Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1655/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında 24 iyul 2019-cu il tarixdə, ECK5775390 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 2836 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizor alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı müqavilə üzrə 150 manat ilkin ödəniş olmaqla, qalan 2686 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 17 ay müddətinə, aylıq 158 manat olmaqla, hər ayın 23-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, alıcı ödənişləri gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 1390 manat əsas, 416 manat dəbbə pulu olmaqla, 1806 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5775390 nömrəli 24 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbədarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh ECK5775390 nömrəli 24 iyul 2019-cu il tarixli müqavilə üzrə 1390 manat əsas, 416 manat dəbbə pulu və ödənilmiş 39 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1845 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və ya məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddia ərizəsini müdafiə etməklə yanaşı, bütün məhkəmə hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməklə yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 24 iyul 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 1 ədəd “Samsung” markalı televizor satılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 24 iyul 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1390 manat əsas, 416 manat dəbbə pulu və 39 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1845 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 5 təqvim günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə öz təsdiqini tapdığından, cavabdehdən ******* nömrəli 24 iyul 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə 1390 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 24 iyul 2019-cu il tarixli müqavilə üzrə hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği hesablanmış məbləğin 10%-dək azaldılaraq, cavabdehdən 24 iyul 2019-cu il tarixli müqavilə üzrə 42 manat məbləğində dəbbə (cərimə) tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 24 iyul 2019-cu il tarixli müqavilə üzrə 1390 manat əsas, 42 manat cərimə borcu olmaqla, cəmi 1432 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh ******* nömrəli, 24 iyul 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən 1390 manat əsas borc, 42 manat cərimə borcu olmaqla, ümumilikdə 1432 (bir min dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunun 79%-i, yəni 31 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 21%-i, yəni 8 manat iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-1655/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1655/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver