Məhkəmə qərarları › İş №e-2(001)-2022/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2022/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2022/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9972,08 manat borcun və 119,72 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alğı-satqısı” barədə 03 avqust 2020-ci il tarixli, 060/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bənidnə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında mövcud borcun etirafı haqqında 03 avqust 2020-ci il tarixli müqavilə bağlanmışdır ki, cavabdeh borcunu etiraf etmiş və üç ay ərzində borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmiş, məhsulların dəyərinin bir hissəsi ödənilməmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Y.Ə.İsmayılov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddianı qismən qəbul etdiklərini bildirərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış müqavilənin tarixindən də müəyyən olunur ki, məhsulların alğı-satqısı pandemiya dövründə baş vermişdir. Yəni, cavabdeh pandemiya dövründə, bir çox ticarət obyektlərinin fəaliyyətinin məhdudlaşdırıldığı vaxtda işləmişdir. Buna görə də, borcunu tam olaraq ödəyə bilməmişdir. Hazırda cavabdehin iddiaçıya təxminən 2-3 min manat borcu qalmalıdır. Sonda Vəkil məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan: - 03 avqust 2020-ci il tarixli, 060/2020 saylı “məhsulların nisyə alğı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh ümumi dəyəri 30000 manat olan məhsulu satmış, sonuncu isə həmin məhsulları nisyə olaraq qəbul edib borcu 03 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. - 03 avqust 2020-ci il tarixli təhvil-təslim aktında görünür ki, həmin tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 30000 manat olan müxtəlif adda məhsullar təqdim edlmişdir. - 03 avqust 2020-ci il tarixli, Cavabdeh tərəfindən İddiaçı MMC-nin prezidentinə ünvanlandırılmış ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu 30000 manat pulu 03 aya qədər tam ödəməyi öhdəsinə götürmüşdür. - mədaxil qəbzlərinin surətlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda müvafiq olaraq 8020 manat, 5007,92 manat və 7000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 598.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehin nümayəndəsi cavabdehin iddiaçıya olan borcunun təxminən 2-3 min manat olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 119,72 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 9972,08 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 119,72 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar