Məhkəmə qərarları › İş №e-2(001)-1698/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1698/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1698/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 25 iyul 2019-cu il tarixli, ECK5775410 nömrəli müqaviləyə əsasən 881 manat əsas, 264 manat dəbbə pulu və 25 iyul 2019-cu il tarixli, ECK5775411 nömrəli müqavilə üzrə 361 manat əsas, 108 manat dəbbə pulu və 37 manat dövlət rüsumu olmaqla, cəmi 1651 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 25 iyul 2019-cu il tarixində, ECK5775410 nömrəli və ECK5775411 nömrəli müqavilələr bağlanmışdır. ECK5775410 nömrəli müqaviləyə əsasən, dəyəri 1708 manat olan 1 ədəd «LG» markalı kondisioner və 1 ədəd «Lacor» markalı qəhvədanı alıcıya hissə-hissə satmaq öhdəliyini iddiaçı öz üzərinə götürmüşdür. ECK5775411 nömrəli müqavilə üzrə 984 manat dəyəri olan 1 ədəd «Samsung Galaxy A50» markalı telefonu alıcıya hissə-hissə satmaq öhdəliyini iddiaçı öz üzərinə götürmüşdür. Alıcı ECK5775410 nömrəli müqavilə üzrə 100 manat ilkin ödəniş olmaqla, qalan 1608 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 67 manat olmaqla, hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüş, ECK5775411 nömrəli müqavilə üzrə ilkin ödəniş 30 manat olmaqla, qalan 954 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, hər ay 53 manat ödəmək şərti ilə hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, alıcı ödənişləri gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. Alıcı tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş və nəticədə onun ECK5775410 nömrəli müqavilə üzrə 881 manat əsas borc, 264 manat dəbbə pulu olmaqla, 1145 manat borcu, ECK5775411 nömrəli müqavilə üzrə 361 manat əsas, 108 manat dəbbə pulu olmaqla, 469 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5775410 nömrəli, 25 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş və ECK5775411 nömrəli, 25 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbədarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 25 iyul 2019-cu il tarixdə bağlanmış ECK5775410 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 100 manat olmaqla, 24 ay müddətinə, hər ay 67 manat ödəmək şərti ilə, dəyəri 1708 manat olan «LG» markalı kondisioner və 1 ədəd «Lacor» markalı qəhvədan satmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, alıcı ödənişləri gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. İş materiallarına əlavə edilmiş 25 iyul 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən 1 ədəd «LG» markalı kondisioner və 1 ədəd «Lacor» markalı qəhvədan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 25 iyul 2019-cu il tarixdə bağlanmış ECK5775411 nömrəli nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 30 manat olmaqla, 18 ay müddətinə, hər ay 53 manat ödəmək şərti ilə, dəyəri 984 manat olan «Samsung Galaxy A50» markalı telefon satmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, alıcı ödənişləri gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. İş materiallarına əlavə edilmiş 25 iyul 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən 1 ədəd «Samsung Galaxy A50» markalı telefonu Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 25 iyul 2019-cu il tarixli, ECK5775410 nömrəli müqavilə üzrə İddiaçı 881 manat əsas borc, 264 manat dəbbə pulu, 25 iyul 2019-cu il tarixli, ECK5775411 nömrəli müqavilə üzrə 361 manat əsas, 108 manat dəbbə pulu və 37 manat dövlət rüsumu olmaqla, cəmi 1651 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı 25 iyul 2019-cu il tarixli, ECK5775410 nömrəli və ECK5775411 nömrəli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 361-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmuu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış 25 iyul 2019-cu il tarixli müqavilələr üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, cavabdehdən 25 iyul 2019-cu il tarixli, ECK5775410 nömrəli müqaviləyə əsasən 881 manat əsas və 25 iyul 2019-cu il tarixli, ECK5775411 nömrəli müqavilə üzrə 361 manat əsas borcun tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Digər tərəfdən, iddiaçı 25 iyul 2019-cu il tarixli, ECK5775410 nömrəli müqavilənin şərtlərinə əsasən 264 manat, 25 iyul 2019-cu il tarixli, ECK5775411 nömrəli müqavilənin şərtlərinə əsasən 108 manat məbləğində dəbbə pulu tələb etmişdir. Hesab edirəm ki, 881 manat əsas borc üzrə 264 manat məbləğində, 361 manat əsas borc üzrə isə 108 manat dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 264 manat məbləğində hesablanmış dəbbə pulunun 88 manat, 108 manat hesablanmış dəbbə pulunun isə 36 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia qismən təmin edildiyindən, ödənilmiş 37 manat dövlət rüsumunun 33,66 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalanı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh 25 iyul 2019-cu il tarixli, ECK5775410 nömrəli müqavilə üzrə 881 (səkkiz yüz səksən bir) manat məbləğində əsas borc, 88 (səksən səkkiz) manat məbləğində dəbbə pulu və 25 iyul 2019-cu il tarixli, ECK5775411 nömrəli müqavilə üzrə 361 (üç yüz altmış bir) manat məbləğində əsas borc, 36 (otuz altı) manat məbləğində dəbbə pulu və 33,66 (otuz üç manat 66 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1399,66 (bir min üç yüz doxsan doqquz manat 66 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar