Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2016/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” 16.11,2019-ci il tarixli, 025/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin ikinci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və müqavilənin üçüncü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı rəhbərliyinə yazdığı 16.112019-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçınə olan borcunun 3180,89 manat hissəsini bu günədək ödəməmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı nümayəndəsi 19.05.2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak etmiş və məhkəməyə müvafiq maliyyə arayışının və digər sənədlərin təqdim edilməsi üçün məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən həmin tarixdə məhkəmə baxış iclası 26.05.2022-ci il tarixə təxirə salınmış, lakin həmin tarixdə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etdi. O, izahatında məhkəməyə bildirdi ki, o, İddiaçındə rəsmi olaraq işləmiş və üç il əvvəl öz xahişi əsasında işdən çıxmışdır. Şirkətdə işləyərkən onun həm rəsmi aldığı əmək haqqı var idi, həm də ki, əlavə olaraq onlara hər ay pul ödənilirdi. İşdən çıxdıqda onunla şirkət arasında təhvil-təslim aktı da imzalanmış və üç il ərzində ona qarşı hər hansı tələb irəli sürülməmiş, əmək kitabçası və son haqq-hesabı ona hər hansı bir irad və tələbsiz təhvil verilmişdir. Dediklərini yoxlamaq çox asandır. Belə ki, bütün sənədlər həm şirkətin özündə, həm də müvafiq qurumlarda saxlanılır. Özü müharibə iştirakçısıdır, hal-hazırda da həqiqi hərbi xidmətdədir. Əmək kitabçası hərbi hissədə olduğuna görə məhkəməyə təqdim edə bilmir, lakin lazım olduğu təqdirdə müvafiq sənədlər İddiaçındən də tələb edilə bilər. Tərəfindən imzalanmış müqavilə, ərizə və təhvil-təslim aktına gəldikdə, bu İddiaçındə formalaşmış təcrübədir: işçi işə qəbul ediləndə əmək müqaviləsindən əlavə formal olaraq belə bir sənədlərə də imza etdirirlər ki, gələcəkdə özlərini sığortalamış olsunlar. Amma təbii ki, həmin məhsullar işçilərə verilmir. İşə təzə qəbul edilən hər işçi 30.000 manatlıq energetik içkini neynir ki. Elə bu məhkəmədə araşdırılarsa aydın olar ki, İddiaçı onun kimi çox işçiyə qarşı eyni məzmunlu 30.000 manatlıq ərizəyə istinad edilərək pul tələbi irəli sürülmüşdür. Şirkət vətəndaşların işə ehtiyacından istifadə edir və işçilər də məcbur olub nə deyilirsə ona da imza edirlər. Aydındır ki, həmin sənədlərə imza etməklə səhvə yol vermiş, lakin onu başa düşmür ki, həmin sənədlər mövcud olduğu halda niyə hal-hazırda ona qarşı 30.000 manat deyil, 3180,89 manat məbləğində tələb irəli sürülür. Əgər 27000 manatı ödəyibsə, qalan hissəni də ödəyərdi də. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, 16.11.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmış, həmin müqavilə ilə İddiaçı tərəfindən Cavabdeh 30.000 manat dəyərində məhsulların satılması, Cavabdeh isə 3 ay ərzində həmin məbləği ödəmək öhdəliyinin olması müəyyən edilmişdir. Eyni tarixdə Cavabdeh öz xətti ilə əlavə olaraq 30.000 manat borcunun olmasına dair ərizə və şirkətdən 31100 ədəd içki götürməsinə dair təhvil-təslim aktı imzalamışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən cavabdehdən hansı əsaslarla məhz 3180,89 manat məbləğində pulun tələb edilməsi aydın deyil. Məhkəmə tərəfindən iddiaçıya müvafiq sənədlərin (ən azı maliyyə arayışının) təqdim edilməsi və 3180,89 manat məbləğində borcun yaranma əsaslarına dair izahat verilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi növbəti məhkəmə iclasına gəlməmiş və iddiaçı tərəfindən məhkəməyə hər hansı əlavə sənəd təqdim edilməmişdir. Cavabdeh isə nəinki 3180,89 manat məbləğində borcu qəbul etmir, 30.000 manat dəyərində məhsul götürdüyünü və həmin məhsulların dəyərini hər hansı formada ödədiyini də inkar edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2016/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2016/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver