Məhkəmə qərarları › İş №e-2(001)-151/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-151/2024

29.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-151/2024 29.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin cavabdeh X13 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istisamarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 121.2-ci km-də, 39 T 0401645; ******* saylı koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla, kəmərdən təqribən 48 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi Ordubadi küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; 2. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istisamrında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 121.2-ci kmdə, 39 T 0401645; ******* saylı koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla, kəmərdən təqribən 48 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi Ordubadi küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddiasını müdafiə etmişdir. Əlavə olaraq bildirmişdir ki, iş üzrə təqdim edilmiş rəylə tam razıdırlar. Cavabdehə noyabr ayından xəbərdarlıqlar edilmişdir. Onda olan məlumata görə cavabdeh həmin ünvanda yaşamır.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iş materiallarında olan fotoşəkildəki ev ona məxsusdur. Oktyabr ayından evin bünövrəsi qoyulub və tikinti işləri başlanıb. O tikintiyə başlayanda iddiaçının təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən ona hər hansı bir xəbərdalıq edilməmişdir. Noyabr ayında onun evinin 7 kv.m-lik hissəsini gecə ilə sökmüşlər. Amma sökənin kim olduğunu müəyyən etmək mümkün olmadı. Ondan sonra yenidən evin divarını bərpa etmişdir. Tikintisinin neft kəmərinin mühafizə zonasına düşdüyünü bilsəydi, evin bünövrəsini biraz qabağa çəkə bilərdi. Çünki evin qabağında onun kifayət qədər, təxminən 30 metr məsafəsi var. Hazırda onun evinin sadəcə arxa hissəsindən 1.48 metr hissəsi neft kəmərinin mühafizə zonasına düşür.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti İİ dərəcəli ədliyyə qulluqçusu X11 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında göstərir: icraatınızda olan 2(001)-1384/2023 saylı iş ilə bağlı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3512 nömrəli ekspert rəy ilə bağlı qeyd olunur ki, tədqiqat obyektinə baxış keçirilən zaman cavabdeh evdə olmadığına görə, ölçmə işləri hasarın xaricindən aparılmışdır. Aparılmış ölçü işləri nəticəsində tikilinin və hasarın arxa tərəfindən 2 metr hissəsinin neft kəmərinin mühafizə zolağına düşdüyü müəyyən olumuşdur. Həmçinin qeyd olunur ki, rəyin tədqiqat hissəsində olan fotoşəkildə təqdim olunan hasarın və tikilinin ön hissədən fotoşəkili əks olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəis X1, mühafizəçilər X2 və X6 iştirakı ilə tərtib edilən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 2 saylı qarovulun 1-ci iş növbəsində saat 13:40-da 13-14 saylı qarovulun postların ərazisində (Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ordubadi küçəsi) Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 121.2-ci km-də, 39T 0401645; ******* saylı koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla, kəmərdən təqibən 48 metr aralı məsafədə naməlum şəxsə aid olduğu iddia edilən boş ərazidə 10 metr uzunluğunda, 10 metr enində, 2.2 metr hündürlüyündə yeni ev üçün nəzərdə tutulmuş hörgü işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu orada işləyən işçilərə izah edilərək, mühafizə ərazisinə düşən hissədə tikinti işlərinin aparılması dayandırılaraq, ərazi üzrə icra nümayəndəsi olan Orxan adlı şəxsə məlumat verildi.

7. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəis X3, mühafizəçilər X7 və X4 iştirakı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 8 saylı qarovulun 2-ci iş növbəsində saat 03:45-də 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ordubadi küçəsi) Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 121.2-ci km-də, 39T 0401645; ******* saylı koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla, kəmərdən təqibən 48 metr aralı məsafədə naməlum şəxsə aid olduğu iddia edilən boş ərazidə 10 metr uzunluğunda, 10 metr enində, 2.2 metr hündürlüyündə yeni ev üçün nəzərdə tutulmuş hörgü işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu nəzərə alınaraq, tikilinin mühafizə zonasına düşən hissəsi qismən sökülmüşdür.

8. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəisi X14, mühafizəçilər X8 və X10 iştirakı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 6 saylı qarovulun 1-ci iş növbəsində saat 16:40-da 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ordubadi küçəsi) Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 121.2-ci km-də, 39T 0401645; ******* saylı koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla, kəmərdən təqibən 48 metr aralı məsafədə naməlum şəxsə aid olduğu iddia edilən boş ərazidə 10 metr uzunluğunda, 10 metr enində, 2.2 metr hündürlüyündə yeni ev üçün nəzərdə tutulmuş hörgü işlərinin keçirilən tədbir zamanı mühafizə hissəsinə düşən tərəfinin qismən sökülmüş hissəsinin bərpa edilməsi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu həmin şəxs orada olmadığından, orada işləyən işçilərə izah edilərək, görülən işlərin dayandırılması və sökülməsi tələb edilmiş, lakin onlar xəbərdalığa məhəl qoymaraq, sökməkdən imtina etmişlər. Faktla bağlı DİN-nin 102 xidmətinə saat 15:52-də eləcə də, ərazi üzrə icra nümayəndəsi Dəyanət adlı şəxsə saat 15:56-da məlumat verilmişdir. Saat 16:30-da Binəqədi rayon 4-cü Polis Bölməsinin sahə müvəkkili sözügedən ünvana gələrək, görülən işi dayandıraraq, işçiləri ərazidən uzaqlaşdırmışdır.

9. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəisi X3, mühafizəçilər X4 və X9 iştirakı ilə tərtib edilən xx.xx.2022-cü il tarixli aktdan görünür ki, 8 saylı qarovulun 1-ci iş növbəsində İdarə rəisinin (Tİ-nin) müşaviri Səbuhi Şəldiyev, OİŞ-nin mühəndisi Pərviz Quliyev və komanda rəisi ilə birlikdə saat 12:45-də 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ordubadi küçəsi) Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 121.2-ci km-də, 39T 0401645; ******* saylı koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla, kəmərdən təqibən 48 metr aralı məsafədə X12 aid olduğu iddia edilən boş ərazidə 10 metr uzunluğunda, 10 metr enində, 2.2 metr hündürlüyündə yeni ev üçün nəzərdə tutulmuş hörgü işlərinin keçirilən tədbir zamanı mühafizə hissəsinə düşən tərəfinin qismən sökülmüş hissəsinin bərpa edilməsi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu həmin şəxsə təkrar izah edilərək, görülən işlərin dayandırılması və sökülməsi tələb edilmiş, lakin xəbərdalığa məhəl qoymaraq, sökməkdən imtina etmişdir. Faktla bağlı DİNnin 102 xidmətinə və ərazi üzrə icra nümayəndəsi Dəyanət adlı şəxsə məlumat verilmişdir. Saat Lakin hər iki qurumun nümayəndələri sözügedən ünvana gəlməmişlər.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 10/3512 saylı ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində olan fərdi yaşayış evinin və hasarın neft kəmərindən 48 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin və hasarının 2 metr hissəsinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağı daxilimə düşdüyü müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır.

11. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. Cavabdehə məxsus olan və neft kəmərinin mühafizə zolağı daxilində yerləşdiyi iddia edilən tikili iddiaçının nümayəndələri tərəfindən aşkar edilmişdir. Tikilinin cavabdehin faktiki sahibliyində olması iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş aktla, cavabdehin özünün izahatı ilə təsdiq edilir.

13. İddiaçı cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edildiyi və müvafiq icazələr alınmadan neft kəmərinin mühafizə zonasında tikinti işlərinin aparıldığını iddia edir və həmin tikilinin (fərdi yaşayış evinin və hasarın) cavabdehin hesabına sökülərək, ərazidən çıxarılmasını xahiş edir.

14. Tikilinin neft kəmərinin mühafizə zolağında yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza keçirilmiş, xx.xx.2023-cü il tarixli, 10/3512 saylı ekspert rəyində cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində olan fərdi yaşayış evinin və hasarın neft kəmərindən 48 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin və hasarının 2 metr hissəsinin neft kəmərinin mühafizə zonasına düşdüyü qeyd edilmişdir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspert məhkəmə iclasına dəvət olunmuş, ekspert məhkəməyə təqdim etdiyi izahatında tikilinin və hasarın arxa tərəfindən 2 metr hissəsinin neft kəmərinin mühafizə zolağına düşdüyünun müəyyən olunduğunu qeyd etmişdir.

15. Beləliklə, mübahisələndirilən tikili və hasarın yalnızca arxa tərəfdən 2 metr hissəsinin neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi)qanunla qadağ an olunur.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğul arın sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndində qeyd olunmuşdur ki, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır

21. a) hər hansı tikinti və quraşdırma işləri;

22. b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması;

23. c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;

24. d) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması;

25. e) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri;

26. f) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri.

27. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1.-ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi- Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. 1.2. İxrac neft boru kəmərləri (bundan sonra - İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır.1.3. Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. 4.1.İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:1)İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: 1)bina və qurğuların tikintisi. 6.2. "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir.

29. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, sökülməsi tələb olunan fərdi yaşayış evi və hasar bütünlükdə yox, sadəcə olaraq arxa tərəfdən 2 metr həddində olan hissəsi həqiqətən Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 121.2-ci km-də, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla kəmərin mühafizə zonası daxilində yerləşməsi müvafiq ekspertiza rəyi ilə öz təsdiqini tapır.

30. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlir ki, SOCAR-ın İddiaçı istisamarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 121.2-ci km-də, 39 T 0401645; ******* saylı koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla, kəmərdən təqribən 48 metr aralı məsafədə Binəqədi rayonu, Binəqədi qəsəbəsi Ordubadi küçəsi ünvanında, yəni kəmərin mühafizə zonasında tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla cavabdeh tərəfindən özbaşına aparıldığından, bu tikililər (fərdi yaşayış evi və hasar) neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından iddia ərizəsi qismən əsaslıdır.

31. Belə ki, mübahisələndirilən fərdi yaşayış evi və hasarı sadəcə arxa tərəfindən 2 metrlik hissəsinin neft kəmərinin mühafizə zonasına düşdüyü ekspert tərəfindən aşkar edilmişdir. Halbuki, iddiaçı fərdi yaşayış evi və hasarın bütünlükdə sökülərək, ərazidən çıxarılmasını xahiş edir. Odur ki, cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasına düşən hissəsi cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mmlik yerüstü neft kəmərinin 121.2-ci km-də, 39 T 0401645; ******* saylı koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla, kəmərdən təqribən 48 metr aralı məsafədə, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Ordubadi küçəsi ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi və hasar tikilisinin arxa tərəfindən kəmərin 50 metrlik mühafizə zolağına düşən hissəsi (təqribən 2 m) cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

34. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 121.2-ci km-də, 39 T 0401645; ******* saylı koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar uzaqlaşmaqla, kəmərdən təqribən 48 metr aralı məsafədə yerləşən, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ordubadi küçəsi ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin və hasar tikilisinin arxa tərəfindən kəmərin 50 metrlik mühafizə zolağına düşən hissəsi (təqribən 2 m) cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar