Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1948/2022 17.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 17 mart 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən aralarında olan müqavilə üzrə ödənilməmiş 4808,29 manat məbləğində pul vəsaitinin və 68,08 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayonunun ərazisi olması, mübahisələr yarandıqda isə müqavilə üzrə “Satıcı”olan İddiaçı MMC-nin qeydiyyat ünvanı üzrə Məhkəmədə baxılması razılığına gəlinmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alğı-satqısı” barədə 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə nisyə (borc) olaraq ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etməklə 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında mövcud borcun etirafı haqqında 23 aprel 2020-ci il tarixli müqavilə bağlanmışdır ki, cavabdeh borclu olduğu 30000 manat pulu 3 aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən tam olaraq yerinə yetirilməmiş, ona borcun ödənilməsin barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq 4808,29 manat məbləğində məhsulların dəyəri ödənilməmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Nümayəndə2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı surətdə etiraz təqdim edərək, İddiaçı MMC-nin işçisi olduğunu, 05 oktyabr 2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxdığını, bağlanmış müqavilə ilə ziyan vurduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən ziyan vurulmasının aşkar edildiyi vaxtdan 1 il ərzində iddia qaldırılması müddətinin ötürüldüyünü, MMC bütün işçilərinə formal olaraq müxtəlif məbləğlərdə nisyə alğı-satqı müqaviləsinin imazalatdırdığını göstərmişdir. Həmin ərizədə İddiaçı MMC-nin cavabdehə qarşı pul tələbinə dair iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiada göstərilən məzmunlu müqavilə İddiaçı MMC-yə işə qəbul edilən zaman bütün işçilərlə bağlanır. Halbuki, ona heç bir məhsul verilməmişdir. O, 10 sentyabr 2019-cu il tarixdə İddiaçı MMC-də satış üzrə nümayəndə kimi işə başlamışdır. Əmək funksiyası müxtəlif marketlərlə müqavilə bağlamaqdan ibarətdir. Müqavilə bağlandıqdan sonra məhsulların təhvil-təslimini digər işçilər aparır. Bundan əlavə, İddiaçı MMC-də öz xahişi ilə işdən azad edildikdə ona əmək kitabçası ilə birlikdə 2000 manat məbləğində son haqqhesab da verilmişdir. İddiaçıya ərizədə göstərilən miqdarda borcu olsaydı həmin məbləğ İddiaçı MMC tərəfindən tutulmalı idi. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: - 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı “məhsulların nisyə alğı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh ümumi dəyəri 30000 manat olan məhsulu satmağı, sonuncu isə həmin məhsulları nisyə olaraq qəbul edib borcu 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür; - 23 aprel 2020-ci il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”dən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu 30000 manat pulu 3 aya qədər tam ödəməyi öhdəsinə götürmüşdür; - 23 aprel 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə İddiaçı MMC Cavabdeh ümumi dəyəri 30000 manat olan müxtəlif adda məhsullar təqdim etmiş, Cavabdeh aktda göstərilənləri qəbul etmişdir; - Cavabdeh iddiaya etiraz ərizəsinə əlavə edilmiş sosial arayışdan görsənir ki, 10 sentyabr 2019-cu il tarixdən 05 oktyabr 2020-ci il tarixə qədər əmək haqqı 250 manat olmaqla İddiaçı MMC-də sənayə məhsullarının satış üzrə nümayəndə vəzifəsində işləmişdir; - 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı “məhsulların nisyə alğı-satqısı barədə” müqavilənin 5-ci bəndinə əsasən “Alıcı” “Satıcı”- nın hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə formasında, yalnız “Satıcı”-nın səlahiyyətli nümayəndəsindən qəbz (təhsilat) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti “Alıcı” daşıyır. İddiaçı MMC 27 sentyabr 2021-ci il tarixdə borcun ödənilməsinə dair Cavabdeh xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında iddia edilən öhdəlik əmək münasibətlərindən deyil, müqavilədən irəli gələn münasibətlərdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir; - 529.7-ci maddəsinə əsasən icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir; Bununla yanaşı, “Müqavilə öhdəliklərinin icrası tələbləri üzrə iddialara baxıldığı halda, ayrıca icraatda həmin müqavilələrin etibarsızlığı tələblərinə baxılmasının mümkünlüyünə dair qanunvericiliyin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin 03 iyun 2021-ci il tarixli məlumatı”-nda nəzərə alınması tövsiyyə olunur ki, kredit borcunun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıbbağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin hissə-hissə ödənilməsi şərti razılaşdırılsa da, müqavilədə pul vəsaitinin hansı dövrlər üzrə hansı həcmdə ödəniləcəyi barədə digər mühüm əhəmiyyət kəsb edən razılaşma öz əksini tapmamışdır. İddiaçının cavabdehə onun etdiyi ödəniş müqabilində verdiyi qəbzləri təqdim etməklə cavabdehin əsas borc üzrə ödənişin hansı həcmdə ödəməməsini müəyyən etmək mümkün olardı. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında olan münasibətlər üzrə öhdəliyin icra edilməməsi deyil, lazımınca icra edilməməsi barədədir. Qeyd olunanlara əsasən hazırda iddiaçının irəli sürdüyü tələblər əsaslandırılmamış olduğu görünür, iddia üzrə cavabdehin öhdəliyi lazımınca icra etməməsini müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1948/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1948/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver