Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2011/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, eləcə də yetkinlik yaşına çatmamış övladları 02 iyun 2007-ci il təvəllüdlü X2 və 02 mart 2010-cu il təvəllüdlü X1 5.000 manat kompensasiya verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, Korpus 40-da yerləşən 35A saylı tikiliyə istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02 fevral 2007-ci il tarixdə cavabdehlə nikaha daxil olmuş, birgə nikahlarından 02 iyun 2007-ci il təvəllüdlü X2 və 02 mart 2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişlər. Binəqədi Rayon Məhkəsinin 26 avqust 2013-cü il tarixli 2(001)-5658/2013 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra cavabdeh iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Sabunçu rayonunda yerləşən atasının evində yaşadığını və azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40, 35A saylı evə köçürülməsini tələb etmişdir. Binəqədi Rayon Məhkəsinin 01 noyabr 2018-cı il tarixli, 2(001)-8295/2018 saylı qətanməsi ilə iddia tələbi təmin edilərək cavabdehin övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, Korpus 40-da yerləşən 35A saylı tikiliyə köçürülməsi qət edilmişdir. Həmin qətnamə icra edilmiş və icra işinə xitam verilmişdir. Cavabdeh Binəqədi Rayon Məhkəsinin 01 noyabr 2018-cı il tarixli, 2(001)-8295/2018 saylı qətnaməsi icra olunduqdan sonra bu günə kimi həmin ünvanda yaşamış və hal-hazırda atasının evində yaşamağa davam edir. Hazırda ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, Korpus 40-da yerləşən 35A saylı tikilidə heç kim yaşamır. O, sözügedən əmlakdan tam istifadə və sahiblik etmək, eyni zamanda əmlaka dair sərəncam verə bilmək üçün cavabdehin həmin tikilidən və pasport qeydiyyatından çıxarılmasına zərurət yarandığından, əmlakın dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilmiş və əmlakın hazırkı bazar dəyəri müəyyən edilmişdir. “X5 Mərkəzi” MMC-nin verdiyi 28 dekabr 2021-ci il tarixli, 186 saylı rəyə əsasən evin 27 dekabr 2021-ci il tarixə olan bazar dəyəri 36.900 manat olaraq müəyyən edilmişdir. Cavabdeh mübahisəli evdə yaşamadığı halda əmlakın dəyərini nəzərə alaraq cavabdehə 5.000 manat ödənilməklə həmin evdən və pasport qeydiyyatından çıxmağı təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yazılı müraciətə cavab verməmişdir. Beləliklə, o, özünə məxsus fərdi yaşayış evindən tam istifadə etmək, faydalanmaq və ümumilikdə mülkiyyət hüququndan məhrum edildiyinə görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddiaya etiraz göndərərək göstərmişdir ki, o, 02 fevral 2007-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 02 iyun 2007-ci il təəvəllüdlü X2 və 02 mart 2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişlər. O, gəlin kimi bir müddət iddiaçının valideyinlərinin onlara ayırdıqları evdə yaşasalar da, sonradan birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40 ünvanında yerləşən özbaşına tikili olan 35A evi 42.000 manata almış və həmin ünvana köçərək orada birlikdə yaşamağa başlamışlar. İlk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri kəskinləşmiş və Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli, 2(001)-5658/2016 saylı qətnaməsinə əsasən nikahlar pozulmuşdur. Qətnaməyə əsasən nikahın pozulmasından sonra uşaqlar onun yanımda saxlanılmışlar. Həmin əmlak onların birgə nikah dövründə əldə edilmiş əmlakdır. Birgə nikah dövründə əldə edilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş haldır. O, övladları ilə birlikdə həmin ünvanda yaşamış və axırıncı dəfə iddiaçı onu döyərək, təzyiq göstərərək evdən məcburi şəkildə qovmuşdur. Hazırda o, yenidən köçürülməyi barədə icra məmuruna müraciət etmişdir. Artıq köçürülməyi icra məmuru tərəfindən həyata keçirilir. Birincisi, birgə nikah dövründə əldə edilmiş həmin ev Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydə alınmamış tikilidir. Həmin evə dair hüquqlar qeydə alınmamışdır. Göründüyü kimi, istifadə hüquqlarına xitam verilməsi üçün ilk öncə həmin hüququn mövcud olması lazımdır. Mövcud olmayan hüquqa xitam verilməsi isə mümkün deyildir. İkincisi, mübahisə predmeti olan özbaşına tikili birgə nikah dövründə birgə vəsait hesabına əldə edilmişdir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyesterindən keçməsə də, ancaq birgə nikah dövründə 42.000 manata əldə edilmişdir. İddiaçının qanuna zidd şəkildə 5.000 manat kompensasiya verməklə onu və övladlarını evdən çıxarması yolverilməzdir. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, onun, iddiaçının və uşaqlarının həmin evdə qeydiyyatsız yaşamasını Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış da təsdiq edir. Hazırkı şəraitdə iddiaçı мübahisəli evdə normal şərtlər daxilində yaşadığından, onun və övladlarının həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır, mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxmağı onun və uşaqlarının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddia ərizəsinin ikinci abzasında texniki səhvə yol verilmiş, cavabdeh bu günə kimi iddiaçıya məxsus evdə yaşamamışdır. Cavabdehin etirazına münasibətdə isə bildirdi ki, ev tərəflərin birgə nikahı dövründə alınsa da, dövlət reyestrində qeydiyyatı yoxdur. Həmçinin, nikah pozulduqdan sonra cavabdeh həmin evlə bağlı 3 illik iddia müddəti ərzində hər hansı tələb irəli sürə bilərdi. Mülki qanunvericilikdə məhz istifadə hüququna xitam verilməsinə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur, ona görə də hazırki iddia tələbi bu formada irəli sürülmüşdür. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, ev və torpaq sahəsinin hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı həmin evin sənədləşdirilməsini planlaşdırır, lakin hazırda bununla bağlı sənədlərin qəbulu dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun Bakı Şəhəri Binəqədi Rayon Məhkəsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı qətnaməsi ilə azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40, 35A saylı evə köçürülməsi qət edilmiş, həmin qətnamə icra edilərək, o, uşaqları ilə birlikdə qeyd olunan evə köçürülmüşdür. Onun iddiaçı ilə nikahı 2013-cü ildə pozulsa da, sonradan barışıb 2018-ci ilə qədər mübahisəli evdə yaşamışlar. İddiaçı ona həmin evdə yaşamağa imkan yaratmır, evdə olan cehiz əşyalarını yararsız vəziyyətə salmışdır. Hazırda başqa yaşayış yeri yoxdur, ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya etirazı və cavabdehin izahatını müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh iddiaçıya 6.000 manat kompensasiya ödəyə bilər ki, iddiaçı özü həmin evdən çıxsın. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 03 aprel 2007-ci il tarixdə ev satan X4 ilə ev alan İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40, 35A saylı ev 43.000 ABŞ dolları vəsaitə sonuncuya satılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)- 8295/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh yetkinlik yaşlarına çatmamış övladları 02 iyun 2007-ci il təvəllüdlü X2 və 02 mart 2010-cu il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40-da yerləşən 35A saylı tikiliyə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən olunur ki, tərəflər 02 fevral 2007ci il tarixdə nikaha daxil olmuş, 26 avqust 2013-cü il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən qəbul edilmiş 04 fevral 2019-cu il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)- 8295/2018 saylı icra sənədi icra olunduğundan icra sənədinin icraatına xitam verilmişdir. “X5” Mərkəzinin 28 dekabr 2021-ci il tarixli hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən 0.026 ha torpaq sahəsinin üzəridə inşa edilmiş 1 mərtəbəli, 4 otaqdan ibarət 131.4 kv.m sahəsi olan fərdi yaşayış evinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 36.900 manat təşkil edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 8(001)- 191/2022 saylı qərardadından görünür ki, borclu İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun 21 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməmişdir. 10 və 20 fevral 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər 02 fevral 2007-ci il tarixdə nikaha daxil olmuş, 03 aprel 2007-ci il tarixdə iddiaçı sadə yazılı formada müqavilə bağlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40, 35A saylı ev 43.000 ABŞ dolları ödəməklə almış, tərəflərin nikahları 26 avqust 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin yetkinlik yaşlarına çatmamış iki övladı ilə birlikdə həmin evə köçürülmələri qət edilmişdir. Qeyd olunan evin hüquqmüəyyənedici sənədləri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hüququ evin mülkiyyətçisinə məxsus olan hüquqdur. Hazırki iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40, 35A saylı ev isə iddiaçının mülkiyyətində deyil. Belə ki, həmin evə dair iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə, mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikintiyə hər hansı hüquq, o cümlədən mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququ yaranmır. Göründüyü kimi, cavabdehin də həmin evdən istifadə hüququ yaranma bilməz. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan evdən istifadə hüququ yaranmadığına görə onun həmin hüququna, yəni mövcud olmayan hüquqa kompensasiya verilməklə xitam verilməsi və bunun nəticəsi olaraq onun uşaqları ilə həmin evdən çıxarılması qeyri-mümkündür. Eyni zamanda iddiaçının hazırda belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur, çünki o, evin mülkiyyətçisi deyil. Bu hüquq mülkiyyətçi tərəfindən həmin evə dair mülkiyyət hüququ əldə edildikdən (ev dövlət reyestrində qeydiyyata alındıqdan) sonra həyata keçirilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-2011/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2011/2022
19.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver