Məhkəmə qərarları › İş №e-2(001)-1626/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1626/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1626/2024 08.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 1997-ci ildən Türkiyənin İstanbul şəhərində yaşayır, Azərbaycan Respublikası vətəndaşı olsa da Türkiyədə daimi yaşamaq hüququ vardır. O, artıq uzun müddətdir ki, İstanbul şəhərində ayaqqabı satışı ilə məşğul olan mağazada işləyir. 2019-cu ilin əvvələrində əvvəllər tanımadığı, hazırki iş üzrə Cavabdeh onun İstanbul şəhərində işlədiyi mağazaya gəlmiş, özünü onun həmyerlisi kimi təqdim edərək ilk vaxtlardan isti münasibət yaratmış, ayaqqabı satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra isə Cavabdeh həmyerli olmalarını bildirərək ona nisyə mal verilməsini xahiş etmişdir. O, bir neçə dəfə ona yox cavabı versə də, cavabdehin çoxsaylı təkidlərindən sonra həmçinin də həmyerli olmalarını nəzərə alaraq ona nisyə mal verilməsinə razılaşmışdır. Bundan sonra malların nisyə verilməsi və verilmiş malların dəyərinin mal verilən gündən sonrakı 3 ay içərisində tam şəkildə ödənilməsi barədə razılığa gəlmişlər. Beləliklə də 2019 - 2021-ci illər ərzində cavabdehə ümumilikdə 100000 ABŞ dolları dəyərində nisyə ayaqqabı verilmiş və cavabdeh həmin malları qəbul edərək satmışdır. Buna baxmayaraq cavabdeh götürdüyü malların dəyərini tam ödəməmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixində 300 ABŞ dolları göndərmiş və 2021-ci ildə götürdüyü mallara görə 30000 ABŞ dolları borcu qalmışdır. O, cavabdehdən dəfələrlə həmin borc məbləğinin ödənilməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Daha sonra isə 2023-cü ilin avqust ayında Cavabdeh yenidən ona müraciət edərək borcundan müəyyən məbləğdə ödəniş etməklə ona yenə də nisyə mal verilməsini xahiş etmiş, həmin malları sataraq həm əvvəlki borcunu, həm də yeni götürdüyü malların dəyərini ödəyəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh əvvəlki borcundan 1600 ABŞ dolları ödəniş etmiş və tərəfindən cavabdehə 2023-cü ilin avqustsentyabr ayları ərzində cəmi 25024 ABŞ dolları dəyərində yeni mal verilmişdir. Lakin yenə də Cavabdeh borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmış, həmin tarixdən bugünədək borcundan heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, hazırda Cavabdeh ona 53424 ABŞ dolları məbləğində borcu qalmışdır. Borc məbləği ilə bağlı tərəflər arasında çoxsaylı whatsapp səs və mətn yazışmaları, Cavabdeh xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində öz xətti ilə yazdığı etirafedici sənədlər, təhvil-təslim sənədi mövcuddur. Bunlardan əlavə malların cavabdehə verilməsində iddiaçı ilə birgə çalışan X1 da iştirak etmişdir və zərurət yaranarsa o, da şahid qismində dindirilə bilər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 53424 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 363 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 51024 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 363 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Nümayəndə eyni zamanda izahatında 25000 ABŞ dolları məbləğində malın hazırda mövcud olduğunu, satıldıqca mütəmadi olaraq cavabdeh tərəfindən ödənişlərin olmasını, bununla yanaşı mallarda olan qüsurlara görə tərəflər arasında müəyyən güzəştlərin şərtləşdirilməsi barədə razılığın əldə olunmasını da bildirmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin və eyni zamanda vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 03 noyabr 2023-cü il tarixli əlyazmadan görünür ki, həmin tarixdə Cavabdeh tərəfindən yazılmış əlyazmada o, 2023-cü ilin avqust-sentyabr ayında İddiaçı aldığı malların borcunu - 25024 ABŞ dollarını ödəyəcəyi barədə söz verdiyini qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan “Whatsapp” yazışmalarından görünür ki, İddiaçı Mutuzəli oğlu Cavabdeh məxsus və ya istifadəsində olan “Whatsapp” mesajlaşma mübadilə sistemində +**********3 mobil nömrə vasitəsilə əlaqə saxlamış və ondan 53400 ABŞ dolları borcunu tələb etmişdir. İş materiallarında olan CD diskdən məlum olur ki, Cavabdeh hazırki iş üzrə İddiaçı borcunun olmasını etiraf etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, həmin qəbzdə Cavabdeh 2019-2021-ci illər arasında çalışdığı İddiaçı aldığı mallardan aralarında qalan 30000 ABŞ dolları borcu olduğunu qəbul etdiyini və ödəyəcəyinə söz verdiyini qeyd etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, iş üzrə cavabdeh qismində o, yəni Cavabdeh İddiaçı iddia tələblərinə etiraz etmişdir. Belə ki, iddiaçı ərizəsində onun 1997-ci ildən yaşadığı İstanbul şəhərində ayaqqabı satışı ilə məşğul olan mağazada işlədiyini, 2019-cu ilin əvvələrində onun İstanbul şəhərində işlədiyi həmin mağazaya getdiyini, özünü onun həmyerlisi kimi təqdim edərək ilk vaxtlardan isti münasibət yaratdığını, ayaqqabı satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra bir həmyerli kimi ondan nisyə mal istədiyini, həmyerli olduqlarına görə onun nisyə mal verilməsinə razılaşdığını, bundan sonra tərəflər malların nisyə verilməsi və verilmiş malların dəyərinin mal verilən gündən sonrakı 3 ay içərisində tam şəkildə ödənilməsi barədə razılığa gəlmişlər. Beləliklə də 2019 - 2021-ci illər ərzində iddiaçı tərəfindən ona ümumilikdə 100000 ABŞ dolları dəyərində nisyə ayaqqabı verilmiş və o, həmin malları qəbul edərək satmışdır. Buna baxmayaraq o, götürdüyü malların dəyərini tam ödəməmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixində 300 ABŞ dolları göndərmiş və 2021-ci ildə götürdüyü mallara görə 30000 ABŞ dolları borcu qalmışdır. İddiaçı ondan dəfələrlə həmin borc məbləğinin ödənilməsini tələb etsə də o, hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Daha sonra isə 2023-cü ilin avqust ayında Cavabdeh yenidən iddiaçıya müraciət edərək borcundan müəyyən məbləğdə ödəniş etməklə ona yenə də nisyə mal verilməsini xahiş etmiş, həmin malları satıb həm əvvəlki borcunu, həm də yeni götürdüyü malların dəyərini ödəyəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh əvvəlki borcundan 1600 ABŞ dolları ödəniş etmiş və iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin avqust-sentyabr ayları ərzində cəmi 25024 ABŞ dolları dəyərində yeni mal verilmişdir. Lakin yenə də o, borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmış, həmin tarixdən bugünədək borcundan heç bir ödəniş etməmişdir. Bu səbəbdən də hazırda onun İddiaçı 53424 ABŞ dolları məbləğində borcu qalmışdır. İlk olaraq məhkəmənin nəzərinə çatdırmışdır ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində ayaqqabı alveri ilə məşğuldur. Satdığı malları da Türkiyə Respublikasından alıb Moskvaya apararaq orada pərakəndə qaydada satmışdır. Onunla İddiaçı arasında onun bildirdiyi kimi 100.000 ABŞ dolları deyil, ümumilikdə bu günə kimi 300.000 ABŞ dollarından artıq dövriyyə olub. Onlar bir neçə ildir ki, alver edirlər və aralarında bu müddətə söykənən etibar vardır. O, dəfələrlə ondan istər nisyə, istərsə də nağd qaydada mal alıb satmışdır. Qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının ona göndərdiyi sonuncu partiya mal onun dediyi kimi 2023-cü ilin avqust-sentyabr aylarına təsadüf edir. Həmin cəmi 25024 ABŞ dolları məbləğində olan mal bu günə kimi satılmamışdır. Moskva şəhərindəki mağazanın anbarında və vitrindədir. Əgər iddiaçı mallarını geri götürmək istəyirsə buyursun gəlsin aparsın. Qaldı ki, 2021-ci ildə ona yaranmış 30.000 ABŞ dolları məbləğində borcu - bu məbləğin yaranma səbəbi pandemiya dövründə alverin getməməsi, malların bir qisminin qüsurlu olması və digər ondan asılı olmayan vəziyyətə görə 42.000 ABŞ dolları olan malın 12.000 ABŞ dollarına satması olmuşdur. Bunu isə mal sahibi İddiaçı özü ilə məsləhətləşib dəyər-dəyməzinə satmışdır ki, o, arada qalan 30.000 ABŞ dollarının əvəzinə ondan 15.000 dollar tələb edəcək, yerdə qalan 15.000 ABŞ dolları olan malın dəyərini isə yeni alacağı ayaqqabılarda iri məbləğlərdə edəcəyi güzəşt endirimlərlə onun üçün qazanaraq bərpa olunmasına şərait yaradacaqdır. Lakin iddiaçı bu vədinə əməl etməmişdir. Göstərilənlərə əsasən verilmiş iddiaya qarşı etirazın qəbul edilməsini, etirazda bəyan etdikləri niyyətlərinin nəzərə alınaraq, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış 07 may 2024-cü il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş materialdan görünür ki, vətəndaş İddiaçı müraciəti ilə əlaqədar 6-cı Polis Bölməsi tərəfindən araşdırma aparılmış, faktın araşdırılması zamanı cinayət tərkibinin aşkar edilməməsi, lakin faktın mülki xarakterli olması bildirilmişdir. Eyni zamanda hazırki iş üzrə Cavabdeh izahatı alınmış, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçılə 2017-ci ildən tanışdır, aralarında bir çox alqı-satqı olmuşdur. Aralarında yaranmış borc Elminin ona vermiş olduğu malların satılması ilə bağlı olmuşdur və Elmin ona söz vermişdir ki, malları ucuz satsın, yenidən ona mal verilsin. O, həmin malları ucuz satmış, lakin Elmin tərəfindən ona güzəşt edilməmişdir. Onun Elminə olan mal borcunun bir hissəsi Moskva şəhərində anbarındadır. Ondan mal borcunu istəyirsə anbarında olan malları qaytarmağa və ya satıldıqca hissə-hissə borcun verilməsinə razıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mülki işin materialları, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatları, cavabdeh tərəfindən yazılmış, lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin xətti və imzası olan əlyazma ilə təsdiq edilir ki, tərəflər arasında ayaqqabı satışı ilə bağlı razılaşmalar olmuş, cavabdeh tərəfindən iddiaçıdan 2021-ci ildə götürülmüş mallara görə 30000 ABŞ dolları məbləğində borc qalmış, daha sonra isə 2023-cü ilin avqust ayında Cavabdeh tərəfindən yenidən iddiaçıya müraciət edilərək borcundan müəyyən məbləğdə ödəniş etməklə ona yenə də nisyə mal verilməsi xahiş edilmiş, həmin malları sataraq həm əvvəlki borcunu, həm də yeni götürdüyü malların dəyərini ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra Cavabdeh əvvəlki borcundan 1600 ABŞ dolları ödəniş etmiş və iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin avqust-sentyabr ayları ərzində cəmi 25024 ABŞ dolları dəyərində yeni mal verilsə də, hazırki günədək cavabdeh tərəfindən ümumilikdə 51024 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmamışdır. Cavabdeh tərəfindən verilmiş etirazda 30.000 ABŞ dolları məbləğində borcun yaranma səbəbi kimi pandemiya dövründə alverin olmaması, malların bir qisminin qüsurlu olması və digər ondan asılı olmayan vəziyyətə görə 42.000 ABŞ dolları olan malın 12.000 ABŞ dollarına satılması, bununla bağlı tərəflər arasında şifahi razılaşmanın olması əsas gətirilsə də, həmin xüsusatlarla bağlı mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Cavabdeh 51024 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 51024 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti və ödənilmiş 363 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar