Məhkəmə qərarları › İş №e-2(001)-2027/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2027/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2027/2023 13.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul və öhdəliyin həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul və öhdəliyin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev 29 ünvanında yerləşən iki mərtəbəli köhnə yaşayış binasında yerləşən 54 ailəlik köhnə mənzillər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən pilot layihə adı ilə sökülüb. Bina sökülən zaman həmin binanın yerində yeni bina inşa ediləcəyi və sakinlərin ixtiyarına veriləcəyi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən üzərinə öhdəlik götürülmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, ev 29 ünvaninda mənzilin sökülməsi və yenisinin tikilməsinə dair notariat qaydada təsdiq edilmiş 06 mart 2017-ci il tarixli, 14 nömrəli müqavilə bağlanmışdır. Tərəflər arasında müqavilənin predmetini özündə əks etdirən 1.1ci bəndinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, ev 29 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 54 mənzilli yaşayış binasının sökütüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan 2 otaqlı mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş 53 kv.m. olan ümumi sahəsinə 15% əlavə etməklə və şirkətin əlavə güzəşti ilə ümumi sahəsi 128,7 kv.m. olan 3 otaqlı tam təmirli mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək bankda hesab açmaq, hesab kartı sifariş etmək və hesab nömrəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etmək şərti ilə müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqını tələb etmək "Mülkiyyətçi"nin hüquqlarına aid edilmişdir. Həmin müqavilənin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifələrini özündə əks etdirən 2.2.3-cü bəndinə əsasən, müqavilənin 2.1.2ci bəndində nəzərdə tutulmuş ödənişin (aylıq 400 manatın) hər ayın 1-də "Mülkiyyətçi"yə ödənilməsini təmin etmək; 2.2.4-cü bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib "Mülkiyyətçi"yə təhvil vermək; 2.2.5-ci bəndinə əsasən, hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə bu müqavilənin 2.1.2- ci bəndində nəzərdə tutulmuş ödənişin (aylıq 400 manatın) müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etmək "xxxx" MMC-nin vəzifəsidir. Müqavilənin imzalanmasından 5 ildən artıq müddətin keçməsinə baxmayaraq, yaşayış sahəsi təhvil verilməmişdir. Eyni zamanda, atriq 22 aydır ki, mülkiyyətçi olaraq İddiaçı müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq kirayə haqqı ödənilmir. İddiaçı 04 oktyabr 2021-ci il tarixli pretenziya maktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, ona tərəflərindən 12 ay ərzində aylıq 400 manatdan, cəmi 4.800 manat məbləğində kirayə haqqının ödənilmədiyini qeyd edǝrək həmin məbləgin ödənilməsini xahiş etmişdir. Lakin bundan sonra da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona heç bir ödəniş edilmədiyindən yenidən 28 mart 2022-ci il tarixli pretenziya məktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, kirayə haqqının ödənilməsini xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona heç bir ödəniş edilmədiyindən yenidən 16 yanvar 2023-ci il tarixli pretenziya məktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, olan kirayə haqqı borcunun - 8800 manatın ödənilməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif bəhanələr gətirərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmış və bu günədək iddiaçıya aylıq 400 manat olmaqla, 22 aylıq kiraya pulunu ödəməmişdir. Beləliklə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı vaxtadək iddiaçıya olan kirayə haqqı borcu 8800 manat təşkil edir. Qeyd olunanlara əsasən iddiaçı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 22 ay ərzində aylıq 400 manat olmaqla, cəmi 8800 manat məbləğində ödənilməmiş kirayə haqqının, borc pulun qaytarılacağı gün üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla 440 manat faiz borcunun ümümilikdə 9240 manat, məhkəməyə ödənilmiş 113,40 manat və order üçün ödənilən 180 manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını; Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, ev 29 ünvanında yerləşən binada ümumi sahəsi 128,7 kv.m. olan 3 otaqlı tam təmirli mənzil iddiaçının mülkiyyətinə verilənədək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat məbləğində kirayə haqqi ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil idda ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ünvanladığı məktubda İddiaçı 136,2 kv.m. sahəsi olan mənzilin təklif edilməsi və həmin mənzilin İddiaçı tərəfindən qəbul edilməsi göstərilsə də, bu həqiqətə uyğun deyil və inandırıcı səslənmir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı 136,2 kv.m. sahəsi olan mənzilin təklif edilməsini və mənzilin onun tərəfindən qəbul edilməsini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və qeyd olunanlar yalnız məhkəməni yanıltmaq məqsədi daşıyır. Belə ki, məktubla tanış olandan sonra tərəflərindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yenidən müəyyən danışıqların aparılmasına cəhd edilsə də, bu bir nəticə verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış çağırışlara hər hansı münasibət bildirmədiyinə görə, məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılması üçün zəruri olan sənədlər cavabdehdən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi vasitəsilə götürülmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş xx.xx.2017-ci il tarixli, 14 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 5 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 54 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan 2 otaqlı mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş 53 kv.m. olan ümumi sahəsinə 15% əlavə etməklə və şirkətin əlavə güzəşti ilə ümumi sahəsi 128,7 kv.m. olan 3 otaqlı tam təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş və yeni binanın tikintisi başa çatanadək bankda hesab açmaq, hesab kartı sifariş etmək və hesab nömrəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etmək şərti ilə müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqını tələb etmək hüququ İddiaçı verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, Z42/2023 saylı cavab məktubunda göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnustutu tərəfindən layihələndirilmiş və FHN-nin Dövlət Ekpertiza Baş İdarəsi tərəfindən təsdiq olunmuş layihədə 128.7 kv.m. mənzil olmadığından 1 ədəd 136.2 kv.m. mənzil təqdim olunmuşdur və İddiaçı tərəfindən qəbul olunmuşdur. Aylıq kirayə haqqı 400 manat olmaqla 2021-ci ilin fevral ayı daxil olmaqla "xxxx" MMC tərəfindən kirayə haqqı ödənilmişdir. Sonradan mənzilin sahəsində yaranan 7.5 kv.m. sahənin fərqinə əsasən kirayə haqqlarının verilməsi dayandırılmışdır və mənzil təhvil verilməyə tam hazırdır. Şirkətin öhdəsinə düşən yaranmış olacaq hər hansı borc məbləğini "xxxx" MMC ödəməyi öhdəsinə götürür”. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə müraciətində müəyyən ziddiyyətlər mövcuddur. Belə ki, məktubda əvvəl qeyd olunur ki, 136,2 kv.m. mənzil İddiaçı tərəfindən qəbul olunmuş, daha sonra isə “mənzil təhvil verilməyə tam hazırdır” göstərilir. Nəticə etibarilə mənzilin İddiaçı münasibətdə statusu cavabdehin məktubundan aydın deyil. Bundan əlavə qeyd olunmalıdır ki, sahəsi 136,2 kv.m. olan mənzil İddiaçı təhvil verildiyi halda, bunun müvafiq sənədləşdirmə aparılmadan həyata keçirilməsi ağlabatan deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə məhkəməyə bu xüsusatı təsdiq edə biləcək hər hansı sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, cavabdehin məktubunun sonunda qeyd olunmuş " ... Şirkətin öhdəsinə düşən yaranmış olacaq hər hansı borc məbləğini "xxxx" MMC ödəməyi öhdəsinə götürür” ifadəsi hazırkı iddiaya münasibətdə mövqeyini nümayiş etdirir və məktubun digər hissələri ilə yenə müəyyən ziddiyyət yaradır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş ödəniş qəbzindən görünür ki, sonuncu dəfə İddiaçı ödəniş 2021-ci ilin yanvar və fevral ayları üçün (800 manat) xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında müqavilə bağlanmış və müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı 128,7 kv.m. olan 3 otaqlı tam təmirli mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqı ödəmək öhdəliyi mövcuddur. Müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmış və 2021-ci ilin mart ayınadək müqaviləyə əsasən müvafiq ödənişlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilmişdir. Sonrakı müddət üçün ödəniş edilməmiş və səbəb olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona istinad edilmişdir ki, sahəsi 136,2 kv.m. olan mənzil İddiaçı təhvil verilmiş və həmin mənzillə müqavilədə nəzərdə tutulmuş mənzil arasında 7,5 kv.m. fərq mövcuddur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı tərəf isə nəinki daha böyük sahəli mənzilin təhvil verilməsini, hətta iddiaçıya belə bir təklifin edilməsini inkar edir. Göründüyü kimi, binanın bünövrəsi qoyulandan sonra 24 ay ərzində mənzilin iddiaçıya təhvil verilməməsi, həmçinin mənzilin vaxtında təhvil verilməməsinə baxmayaraq mənzil təhvil verilənə qədər iddiaçıya kirayə haqqının ödənilməsinin təmin edilməməsi, iddiaçının isə cavabdeh qarşısında hər hansı icra edilməmiş öhdəliyinin olmaması işin mübahisələndirilməyən hallarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə iddia ərizəsini “ ... borc pulun qaytarılacağı gün üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla 440 manat faiz borcunun ümümilikdə 9240 manat” tələbinə dair hissədə əsaslı hesab etmir. Belə ki, tərəflər arasında borc müqaviləsinin bağlanması, borc münasibətlərinin olması iş materialları ilə öz təsdiqini tapmır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 2021-ci ilin mart ayından başlayaraq 22 ay ərzində hər ay 400 manat olmaqla, cəmi 8800 manat məbləğində ödənilməmiş “kirayə haqqı” cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, 2023-cü ilin yanvar ayından başlayaraq Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, ev 29 ünvanında yerləşən binada ümumi sahəsi 128,7 kv.m. olan 3 otaqlı tam təmirli mənzil İddiaçı təhvil verilənədək və ya tərəflər İddiaçı digər mənzilin təhvil verilməsinə dair razılığa gələnədək hər ay 400 manat kirayə haqqının ödənilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 180 manat məbləğində pulun cavabdehdən tələb edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, hüquqi yardıma görə tələb edilən məbləğ ağlabatan hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 2021-ci ilin mart ayından başlayaraq 22 (iyirmi iki) ay ərzində hər ay 400 (dörd yüz) manat olmaqla, cəmi 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində ödənilməmiş “kirayə haqqı” cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. 2023-cü ilin yanvar ayından başlayaraq Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, ev 29 ünvanında yerləşən binada ümumi sahəsi 128,7 kv.m. olan 3 (üç) otaqlı tam təmirli mənzil İddiaçı təhvil verilənədək və ya tərəflər İddiaçı digər mənzilin təhvil verilməsinə dair razılığa gələnədək hər ay 400 (dörd yüz) manat "kirayə haqqının" ödənilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilsin. 180 (yüz səksən) manat hüquqi yardıma görə ödənilmiş xərc və ödənilmiş dövlət rüsumunun 97,84 (doxsan yeddi manat səksən dörd qəpik) manat hissəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 15,16 (on beş manat on altı qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar