Məhkəmə qərarları › İş №e-2(001)-1946/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1946/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1946/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.790,31 manat məbləğində pul vəsaitinin, habelə 48 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “Məhsulların nisyə alqı-satqısı barədə” 26 oktyabr 2020-ci il tarixli, 083/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, MMC cavabdehə ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh MMC-nin rəhbərliyinə yazdığı 26 oktyabr 2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada yerinə yetirməmiş MMC-yə olan borcunun 2.793,31 manat hissəsini bu günədək ödəməmişdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və MMC-yə olan borcun ödənilməsi xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymur və MMC-yə olan borcunu ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli, 083/2020 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” müqavilədən görünür ki, satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, alıcı satıcıdan ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul etməyi və 30.000 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz (təhsilat) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı daşıyır. 26 oktyabr 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli, 083/2020 nömrəli “Məhsulların nisyə alqısatqısı barədə” müqaviləyə əsasən 30.000 manat dəyərində olan məhsullar sonuncuya təhvil verilmişdir. Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış 26 oktyabr 2020-ci il tarixli ərizədən görünür ki, onun, İddiaçı ilə arasında bağlanmış “Məhsulların nisyə alqı-satqısı barədə” müqaviləyə əsasən 30.000 manat borcu yaranmışdır. O, İddiaçınə olan borcunu etiraf edir və 3 aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürür. Üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda qanunla məsuliyyət daşımağa hazırdır. Ərizəni o, heç bir təsir təsir olmadan yazmışdır. Yazılanları imzası ilə təsdiq edir. İddiaçı tərəfindən X1 ünvanlanmış 27 sentyabr 2021-ci il tarixli borcun ödənilməsi barədə xəbərdalıqdan görünür ki, Cavabdeh 26 oktyabr 2020-ci il tarixli, 083/2020 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” müqavilə üzrə borcunun ödənilməsi xahiş edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi müdafiə vasitələrindən istifadə edilməklə çəkilən xərclərin, itirilmiş gəlirin və sair əlavə xərclərin də ondan tələb ediləcəyi barədə məlumat verilmişdir. Elekton qaydada ödənilmiş 16 fevral 2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 26 oktyabr 2020-ci il tarixdə “Məhsulların nisyə alqı-satqısı barədə” müqaviləsi bağlanmış, iddiaçı cavabdehə nisyə (borc) olaraq ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, cavabdeh iddiaçıdan ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulların nisyə (borc) olaraq qəbul etməyi və 30.000 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra, cavadeh iddiaçıya ərizə ünvanlayaraq iddiaçıya olan 30.000 manat məbləğində borcunu etiraf etmiş, borcunu 3 aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüş və üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda qanunla məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyini bildirərək, həmin müqavilə üzrə cavabdehdən 2.790,31 manat borcun ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış 2.790,31 manat əsas borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, 26 oktyabr 2020-ci il tarixli “Məhsulların nisyə alqı-satqı müqaviləsi” üzrə 2.790,31 manat məbləğində borc və 48 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 26 oktyabr 2020-ci il tarixli, 083/2020 nömrəli “Məhsulların nisyə alqı-satqı müqaviləsi” üzrə 2.790,31 (iki min yeddi yüz doxsan manat, otuz bir qəpik) manat məbləğində borc və 48 (qırx səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar