Məhkəmə qərarları › İş №e-2(001)-1799/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1799/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1799/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Az Sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında 250 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 280 manat tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Az Sığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında 250 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 280 manat tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2020-ci il tarixli PAZ********** №-li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi üzrə Az Sığorta ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Mazda Familia minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski prospektində **-PR-*** dövlət qeydiyyat nişanlı Ravon Nexia R3 markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2021-ci il tarixli protokol, Azərbaycan Respublikası İXM-nin 332.1-cı və 327.6-cı maddəsi ilə TP ******* nömrəli qərar tərtib olunmuşdur. Az Sığorta ASC tərəfindən Ravon Nexia R3 markalı **- PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 250 manat ödəniş edilmişdir. Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bununla da sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Ona görə də, Cavabdeh maddi ziyanla bağlı 250 manatın, dövlət rüsumuna görə 30 manatın iddiaçı Az Sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.3.icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair xx.xx.2020-ci il tarixli PAZ********** №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, sığortalı X1 məxsus Mazda Familia minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili Az Sığorta ASC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün icbari sığorta növündə sığortalanmışdır. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında çıxarışdan müəyyən olunur ki, Mazda Familia minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil Az Sığorta ASC-də xx.xx.2020-ci il tarixli PAZ********** №-li müqavilə ilə sığortalanmışdır. Müstəqil ekspert E.Allahverdiyev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktından müəyyən olunur ki, Azərmaş MMC-yə məxsus Ravon Nexia R3 markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 250 manat təşkil edir. Bakı şəhəri DYPİ-nin inzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2021-ci il tarixli protokolundan müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.6-cı maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Bakı şəhəri DYPİ-nin inzibati xəta haqqında TP4253446 saylı ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat cərimə olunmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunur ki, o, idarə etdiyi Mazda Familia minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2021-ci il tarixdə F.X.Xoyski prospektində Ravon Nexia R3 markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, sürücüyə avtomobilini təmir etdirəcəyini bildirmiş, Ravon Nexia R3 markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 razılaşmadığı üçün o, hadisə yerindən çıxıb getmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Mazda Familia minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsi olmadan idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyindən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Belə ki, qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Az Sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında 250 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 280 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar