Məhkəmə qərarları › İş №e-2(001)-2018/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2018/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2018/2022 26.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Avrora MMC-nin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli 084/2020 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borca görə 4103,40 manatın, dövlət rüsumuna görə 61,03 manatın tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Avrora MMC Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli 084/2020 saylı nisyə alqısatqı müqaviləsinə əsasən, borca görə 4103,40 manatın, dövlət rüsumuna görə 61,03 manatın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Avrora MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Avrora MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış məhsulları nisyə alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 084/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən Avrora MMC cavabdehə ümumi dəyəri 30000 manat olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqailənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul edərək və müqavilənin 3-cü bəndinə əsasən maların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Əmirli X4 MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və Avrora MMC-yə olan borcunun 4103,40 manat hissəsini bu günədək ödəməmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2018-ci il tarixli 18/2037 saylı müddətsiz əmək müqaviləsinə əsasən, Avrora şirkətində satış üzrə nümayəndə vəzifəsində işləmiş, cavabdehlə işəgötürən arasında xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilə bağlanmışdır. Avrora MMC-nin 460/K saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən cavabdehlə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehə alqı-satqı müqaviləsi üzrə 30000 manat dəyərində malın təhvil verilməsini təsdiq edən qaiməni, tərəflər arasında tərtib olunan təhvil-təslim aktı təsdiq edir. Avrora MMC cavabdehdən başqa digər işçiləri ilə də 30000 manat dəyərində nisyə alqı-satqı müqavilələri bağlamış, hazırda şirkətin 10 nəfər keçmiş işçilərinə qarşı şirkət nisyə alqı-satqı müqavilələri üzrə borc tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə ödənişləri şirkətin xəzinəsinə etmiş, şirkətin mədaxil qəbzlərində ödənişi aparan şəxsin imzasına ehtiyac olmadığından pulu ödəyən şəxs tərəfindən həmin mədaxil qəbzləri imzalanmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan ödəniş qəbzləri isə onun işçi kimi satdığı malların dəyərini ödəməsini təsdiq edən qəbzlərdir. Ona görə də, müqavilə üzrə ödənilməmiş 4103,40 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,03 manatın Cavabdeh iddiaçı Avrora MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, nisyə alqı-satqı müqaviləsinə imzalasa da, Avrora MMC-dən müqavilədə nəzərdə tutulan malları qəbul etməmiş, təhvil-təslim aktında qeyd olunan mallar ona təhvil verilməmişdir. Avrora MMC-də olan qaydaya əsasən, o, da digər işçilər kimi Avrora MMC-də işə qəbul olunarkən ilk olaraq alqı-satqı müqaviləsini və həmin müqavilə ilə bağlı sənədləri imzalamış, bundan sonra onunla əmək müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi ilə bağlı tərtib olunan səndlər hazır blank şəklində olduğundan ilkin olaraq imzalanır, tarixlər sonradan yazılır. Avrora MMC təminat məqsədi ilə işçilərinə eyni məbləğdə, yəni 30000 manat məbləğində alqı-satqı müqaviləsi bağlamağı təklif edir. Bu müqaviləni bağlamayan işçi işə götürülmür. Təhvil-təslim aktında nəzərdə tutulan mallar ona təhvil verilməmiş, bu barədə hər hansı bir qaimə yoxdur. Müqavilədə, təhvil-təslim aktında və ərizədə olan imza ona məxsus olsa da, o, işə qəbul olmaq üçün bu sənədlərə imza çəkməyə məcbur olmuşdur, əks halda onunla əmək müqaviləsi bağlanmazdı. O, alqı-satqı müqaviləsi üzrə iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan ödəniş qəbzlərində onun imzası yoxdur. Şirkətdə işlədiyi müddət ərzində onun vəzifə səlahiyyətlərinə şirkətə məxsus məhsulların satışını təşkil edib, ona verilən pul vəsaitini şirkətin xəzinəsinə keçirmək olmuşdur. Əmək vəzifələrinin icrası ilə bağlı ödənişləri apararkən o, bütün mədaxil qəbzlərini imzalamışdır. O, Avrora MMC-dən alq-satqı müqaviləsinə əsasən hər hansı bir məhsulu almamışdır. O, da digər işçilər kimi işə qəbul olunarkən ona təqdim olunan sənədləri imzlamaq məcburiyyətində qalmışdır. Avrora MMC onun kimi digər işdən çıxan işçilərinə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İşəgötürən Avrora MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 18/2037 saylı müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, işçi şirkətə aylıq əmək haqqı 180 manat olmaqla satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 3-cü bəndinə əsasən, işçinin əmək funksiyalarına işçinin müşayətedici sənədlərə uyğun olaraq anbardan yükləri qəbul etmək, qablaşdırmanın bütövlüyünü yoxlamaq, yüklərin təyin olunmuş yerə çatmasını müşayət etmək, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirmək, gətirilmiş yükü təhvil vermək, qəbul-təhvil sənədlərini rəsmiləşdirmək, Avropa şirkətinə məxsus malların maksimum dərəcədə paylaşdırılmasını təmin etmək, müştərilərdən Avropa şirkətinə məxus məhsulların satışından əldə edilən pul vəsaiti şirkətin xəzinəsinə vaxtında və tam ödəmək və s. daxildir. Avrora MMC-nin 460/K saylı xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, cəmiyyətdə satış üzrə nümayəndə vəzifəsində çalışan Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə (işçinin təşəbbüsü ilə) əsasən, xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Avrora MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 084/2020 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Avrora MMC ümumi dəyəri 30000 manat olan müxtəlif çeşidli məhsulları Cavabdeh satır, Cavabdeh isə ümumi dəyəri 30000 manat olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir və 30000 manat borcunu 3 ay ərzində ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli 084/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə təhvil-təslim aktından görünür ki, 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsullar alıcı Cavabdeh təhvil verilmişdir. Cavabdeh Avrora MMC-nin prezidenti Ceyhun Abbasova yazdığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Avrora MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli 909 saylı xəbərdarlıqdan görünür ki, satıcı alıcıya müqavilə əsasında götürdüyü məhsulların dəyərinin 4103,40 manat hissəsini 5 iş günü ərzində ödəmədiyi təqdirdə, məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan kassa ödənişləri qəbzlərindən müəyyən olunur ki, ekspeditor kodu P1.01.12.031 olan Cavabdeh tərəfindən 29853,35 manat məbləğində ödəniş edilmişdir. Avrora MMC-nin xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 084/2020 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 9256,20 manat ödəniş etmişdir. Avrora MMC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 084/2020 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 3987,50 manat ödəniş etmişdir. Avrora MMC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 084/2020 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 7695 manat ödəniş etmişdir. Avrora MMC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 084/2020 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 4957,30 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə xx.xx.2018-ci il tarixli 18/2037 saylı müddətsiz əmək müqaviləsi bağlayaraq işçini şirkətə aylıq əmək haqqı 180 manat olmaqla satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanan əmək müqaviləsinə əsasən, satış nümayəndəsinin əsas vəzifələrindən biri Avrora şirkətinə məxsus malların ərazilərdə satışını təşkil etməkdən ibarətdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə bağladığı əmək müqaviləsinə xx.xx.2021-cu il tarixdə xitam verdikdən sonra cavabdehlə xx.xx.2020-ci il tarixdə bağladığı, icrası müddəti 3 ay olan nisyə alqı-satqı müqaviləsi ilə bağlı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: -görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; -gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; -yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Məhkəmə qeyd edir ki, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərində müqavilənin bağlanması barədə son qərarı qəbul etmək səlahiyyəti işəgötürənə aiddir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, əsas vəzifələrindən biri şirkətə məxsus malların satışını təşkil etməkdən ibarət olan işçisi ilə iddiaçının 30000 manat məbləğində nisyə alqı-satqı müqaviləsi bağlaması, müqavilənin predmeti olan 30000 manat dəyərində malların şirkətin anbarından hansı qaiməyə əsasən çıxarılaraq cavabdehə təhvil verilməsi, bu müqavilə üzrə vergilərin kimin tərəfindən ödənilməsi barədə sübutların məhkəməyə təqdim edilməməsi, bu müqavilə üzrə ödənişlərin aparılması barədə mədaxil qəbzlərinin, yalnız iddiaçı tərəfindən imzalanması, 3 aylıq icra müddəti olan müqavilə üzrə öhdəliyin icrası məqsədi ilə cavabdehə qarşı iddia tələbi ilə, sonuncu ilə əmək müqaviləsinə xitam verdikdən sonra məhkəməyə müraciət olunması xx.xx.2020-ci il tarixli 084/2020 saylı nisyə alqı-satqı müqaviləsinin yalan əqd olmaqla tərəflər arasında bağlanmış əmək və tam maddi məsuliyyət müqaviləsi üzrə işçinin işəgötürənə vura bilməsi güman edilən maddi ziyanın aradan qaldılması məqsədi ilə bağlanmışdır. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı yalan əqd olması öz təsdiqini tapan xx.xx.2020-ci il tarixli 084/2020 saylı nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından iddia tələbi əsassızdır, ona görə də təmin edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Avrora MMC-nin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli 084/2020 saylı nisyə alqısatqı müqaviləsinə əsasən, borca görə 4103,40 manatın, dövlət rüsumuna görə 61,03 manatın tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar