Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2032/2022 26.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 1223,93 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,24 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-ci il tarixli, 033/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 1223.93 manat hissəsini bu günədək ödəməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh MMC ilə arasında bağlanmış müqaviləs üzrə borcunu hissə-hissə ödəyib, 1230 manat məbləğində borcu qalıb. Ödənişlərlə bağlı sənədlər mühasibatlıq şöbəsindədir. Ona görə məhkəməyə təqdim edə bilmir. Cavabdeh 13 mart 2018-ci ildə işə düzəlib, 04 iyun 2018-ci ildə işdən çıxmışdır.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, cavabdeh işdən çıxdıqdan sonra şirkətlə alqı-satqı müqaviləsi bağlayaraq məhsul almış və 1223,93 manat borcu qalmışdır. Tərəflər arasında təhviltəslim aktı da tərtib edilmişdir. Cavabdeh həmçinin şirkətə borcunun olmasını xx.xx.2020ci il tarixdə yazdığı ərizə ilə də etiraf etmişdir. Ərizə cavabdeh tərəfindən şəxsən yazılmış, tarix qeyd edilmiş və imzalanmışdır.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iş materiallarında olan ərizədəki yazıları özü icra etsə də, tarix onun tərəfindən yazılmamışdır. İşə düzələn zaman onların hamısından belə ərizə alınırdı. Ərizənin mahiyyətini belə dərk etməmiş, işə düzəlmək üçün yazmışdır. Onun heç bir borcu yoxdur. O, MMC-də işçi olmuşdur.İşdən çıxarkən heç bir borcu olmamışdır.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatlarında bildirmişdir ki, 2017-ci ildə Avrora MMC-yə işə düzəlmiş və 1 il 4 ay orada satış təmsilçisi işləmişdir. Məhsul alqı-satqı müqaviləsinə imza atmışdır. Belə ki, şirkət onu işə qəbul edəndə müqaviləyə, təhvil-təslim aktına, ərizəyə imza atdırıb. Lakin o, imzalayanda tarix qrafası boş olmuş, sənədlərdə tarixlər sonradan yazılmışdır. Ərizəni şəxsən özü yazsa da, tarixi özü yazmamış, sonradan yazılmışdır. İşdən çıxandan sonra şirkətdən heç bir məhsul götürməmişdir. Özü işə qəbul olanda imzaladığı sənədlərin mahiyyətini bilməmişdir. Əgər 30000 manatlıq məhsul götürmüşsə, bu borcdan nə qədər qaytarması, hazırki 1223 manat borcun necə yaranması barədə şirkət məlumat verməlidir. Barışığa razı deyil. Çünki 2018-ci ildə işdən çıxmış və heç bir borcu olmamışdır. Müqavilədəki, həm də ərizədəki tarix tərəfindən yazılmamışdır. Ehtimal edir ki, həmin tarix işdən çıxdıqdan sonra qeyd edilmişdir. Bundan başqa özü yeyinti-qida məhsullarının satışı ilə məşğul olmuş, içki satışı onun sferası olmamışdır. Halbuki iddiaçının təqdim etdiyi təhvil-təslim aktında içkilərin ona təhvil verildiyi göstərilmişdir. Həmin aktın giriş hissəsində belə boşluqlar tərəfindən doldurulmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanan məhsulların nisyə alğısatqısı barədə 05 dekabr 2019-cu il tarixli, 033/2019 saylı müqavilədən görünür ki, satıcı alıcıya nisyə olaraq ümumi dəyəri 30000 manat dəyərində olan müxtəlif çeşidli məhsulları satır, alıcı satıcıdan ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir və borcunu 03 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.
8. Məhsulların nisyə alğı-satqısı barədə 05 dekabr 2019-cu il tarixli, 033/2019 saylı müqavilə üzrə 05 dekabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı İddiaçı MMC və alıcı Cavabdeh bu aktı tərtib edirlər ki, 05 dekabr 2019-cu il tarixli, 033/2019 saylı məhsulların nisyə alğı-satqısı barədə müqaviləyə əsasən satıcı 30000 manat dəyərində içki məhsullarını alıcı Cavabdeh təhvil verilmişdir.
9. 01 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu 5 iş günü müddətində icra etməməsi təqdirdə borcun məcburi qaydada alınması məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi barədə xəbərdar edilmişdir.
10. Cavabdeh tərəfindən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova yazılan xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, o, İddiaçı MMC ilə onun arasında bağlanan məhsulların nisyə alğı-satqısı barədə müqaviləyə əsasən cəmiyyətə 30000 manat borcu yaranmışdır. İddiaçı MMC-yə borcunu etiraf edir və 3 aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürür.Üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda qanunla məsuliyyət daşımağa hazırdır.Ərizəni heç bir təsir olmadan özü yazmış və yazdıqlarını öz imzası ilə təsdiq edir.
11. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-də xx.xx.2018-ci il tarixindən müddətsiz bağlanmış əmək müqaviləsi üzrə fəhlə kimi işə götürülmüş, əmək haqqı 140 manat məbləğində müəyyən edilmişdir. Əmək müqaviləsi bildirişi xx.xx.2018-ci il tarixində imzalanmışdır.
12. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-də əmək müqaviləsinə xx.xx.2018-ci il tarixində, 402 saylı əmrlə xitam verilmişdir. Bildiriş sistemə xx.xx.2022-ci il tarixində daxil edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 4/932-5/732 saylı ekspert rəyindən görünür ki:
14. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, mülki işin 54-cü vərəqində olan 05 dekabr 2019-cu il tarixli, 033/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin yuxarı hissəsində "033/2019" rəqəmləri və tarix göstəricisi qrafasındakı "05 dekabr 19" rəqəmli yazıları, mülki işin 55-ci vərəqində olan 05 dekabr 2019-cu il tarixli, 033/2019 nömrəli Təhvil-təslim aktının yuxarı sağ hissəsində "033/2019 05 dekabr 19", tarix göstəricisi qrafasındakı "05 dekabr 19", həmin təhvil-təslim aktının yuxarı hissəsində "Satıcı və Alıcı arasında bağlanmış" yazıları qarşısındakı "033 05 dekabr 19" və "Müqaviləsinə əsasən" yazıları qarşısındakı "30 000 otuz min" rəqəmli yazıları, mülki işin 56-cı vərəqində olan Cavabdeh adından Avrora MMC-nin prezidentinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin aşağı sol küncündə "xx.xx.2020" rəqəmləri eyni Şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 54-cü vərəqində olan 05 dekabr 2019-cu il tarixli 033/2019 nömrəli Məhsulların nisyə alqı-satqısı barədə müqavilənin yuxarı hissəsində "033/2019" rəqəmləri və tarix göstəricisi qrafasındakı "05 dekabr 19" rəqəmli yazıları; mülki işin 55-ci vərəqində olan 05 dekabr 2019-cu il tarixli 033/2019 nömrəli Təhvil-təslim aktının yuxarı sağ hissəsində "033/2019 05 dekabr 19", tarix göstəricisi qrafasındakı "05 dekabr 19", həmin təhvil-teslim aktının yuxarı hissəsində "Satıcı və Alıcı arasında bağlanmış" yazıları qarşısındakı "033 05 dekabr 19" və "Müqaviləsinə əsasən" yazıları qarşısındakı "30 000 otuz min" rəqəmli yazıları, mülki işin 56-cı vərəqində olan Cavabdeh adından Avrora MMC-nin prezidentinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin aşağı sol küncündə "xx.xx.2020" rəqəmləri Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur
15. Sənədlərin materiallarının tədqiqi üzrə: tədqiqata təqdim olunmuş ərizədəki "xx.xx.2020" əlyazıları və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim olunmuş müqavilədəki "05 dekabr 19" alyazıları və "İmza" grafasındakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata teqdim olunmuş Təhvil-təslim aktındakı "033/2019 05 dekabr 19 30000 otuz min" əlyazıları və "İmza" qrafasındakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən"Ərizədəki tarix - "xx.xx.2020" ərizə imzalanan vaxtda (köhnəlmə və ya aşınma nəzərə alınmaqla) icra olunmuşdurmu?; Müqavilədəki tarix -"05 dekabr 2019" müqavilə imzalanan vaxtda (köhnəlmə və ya aşınma nəzərə alınmaqla) icra olunmuşdurmu?Təhvil-təslim aktının giriş(yuxarı) hissəsindəki boşluqlar akt imzalanan vaxtda köhnəlmə və ya aşınma nəzə alınmaqla) icra olunmuşdur mu?” sualları üzrə tədqiqat aparılmamışdır.
16. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 32.24 manat məbləğində dövlət rüsumu ödənilmişdir və ekspertiza tədqiqatının dəyəri 218 manat təşkil edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
17. Cavabdeh İddiaçı MMC-də xx.xx.2018-ci il tarixindən müddətsiz bağlanmış əmək müqaviləsi üzrə fəhlə kimi işə götürülmüş, əmək haqqı 140 manat məbləğində müəyyən edilmişdir. Daha sonra Cavabdeh İddiaçı MMC-də əmək müqaviləsinə xx.xx.2018-ci il tarixində, 402 saylı əmrlə xitam verilmişdir.
18. Bundan sonra iddiaçı ilə cavabdeh arasında məhsulların nisyə alğı-satqısı barədə 05 dekabr 2019-cu il tarixli, 033/2019 saylı müqavilə bağlanmışdır.
19. 05 dekabr 2019-cu il tarixli, 033/2019 saylı məhsulların nisyə alğı-satqısına dair müqaviləyə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh ümumi dəyəri 30000 manat olan müxtəlif çeşitdə məhsulları satmış, cavabdeh isə həmin məhsulları dəyərini 3 ay ərzində pul şəklində ödəməklə qəbul etmişdir.
20. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcun ödənilmədiyini və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir.
21. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2017ci ildə Avrora MMC-yə işə düzəlmiş və 1 il 4 ay orada satış təmsilçisi işləmişdir. Məhsul alqı-satqı müqaviləsinə imza atmışdır. Belə ki, şirkət onu işə qəbul edəndə müqaviləyə, təhvil-təslim aktına, ərizəyə imza atdırıb. Lakin o, imzalayanda tarix qrafası boş olmuş, sənədlərdə tarixlər sonradan yazılmışdır. MMC-nin rəhbərinə ünvanlanan ərizəni şəxsən özü yazsa da, tarixi özü yazmamış, sonradan yazılmışdır.İşdən çıxandan sonra şirkətdən heç bir məhsul götürməmişdir.
22. Məhkəmə tərəfindən yaranmış mübahisənin həll edilməsi üçün üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 4/932-5/732 saylı ekspert rəyi ilə mülki işin 54-cü vərəqində 05 dekabr 2019-cu il tarixli, 033/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin yuxarı hissəsində "033/2019" rəqəmlərin və tarix göstəricisi qrafasındakı "05 dekabr 19" rəqəmli yazıların, mülki işin 55ci vərəqində olan 05 dekabr 2019-cu il tarixli, 033/2019 nömrəli Təhvil-təslim aktının yuxarı sağ hissəsində "033/2019 05 dekabr 19", tarix göstəricisi qrafasındakı "05 dekabr 19", həmin təhvil-təslim aktının yuxarı hissəsində "Satıcı və Alıcı arasında bağlanmış" yazıları qarşısındakı "033 05 dekabr 19" və "Müqaviləsinə əsasən" yazıları qarşısındakı "30 000 otuz min" rəqəmli yazıların, mülki işin 56-cı vərəqində olan Cavabdeh adından Avrora MMC-nin prezidentinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin aşağı sol küncündə "xx.xx.2020" rəqəmlərin - eyni Şəxs tərəfindən icra olunduğu, lakin Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu, ərizədəki "xx.xx.2020" əlyazıları və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə fərqli diyircəkli qələmlə icra olunduğu, müqavilədəki "05 dekabr 19" alyazıları və "İmza" grafasındakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunduğu. Təhvil-təslim aktındakı "033/2019 05 dekabr 19 30000 otuz min" əlyazıları və "İmza" qrafasındakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunduğu müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
25. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
26. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
28. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
29. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
30. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
31. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
32. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
33. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
34. Yuxarıda sadalanan normaların məzmunundan müəyyən edildiyi kimi öhdəliyin yaranması üçün ya müqavilə olmalı, ya zərər vurulması müəyyən edilməli, ya da əsassız varlanma baş tutmalıdır. İşin mübahisə doğurmayan halı tərəflərin əvvəllər əmək münasibətlərində olmalarıdır. Buna baxmayaraq iddiaçı iddia edir ki, aralarında olan əmək münasibətlərinə xitam verildikdən sonra cavabdehlə arasında müqavilə münasibətləri yaranmış və cavabdehə təhvil-təslim aktındakı malları nisyə satmışdır. Lakin cavabdeh aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyinə görə daha sonra borcunu etiraf etməsi barədə müəssisənin rəhbərinə ərizə ilə müraciət etmiş və 3 ay ərzində borcunu ödəyəcəyi barədə vəd vermişdir.
35. İddiaçının bildirdiyi qaydada hadisələrin ardıcıllığına diqqət yetirsək o təəssürat yaranır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasında(təqribən 3 ay) əmək münasibətləri olmuş, daha sonra xx.xx.2019-cu ildə cavabdeh iddiaçıya nisyə alqı-satqı müqaviləsi bağlamağı təklif etmiş və müqavilə bağlanaraq ƏDV-ilə birlikdə toplam 30000 manat dəyərində olan enerji içkiləri cavabdehə təhvil verilmiş, cavabdeh isə öz növbəsində həmin məhsulların dəyərini 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh borcunu etiraf etmiş və əlavə 3 ay möhlət istəmişdir. Odur ki, iddiaçı sadalanan hadisələrin ardıcıl formada baş verdiyinə, müqavilənin və onunla bağlı digər hərəkətlərin formal olmadığına məhkəməni inandırmağa çalışmaqla iddiasını əsaslandırmışdır.
36. Lakin hadisələrin müqayisəli təhlili aparıldığı zaman iddiaçının dəlilləri işin faktiki halları ilə uzlaşmır. Belə ki, iddiaçının Əmək Məcəlləsinin 69b bəndinə əsasən əmək münasibətlərinə xitam verdiyi şəxslə(əmək müqaviləsi üzrə fəhlə kimi rəsmiləşdirilmiş şəxslə) 1.5 ildən sonra nisyə alqı-satqı müqaviləsi bağlaması,üstəlik topdan satış şirkəti ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxs arasında həmin formada müqavilənin bağlanması, eyni zamanda müqavilə üzrə öhdəliyin icrası üçün 3 ay müddət verməsinə baxmayaraq, təqribən 1.5 ay sonra borcun etirafı barədə ərizənin yazdırılması, bundan da 2 il sonra məhkəməyə borcun tutulması barədə iddia ərizəsinin verilməsi(xəbərdarlıq isə 1 il 7 ay sonra göndərilmişdir, buna qədər cavabdehdən hər hansı məbləğ tələb edilməmişdir), həmin müddətdə də borcun ödənilməsi ilə bağlı aparılmış hesablaşmalara dair sübutların təqdim edilə bilməməsi inandırıcı deyildir. Eyni zamanda iddiaçının tələbinin əsası kimi istinad etdiyi sənədlərdə(müqavilə, təhvil-təslim aktı, ərizə) tarix və məbləğin cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş olması şübhəli məqamları daha da gücləndirən amildir.
37. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
38. Bununla yanaşı cavabdeh iddiaya etiraz edərək, hadisələrin heç də iddiaçının sadaladığı qaydada olmadığını bildirmişdir. O isə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək münasibətlərində 3 ay deyil, 2017-ci ildən başlayaraq 1 il 4 ay müddətində olmuşdur və işdən çıxan zaman onun hər hansı borcu olmamış və ona qarşı tələb irəli sürülməmişdir, eyni zamanda işəgötürənlə hər hansı müqavilə münasibətlərində olmamışdır. Göstərilən müqaviləyə, təhvil-təslim aktına imza etdiyini, ərizəni isə şəxsən yazdığını qəbul etsə də, bildirmişdir ki, həmin yazılar işə düzələn zaman formal şəkildə hamıya yazdırılan mətnlərdir. O, müqaviləni, təhvil təslim aktını imzalayarkən və ərizəni yazarkən tarix qeyd olunmamış və boş qrafalar onun tərəfindən doldurulmamışdır. Bundan başqa iddiaçıya iddia edilən 30000 manatdan hər hansı məbləğ qaytarmamış(halbuki iddiaçı cavabdehin 30000 manatdan ödənişlər edildikdən sonra 1223.93 manat borcu qaldığını bildirir), bu barədə hər hansı hesablaşma aparılmamışdır(halbuki nisyə alqı-satqı müqaviləsinin 5-ci bəndində qeyd edilmişdir ki, alıcı satıcıya ödəməli olduğu vəsaiti, yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəməlidir). Eyni zamanda onun şirkətdə fəaliyyət sferası başqa olmuş, içkilərin satışı ilə deyil, yeyinti-qida məhsullarının satışı ilə məşğul olmuşdur.
39. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə müqayisədə cavabdehin etirazının dəlillərini daha inandırıcı hesab edir və qeyd edilən müqavilənin formallığı ilə bağlı məhkəmədə əsaslı qənaət formalaşdırır.
40. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
41. Eyni zamanda müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri).
42. Məhkəmə tərəflərin müqaviləyə qədərki münasibətlərini, sonrakı hərəkətlərini, tələbin əmək münasibətlərindən və ya müqavilədən irəli gəlməsi barədə qeyri-müəyyənliyi, hadisələrin məntiqsiz ardıcıllığı ilə bağlı şübhəli məqamları, borcun etirafı barədə cavabdehin adından yazılmış ərizədəki tarixin başqa şəxs tərəfindən icra olunmasını, müqavilə üzrə borcun ödənilməsinə dair hesablaşmaların aparılmadığını nəzərə alaraq o qənaətə gəlir ki, məhsulların nisyə-alqı satqısı barədə 05 dekabr 2019-cu il tarixli, 033/2019 saylı müqavilə görünüş üçün bağlanmışdır və bağlandığı andan etibarsızdır.
43. Belə ki, Mülki Məcəllənin 337.3 və 337.4-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir və etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
44. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
45. Bu səbəbdən iddiaçının formal olaraq görünüş üçün bağladığı nisyə alqısatqı müqaviləsi üzrə tələb irəli sürməsi əsassız hesab edilməlidir.
46. Tətbiq edilən prosessual normalar:
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
49. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
50. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
52. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 218 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
53. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 218 (iki yüz on səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev