ikinci növbə qanun üzrə vərəsə)) şahid qismində işirak etmişdir. O, hesab edir ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın yuxarıda qeyd etdiyi maddəsinin pozuntusu ilə müşaiət edilən və habelə atasının xəstəliyi ilə əlaqədar olaraq ölümünün son günlərində öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə vəsiyyətnamə tərtib edildiyi üçün etibarsız hesab edilməlidir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 346.1, 346.3 və 1225-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh1 xüsusi notariusu X15 tərəfindən xx.xx.2023-cü il tarixdə (Reyestrdə 2V-61 nömrə ilə qeyd olunmuş), saat 16:30-da onların yaşadığı ünvan 1 ünvanında rəsmiləşdirilən vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 və onun nümayədəsi və eyni zamanda vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə cavabdeh Bakı şəhəri 51 saylı Notariat Ofisi və üçüncü şəxslər X26, X19, X8 və X16 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və ya məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin Bakı şəhəri 51 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirməklə yanaşı, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin, eyni zamanda onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən vəsiyyətnamə təsdiq edilmiş, həmin vəsiyyətnamə ilə ünvan 2 ünvanında qeydiyyatda olan X22 aşağıdakılar barədə sərəncam vermişdir. “1. Ölən günədək mənə məxsus olan bütün daşınar və daşınmaz əmlakımı – Cavabdeh2 vəsiyyət edirəm. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1176-1178 və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən mənə izah edildi. 3. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edildi, nüsxənin biri notariat ofisində saxlanıldı, digəri isə vəsiyyət edənə verildi.” İş materiallarında olan MH seriyalı 130821 nömrəli Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, 12-ci Dağlıq küçəsindəki 38 nömrəli yaşayış evi X11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 04 nömrəli reyestr kitabında xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışdan (epikrizdən) görünür ki, X17 C25.2 mədəaltı vəzin xərçəngi, qaraciyərə çoxsaylı metastaz, cT2N0M1 mərkələ İV GX diaqnozu qoyulmuşdur. Diaqnozun ilk dəfə qoyulduğu tarix xx.xx.2023-cü il tarix kimi qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 362264 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi tərəfindən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli 4/673-1009 nömrəli məktubdan görünür ki, Onkologiya Mərkəzi tərəfindən vəkil sorğusuna baxılmış və bildirilmişdir ki, xx.xx.1952-ci təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan xəstə X22 ilk dəfə xx.xx.2023-cü tarixdə halsızlıq, epiqastral nahiyyədə ağrı, qıcqırma, gəyirmə, köp, arıqlama şikayətləri ilə müraciət etmişdir (L0 186841). Anamnezindən məlum olur ki, özünü 2-3 aydır ki, xəstə hesab edirmiş. Xəstəyə 04.04.23-cü il tarixdə MedEra Hospitalında qarın boşluğu orqanlarının MRT müayinəsi aparılmış və aparılan müayinədə mədəaltı vəzidə 2.8x1.8 sm ölçülü törəmə, qaraciyərin hər iki payında metastatik ocaqlar, qaraciyərin İV, V seqmentində 5.4x4.2 sm ölçülü törəmə aşkar edilmişdir. Xəstə müayinə və müalicə üçün MOM-a müraciət etmişdir. Xəstə MOM-da müayinə olunmuş və aparılan müayinələr (MRT, USM, laborator, morfoloji və s) əsasında xəstəyə “Mədəaltı vəzin karsinoması, qaraciyərə çoxsaylı metastaz.cT2N0M1(hepar) İV mərhələ” diaqnozu qoyulmuşdur. Patohistoloji rəy: H00008165/23 Maliqn epitelial tumor - karsinoma. Tumorun genezinin təyini üçün İHK məsləhətdir. (11.04.23-cü il Bakı Patologiya Mərkəzi) İHK -2308595. Adenokarsinoma metastazı. İlkin ocaq pankreatobiliar sistemdə yerləşə bilər. (MOM xx.xx.2023) Xəstəyə MOM-da həkim-mütəxəssislər tərəfindən baxılmışdır və 04-15.05.23-cü il tarixdə İ kurs PKT aparılmış, xəstə 16.05.23-cü il tarixdə kafi vəziyyətdə evə yazılmış və 3 həftə sonra kontrol müayinə və müalicənin davamı məsləhət görülmüşdür. Xəstə sonralar MOM-a müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X41 “Respublika Təcili və X10 Mərkəzi” X37 tərəfindən 25 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X41 tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:43-də “103” xidmətinə ünvan 4 ünvanından Siyavuş adlı şəxsin (70 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 5 saylı bölmənin həkimi Fidan Hüseynova icra edərək, xəstə X18 (70 yaş) “Mədəaltı vəzin quyruğunun bədxassəli yenitörəməsi” diaqnozu qoymuş, müvafiq ilkin tibbi yardım göstərmişdir (Sol Analqini 50%-4,0, Sol Dimedroli 1 %- 1.0 dərman preparatlarını əzələ daxilinə inyeksiya etmişdir). xx.xx.2023-cü il tarixdə saat 12:48-də həmin ünvandan S.Abbasovun adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 5 saylı bölmənin həkimi Akif Əliyev icra edərək, xəstə X18 (71 yaş) “Mədəaltı vəzin quyruğunun bədxassəli yenitörəməsi” diaqnozu qoymuş, müvafiq ilkin tibbi yardım göstərmişdir (Sol Analqini 50%-2.0, Sol Dimedroli 1%-1.0, X38 0.9%-5.0 dərman preparatlarını damar daxilinə inyeksiya etmişdir). xx.xx.2023-cü il tarixdə saat 00:22-də həmin ünvandan S.Abbasovun adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 5 saylı bölmənin həkimi İradə Zeynalova icra edərək, ünvanda X18 (71 yaş) məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuş və Covid-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Hadisə barədə 20-ci polis bölməsinə baş leytenant Əliyevə məlumat verilmişdir. Bildirilmişdir ki, aprel və may aylarında X13 adına “103” xidmətinə çağırış daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X41 “X32” X37 tərəfindən 25 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X41 tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, xx.xx.1952-ci il təvəllüdlü X22 xx.xx.2023-cü il tarixdə saat 12:36-da X30 müraciət etmişdir. Xəstə sağ qabırğa altı nahiyədə kəskin ağrılardan, dəri və skleranun kəskin saralmasından, bütün bədənin qaşınmasından, ağzında qumluqdan, sidiyin tünd, nəcisin ağ olmasından şikayət etmişdir. Xəstəyə laparatomiya, xolesistektomiya, xoledoktomiya, xoledoxun yuyulması, xoledoxoduodenal anastomoz qarın boşluğunun drenajı əməliyyatları icra olunmuşdur. Xəstə xx.xx.2023-cü il tarixində saat 13:00-da kafi vəziyyətdə evə yazılmışdır. Diaqnoz: Kalkulyoz xolesistit, xolextoxolitiar. Mexaniki sarılıq. xx.xx.1952-ci il təvəllüdlü X22 xx.xx.2023-cü il tarixdə saat 09:56- da X30 müraciət etmişdir. Xəstəyə yara sarğısı qoyulmuşdur (böyük). Diaqnoz: öd daşı xəstəliyi (Xolelitiaz) xx.xx.1952-ci il təvəllüdlü X22 xx.xx.2023-cü il tarixdə saat 09:39-da X30 müraciət etmişdir. Xəstəyə yara sarğısı qoyulmuşdur (böyük). Diaqnoz: Kron xəstəliyi (regional enterit) xx.xx.1952-ci il təvəllüdlü X22 xx.xx.2023-cü il tarixdə saat 10:21-də X30 müraciət etmişdir. Xəstəyə rentgenoskopiya müayinəsi olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X37 ölümündən sonrakı məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 845 saylı rəyi ilə təsdiq olunur ki, İ. Motivləşdirici hissə: Mülki iş materiallarının, təqdim olunmuş tibbi sənədlərin, verilmiş ifadələrin təhlilinə əsasən ehtimal etmək olar ki, sağlığında X2 HƏR HANSİ PSİXİ XƏSTƏLİK qeyd edilməmiş, psixiatrik tibbi müəssisələrdə qeydiyyata düşməmişdir, X2 “Mədəaltı vəz quyruğunun bədxassəli yenitörəməsi” diaqnozu qeyd olunsa da, həmin xəstəliyin onun psixi vəziyyətinə nə kimi təsir etdiyini müəyyən etmək mümkün deyildir. İİ. Yekun hissəsi: Mülki iş materiallarının tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı nəticəyə gəlir: X2 olan “C25.2 Mədəaltı vəzin xərçəngi, qaraciyərə çoxsaylı metastaz, “8M1, mərhələ İV Gx” xəstəliyi və həmin xəstəliklə əlaqədar qəbul etdiyi müalicə (“Gemcitabin 1600 mg 1 gün v/d, Oxaliplatin 140 mg 1 gün v/d, Gemcitabin 8 gün v/d, Antiemetik Zofran) onun öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına təsirini müəyyən etmək mümkün deyildir. X2 olan “C25.2 Mədəaltı vəzin xərçəngi, qaraciyərə çoxsaylı metastaz, CT2N0M1, mərhələ İV Gx” xəstəliyi və həmin xəstəliklə əlaqədar qəbul etdiyi müalicə (“Gemcitabin 1600 mg 1 gün v/d, Oxaliplatin 140 mg 1 gün v/d, Gemcitabin 8 gün v/d, Antiemetik Zofran) onun yaddaşına, insanları tanımaq, insanları və baş vermiş hadisələri xatırlamaq iqtidarına təsirini müəyyən etmək mümkün deyildir. X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən X11 yaşadığı ünvanda təsdiq edilmiş və reyestrdə 2V-61 nömrə ilə qeydə alınmış vəsiyyətnaməni verdiyi zaman öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olub-olmamasını müəyyən etmək mümkün deyildir. X3 xəstəliyi ilə bağlı fəsadların müəyyən edilməsi məhkəmə-tibbi ekspertizasının səlahiyyətlərinə aiddir. X2 hansı fəsadların yarandığını və həmin fəsadların öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına nə kimi təsir etdiyini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X37 təkrar ölümündən sonrakı məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2766 saylı rəyi ilə təsdiq olunur ki, mülki iş materiallarının, təqdim olunmuş tibbi sənədlərin və iddia ərizəsinin təhlili əsasında ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, qoyulmuş suallarda mərhum X1 aşkar edilmiş “Mədəaltı vəzin karsinoması, qaraciyərə çoxsaylı metastaz, İV mərhələ” diaqnozlu xəstəlik gedişatında ona təyin edilmiş dərman preparatlarının təsiri mexanizmləri, törədə biləcək fəsadlarla bağlı və bu kimi digər qoyulmuş sualların cavablandırılması ekspert psixiatrın səlahiyyətlərinə aid deyildir. Bu iş üzrə yaranmış vəziyyətdə, X11 ölümündən on gün əvvəl (xx.xx.2023-cü il), yəni xx.xx.2023-cü il tarixdə 51 saylı notariat ofisində tərtib edilmiş, verdiyi vəsiyyətnaməni imzaladığı zaman öz hərəkətlərini şüurlu dərk edib-etməməsini müəyyən etmək məqsədilə göstərilən ərəfədə Siyavuş Aslanovun psixi vəziyyətinin hansı vəziyyətdə olmasının şahid olmuş şəxslərin (yaxın qohumları və qonşularının) məhkəməyə dəvət edilərək mərhumun ölümündən əvvəlki son dövrlərdə onun psixi vəziyyəti barəsində rəsmi (sənədləşdirmə yolu ilə) məlumat toplanılaraq ekspertə təqdim edildiyi halda X11 vəziyyətnaməni imzaladığı zaman öz hərəkətlərinin mənasını dərk edərək vəsiyyətnamədə şüurlu şəkildə imza edib-etmədiyi barəsində qoyulmuş sual cavablandırıla bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 iddiaçının qonşusu olmaqla yanaşı, S.Abbasovu sağ olanda gördüyünü, lakin mərhumun onu tanımadığını bildirmişdir. Bununla yanaşı, S.Abbasovu sonuncu dəfə ölümündən üç ay əvvəl gördüyünü və onun özünü sərbəst şəkildə idarə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 iddiaçının qonşusu olmaqla yanaşı, S.Abbasovu çoxdan tanıdığını, xəstə olduğunu bildiyini, son vaxtlar S.Abbasovun çölə çıxmadığını, onu görəndə onu tanımadığını, hətta ona pul versə də, pulu ona nəyə görə verdiyini xatırlamadığını bildirmişdir. Bununla yanaşı, cavabdehi də çoxdan tanıdığını, mağazada müştərisi olduğunu, S.Abbasovla cavabdehin münasibətlərinin olduğunu bilmədiyini, ona pul lazım olanda S.Abbasovdan istədiyini və ya S.Abbasov mağazaya pul qoyaraq mağazaya ərzaq gələndə onun üçün almasını istədiyini, 2023-cü ilin mart-aprel aylarında mağazanı təhvil verdiyini, S.Abbasovun evində olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 iddiaçının qonşusu olmaqla yanaşı, Cavabdeh2 həmin ərazidə kirayədə yaşayan və Ramilin atasının baxıcısı kimi tanıdığını, Ramilin atası S.Abbasovu da bir neçə dəfə qızı ilə birlikdə xəstəxanaya apardığını bildirmişdir. S.Abbasov ölməmişdən 15 gün əvvəl komaya düşmüş, mərhum mədəsində olan xərçəng xəstəliyindən əziyyət çəkirmiş, mərhum son vaxtlar gəzməkdə çətinlik çəkmiş, danışanda isə gah özündə olmuş, gah da özünü, hərəkətlərini idarə edə bilməmişdir. Hətta vəfatından 1-2 gün əvvəl ondan dönər almasını xahiş etmiş və o, dönər alaraq onun yaşadığı evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 iddiaçının qonşusu olmaqla yanaşı, cavabdehin kirayədə qaldığını, əvvəllər onun anasına baxdığını, S.Abbasovla cavabdehin evli olub ona qulluq etdiyini bilmədiyini, S.Abbasovun ağır xəstə olduğunu, qızı Səidənin onu xəstəxanaya apardığını bildirmişdir. Bununla yanaşı, sədrlik edənin sualına cavab olaraq, S.Abbasovu ölümündən 25-30 gün əvvəl onlara getdiyini, onun halsız, uzanmış vəziyyətdə olduğunu gördüyünü, qızı Lalənin də orada olduğunu, S.Abbasovun əvvəllər onu tanıdığını, lakin sonuncu dəfə onu tanımadığını, cavabdehə anasına qulluq etdiyi üçün ödəniş etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin üçüncü hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsi müəyyən edir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildiriməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (Maddə 337.2) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Maddə 339.2) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Maddə 339.3) Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. (Maddə 346.2) Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. (Maddə 346.3) Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. (Maddə 346.4.) Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. (Maddə 347.1) Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (Maddə 347.2) 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Bununla yanaşı, qeyd edilməlidir ki, etibarsızlıq, özlüyündə əqdin etibarlılıq şərtlərinə bağlı bir anlayışdır. Etibarlılıq şərtləri, bir müqavilənin hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun məcburi hüquq qaydalarına zidd olmaması, müvafiq formada bağlanması, iradə ifadələrinin zədələnməmiş olması, müvafiq razılığın olması və s.). Odur ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Həmin Məcəllənin 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. Həmin Məcəllənin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər. Həmin Məcəllənin 1221-ci maddəsinə əsasən sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bununla yanaşı, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 60-cı bəndinə əsasən vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər. (Bənd 61) Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir. (Bənd 62) Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. (Bənd 63) Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. (Bənd 64) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN 02 aprel 2021-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər. Beləliklə, məhkəmədə bilavasitə tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 130821 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, 12-ci Dağlıq küçəsindəki 38 nömrəli yaşayış evi hazırki iş üzrə İddiaçı atası X11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 04 nömrəli reyestr kitabında xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan X22 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını – Cavabdeh2 vəsiyyət etmişdir. Hazırki iş üzrə cavabdehlə vəsiyyət edən şəxs arasında rəsmi ər-arvad münasibətləri olmamışdır. İddiaçı tərəf həmin vəsiyyətnamənin etibarsız olmasını vəsiyyət edən şəxsin, yəni hazırki iş üzrə iddiaçının atası olan X11 vəsiyyətnamə verilərkən yataq xəstəsi olması, özünü yaxşı dərk etməməsi, xəstəliyin verdiyi digər fəsadlardan notariusun xəbərsiz olması, həmçinin notarius tərəfindən vəsiyyətnamə təsdiq edilərkən şahidlər qismində iştirak edən şəxslərin, yəni X14 və X7 vəsiyyət olunan Cavabdeh2 maraqlarına xidmət edən şəxslər olması, X14 vəsiyyət olunan Cavabdeh2 doğma bacısı oğlu, X7 isə X26 ilə yaxın dostluq münasibətlərində olmasının notarius tərəfindən nəzərə alınmaması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən vəsiyyət edən şəxsin xəstəliyinin onun öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına, yaddaşına, insanları tanımaq və baş vermiş hadisələri xatırlamaq iqtidarına təsir edə bilməsinin müəyyənləşdirilməsi məqsədilə 20 fevral 2024-cü il tarixli qərardadla hazırki iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X37 ölümündən sonrakı məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 845 saylı rəyi ilə təsdiq olunmuşdur ki, sağlığında X2 hər hansı psixi xəstəlik qeyd edilməmiş, o, psixiatrik tibbi müəssisələrdə qeydiyyata düşməmiş, X2 “Mədəaltı vəz quyruğunun bədxassəli yenitörəməsi” diaqnozu qeyd olunsa da, həmin xəstəliyin onun psixi vəziyyətinə nə kimi təsir etdiyini, onun öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına təsirini müəyyən etmək mümkün olmamışdır. Rəydə qeyd edilmişdir ki, X2 olan xəstəliklərin və həmin xəstəliklə əlaqədar qəbul etdiyi müalicənin onun yaddaşına, insanları tanımaq, insanları və baş vermiş hadisələri xatırlamaq iqtidarına təsirini müəyyən etmək mümkün deyildir. Ekspert belə qənaətə gəlmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən X11 yaşadığı ünvanda təsdiq edilmiş və reyestrdə 2V-61 nömrə ilə qeydə alınmış vəsiyyətnaməni verdiyi zaman öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olub-olmamasını müəyyən etmək mümkün deyildir. Həmçinin rəydə qeyd edilmişdir ki, X3 xəstəliyi ilə bağlı fəsadların müəyyən edilməsi məhkəmə-tibbi ekspertizasının səlahiyyətlərinə aiddir. X2 hansı fəsadların yarandığını və həmin fəsadların öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına nə kimi təsir etdiyini müəyyən etmək mümkün deyildir. Bundan sonra məhkəmə tərəfindən mülki iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X37 təkrar ölümündən sonrakı məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2766 saylı rəyi ilə təsdiq olunur ki, mülki iş materiallarının, təqdim olunmuş tibbi sənədlərin və iddia ərizəsinin təhlili əsasında ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, qoyulmuş suallarda mərhum X1 aşkar edilmiş “Mədəaltı vəzin karsinoması, qaraciyərə çoxsaylı metastaz, İV mərhələ” diaqnozlu xəstəlik gedişatında ona təyin edilmiş dərman preparatlarının təsiri mexanizmləri, törədə biləcək fəsadlarla bağlı və bu kimi digər qoyulmuş sualların cavablandırılması ekspert psixiatrın səlahiyyətlərinə aid deyildir. Bu iş üzrə yaranmış vəziyyətdə, X11 ölümündən on gün əvvəl (xx.xx.2023-cü il), yəni xx.xx.2023-cü il tarixdə 51 saylı notariat ofisində tərtib edilmiş, verdiyi vəsiyyətnaməni imzaladığı zaman öz hərəkətlərini şüurlu dərk edib-etməməsini müəyyən etmək məqsədilə göstərilən ərəfədə Siyavuş Aslanovun psixi vəziyyətinin hansı vəziyyətdə olmasının şahid olmuş şəxslərin (yaxın qohumları və qonşularının) məhkəməyə dəvət edilərək mərhumun ölümündən əvvəlki son dövrlərdə onun psixi vəziyyəti barəsində rəsmi (sənədləşdirmə yolu ilə) məlumat toplanılaraq ekspertə təqdim edildiyi halda X11 vəziyyətnaməni imzaladığı zaman öz hərəkətlərinin mənasını dərk edərək vəsiyyətnamədə şüurlu şəkildə imza edib-etmədiyi barəsində qoyulmuş sual cavablandırıla bilər. Məhz bu səbəbdən məhkəmə tərəfindən X11 ölümündən on gün əvvəl (xx.xx.2023-cü il), yəni xx.xx.2023-cü il tarixdə 51 saylı notariat ofisində tərtib edilmiş, verdiyi vəsiyyətnaməni imzaladığı zaman öz hərəkətlərini şüurlu dərk edib-etməməsini müəyyən etmək məqsədilə göstərilən ərəfədə Siyavuş Aslanovun psixi vəziyyətinin hansı vəziyyətdə olmasının şahid olmuş şəxslərin (yaxın qohumları və qonşularının) məhkəməyə dəvət edilməsi məsələsi tərəflərlə müzakirə edilmiş, məhkəmə iclasında şahidlər dindirilmiş, şahidlərin ifadələri ilə mərhumun ölümündən əvvəlki son dövrlərdə onun psixi vəziyyətini müəyyən etmək mümkün olmamış, şahidlərin ifadələrinin təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi üçün ekspert tərəfindən təqdim edilməsi tələb edilən məlumatların əldə edilməsi üçün kifayət etmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirilən vəsiyyətnamə tərtib edilərkən iştirak edən şahidlərin məhkəmə iclasında dindirilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilsə də, həmin şəxslərin əvvəllər məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmələri onların şahid qismində dindirilmə imkanlarını istina etmişdir. Digər tərəfdən iddiaçı tərəfin digər dəlilinə münasibətdə, yəni vəsiyyətnamə notarius tərəfindən təsdiq edilərkən hazırki iş üzrə cavabdehin qohumunun və onun dostunun şahid qismində iştirak etməsinə münasibətdə məhkəmə qeyd etməyi zərəri hesab edir ki, notarius tərəfindən həmin vəsiyyətnamə təsdiq edilərkən mülki qanunvericiliyin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə riayət edilmiş, vəsiyyətnamə təsdiq edilərkən qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və işdə olan sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı X14, X7, X4 və X6 da üçüncü şəxs qismində cəlb olunduqları “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası sübutlarla təsdiq edilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı X14, X7, X4 və X6 da üçüncü şəxs qismində cəlb olunduqları “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar