Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-204/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 22925,4 manat məbləğində sığorta ödənişinin, 158,78 manat məbləğində dövlət rüsumunun və 0.4 manat xidmət haqqının, cəmi 23084,58 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus olan “Mercedes Benz 190” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Nərimanov DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı elektron qərara əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-XR-*** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 27051,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən "xxxx" markalı, ** XR *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 27051,60 manat məbləğində sığorta ödənişinin 4126.2 manat məbləğində olan hissəsi “Mercedes Benz 190” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 22925.4 manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki,"xxxx" markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. Nərimanov DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı elektron qərara əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1cimaddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan və “Mercedes Benz 190” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt avtomobil mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, **-XR-*** dövlət nömrə nişanlı avtomobilə avtomobilə dəymiş zərərin məbləği ASC tərəfindən 27051,60 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki,"xxxx" markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 27051,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “1 C” sistemindən çıxarışdan müəyyən olunur ki,"xxxx" markalı, ** XR *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 27051,60 manat məbləğində sığorta ödənişinin 4126.2 manat məbləğində olan hissəsi“ Mercedes Benz 190” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/0005 saylı Geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun ünvana çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən 22925,4 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, avtomobil rəsmi servisdə təmir edilmişdir. Avtomobil 2023-cü ilin avtomobilidir və ehtiyat hissələri bazarda yoxdur.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, 50 km sürətlə hərəkət etdiyini iddia edən maşına bu qədər zərərin dəymiş olması ehtimalı yoxdur. O ki, qaldı həmin avtomobil arxadan vurulmamışdır. Farası zədələnməmişdir. Qüsur aktında sadalanan avadanlıqların qiymətləiri həddindən artıq şişirdilmişdir. Avtomobilin 4 təkəri yox, bir təkəri partlamışdır. 705 manata şaqman təkərinin qiyməti təklif edilir, bu qiymət hədsiz yüksəkdir. Hansıki Rusiyada eyni markalı avtomobil üçün təklif edilən təkər qiyməti 12600 rubldur ki, burda təxminən 250 manat hesablana bilərdi. Avtomobilin buferində sadəcə çat olmuşdur, onun altındakı dəmir qoruyucunun zədələnmiş olması və dəyişdirilməsinin əsası yoxdur. Üçüncü şəxsin qeyd etdiyi Opel markalı maşını ümumiyyətcə görməmişdir. Bəlkə, o təcili yardımla xəstəxanaya aparılan zaman qəsdən gəlib. Bunun sübutu yoxdur. Hadisədən sonra xəstəxayana aparılmış və 1 ay xəstəxanada müalicə almışdır. Hadisənin ikinci günü onu qiymətləndirmə ilə bağlı məlumatlandırmaq üçün axtarsalar da, xəstə olduğundan həmin prosesdə iştirak edə bilməmişdir. Dəyişdirilən hər bir avadalığın kodu olmalıdır. Həmin kodlarla bu dəyişiklikləri və qiymətlərini sübut etməlidirlər. 4000 manata avtomobilin oturacağının dəyişdirilməsi, ağlabatan deyil. Ona görə də, dəyişən bütün detalların ona verilməsini tələb edir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı 4 avtomobil toqquşmuşdur. O, yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Hazırda tələb edilən məbləğlə razı deyil. Belə ki, hadisə zamanı "xxxx" markalı avtomobilin bamperində kiçik çat əmələ gəlmiş, sağ qanadı əzilmiş, qabaq sağ qapının kantı qırılmış və sağ qapının airbaqı açılmışdır. Ekspert rəydə qabaq traversində zədələndiyini qeyd etmişdir, lakin qabaq çəkən avtomobildə travers olmur. O, yol nəqliyyat hadisəsi zamanı avtomobilin fotoşəkillərini çəkmişdir. İkinci dəyən maşına 800 manat zərər dəymişdir. "xxxx" markalı avtomobilin qiyməti 43400 manatdır, necə olur ki, hadisə nəticəsində avtomobilə 27000 manat zərər dəyir. Sağ qapı çox əzilməmişdir və içəriyə girməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi avtomobilin təmir olunduğunu bildirmişdir. Ekspert öz rəyini onun iştirakı olmadan iş materiallarına əlavə olunmuş qüsur aktına əsasən tərtib etmişdir. Qüsur aktı iddiaçı tərəfindən tərtib olunmuşdur. Belə olduğu halda iddiaçının qiymətləri şişirtmə ehtimalı vardır. Rəydə avtomobilin farası 2500 manat məbləğində qiymətləndirilmişdir. Lakin avtomobilin farası zədələnməmişdir. Avtomobilin qapısının yalnız üstünün kantı düşmüş, oturacaq isə əyilməmişdir. "xxxx" markalı avtomobilin təzəsinin qiyməti 43400 manatdır, necə olur ki, hadisə nəticəsində avtomobilə 27000 manat zərər dəymişdir. O, sıradan çıxmış ehtiyat hissələrini tələb edir. Bundan başqa avtomobilin dəyişilən hissələrinin qiyməti şişirdilmişdir. Ona görə də, sıradan çıxmış ehtiyyat hissələrinin ekspert tədqiqatına təqdim edilməsini və həmin hissələrin müayinə olunması yolu ilə mülki iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirir ki, idarə etdiyi avtomobili digər Cavabdeh2 2013-cü ildə etibarnamə əsasında almışdır.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, onun avtomobili "xxxx" ASC tərəfindən kasko sığorta edilmişdir. Onun üçün göstərilən qiymətlərin və tələb edilən məbləğin heç bir fərqi yoxdur. Hadisə baş verən zaman idarə etdiyi avtomobil servisdən alınmış və 20 günün avtomobili olmuşdur. Həmin gün hadisə barədə məlumat verəndən sonra, sığorta şirkətinin iki əməkdaşı gəlmiş və onun bir işi olmadığını gerisini özləri həll edəcəklərini bildirdiklərindən hadisə yerindən aralanmışdır. Daha sonra şirkətdən avtomobilin yenisi ilə əvəz edilməsini xahiş etmiş, lakin ona bildirmişlər ki, dəyən zərər avtomobilin dəyərinin 50 %-ni təşkil etmədiyindən maşının yenisi ilə əvəzlənməsi mümkünsüzdür. Ona görə də, avtomobilin zədələnən bütün detallarının yenisi ilə dəyişdirilməsini tələb etmişdir. Avtomobil servisdən alındığından 8 il qarantiya müddəti olmuşdur. Həmin müddəti itirməmək üçün avtomobilini servisdə təmir etdirmişdir. 6 ay maşınsız qalmış və avtomobilinin təmirini gözləmişdir. Maşınına arxadan Opel markalı avtomobil dəyib. Maşında ancaq krılonun altındakı kuza çəkiclə düzəldilib. 4 təkərin hamısı yenisi ilə əvəzlənib. Disklərdən qismən yararlı halda olanı olsa da, onlarında dəyişilməsini tələb edib. Maşının damını yapışdırmağı təklifini belə qəbul etməmiş, tamamilə dəyişdirilmişdir. Oturacaqlar, faralarının içi isə dağıldığından faralar, hətta maşının beyni belə dəyişdirilmişdir. Farasının içi isə dağıldığından dəyişdirilmişdir. Oturacaqlar, faralar, dam bunlar servisdən götürülmüşdü. Servisdə olanda ofisə zəng gəlmiş, Anar adlı şəxs ona sığortanın rəisi tərəfindən zədələnən hissələrin götürüldüyünü demişdir. Servisdə onun maşını ilə maraqlanan Rüfət adlı şəxsdə, detalların sığorta (servis) tərəfindən götürüldüyü demişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2023 olan Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 55000 manat məbləğində xx.xx.2023-cü il tarixində xx.xx.2024-cü il tarixədək tam sığorta edilmişdir.
10. TP seriyalı, ******* saylı xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixində istifadəsində olan **-VH-*** dövlət qeydiyyat nişanlı Mercedes 190 minik markalı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci madddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərar alınmışdır.
11. "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından görünür ki, Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 27051,6 manat hesablanmışdır.
12. Çıxarışa görə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" ASCnin hesabına 4126,2 manat məbləğində sığorta ödənişi edilmişdir.
13. "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, AZ0017585 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 27051,60 manat ödəniş edilmişdir.
14. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində Z.Bünyadov pr-tində YNH-toqquşma baş vermiş, Cavabdeh2 mülkiyyətində olan və avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan Cavabdeh1 tərəfindən idarə olunan **-VH-*** dövlət qeydiyyat nişanlı Mercedes 190 minik markalı nəqliyyat vasitəsi ilə X4 məxsus Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.
15. Bakı şəhəri Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işinin başlanmasından rədd edilməsi və s. qərara alınmışdır.
16. "xxxx" MMC tərəfindən məhkəmənin e-2(001)-2786/2024 saylı, xx.xx.2024cü il tarixli sorğusuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, M-34 saylı məktubda göstərilir: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)-2786/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli sorğu məktubunuza cavab olaraq bildirilməlidir ki, "xxxx" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə "xxxx" MMC-nin balansında olan servis mərkəzində texniki xidmət göstərilmiş və hansı işlərin aparılmasına dair ********** nömrəli təmir kartı, görülmüş işlərin dəyəri olaraq "xxxx" ASC-yə göndərilmiş elektron qaimə-faktura və ödənişə dair sənədlər nəzərinizə çatdırılır. Əlavə olaraq qeyd edilməlidir ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanan "Avtomobilə texniki xidmət göstərilməsinə dair" 9/C nömrəli "Təmir və bərpa xidmətlərinin göstərilməsinə dair" müqavilənin 3.4.10-cü bəndinə əsasən, icraçının təklifi ilə sifarişçi zədələnmiş ehtiyat hissələrini götürməkdən imtina edərsə və nəqliyyat vasitəsi təhvil verildikdən sonra 7 təqvim günü ərzində bununla bağlı icraçıya rəsmi məktub göndərməzsə ehtiyat hissələri təhvil verilmiş hesab edilir. Yuxarıda qeyd edilən bəndə əsaslanaraq bildirilməlidir ki, dəyişdirilmiş ehtiyat hissələri "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə təklif edilsə də, qarşı tərəf ehtiyat hissələrini götürməkdən imtina etdiyindən həmin ehtiyat hissələri tullantı kimi atılmışdır.
17. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən ********** saylı təmir aktından görünür ki, "xxxx" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 27284,66 manat ödəniş edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 9/4207 saylı ekspertiza rəyindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli qüsur məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2023-cü il buraxılışlı, “Chery Tiggo 8 Pro” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla, dəyişilməli hissələrin dəyəri 23075,00 manat, təmir-bərpa işlərinin qiyməti 3976, 60 manat müəyyən edilmişdir.
19. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 158,78 manat məbləğində dövlət rüsumu , 0,40 qəpik bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
20. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində saat 16:10 radələrində Z.Bünyadov pr-tində Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi **-VH-*** dövlət qeydiyyat nişanlı Mercedes 190 minik markalı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 məxsus Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı Cavabdeh1 barəsində TP seriyalı, ******* saylı xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir.
21. Hadisə nəticəsində X4 məxsus Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 27051,60 manat zərər dəydiyi müəyyən edilmişdir.
22. **-VH-*** dövlət qeydiyyat nişanlı Mercedes 190 minik markalı nəqliyyat vasitəsi isə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalandığından "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin bank hesabına 4126,20 manat sığorta ödənişi ödənilmişdir.
23. Hazırda iddiaçı qalıq qalmış 22925,4 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında cavabdehlərdən, yəni avtomobilin mülkiyyətçisi Cavabdeh2 və avtomobili qanuni əsaslarla idarə edən X1 tutulmasını xahiş edir.
24. Cavabdeh X6 məhkəmə iclasında vermiş olduğu izahatında avtomobili 2013cü il etibarnamə ilə Cavabdeh2 aldığını, hadisədə təqsirli olduğunu, Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı təqdim edilən qüsur aktını etibarlı hesab etmədiyini, qiymətlərin hədsiz şişirdilməklə hesablandığını bildirmişdir.
25. Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 izahatında bildirmişdir ki, avtomobilinin yeni (20 günlük) olmasını və kasko sığorta etməsini nəzərə almaqla, zərər dəymiş bütün avadanlıqlarının yenisi ilə əvəz edilməsini, avtomobil qarantiyada olduğuna görə yalnız rəsmi servisdə təmir edilməsini tələb etmişdir.
26. Yaranmış mübahisənin aradan qaldırılması və işin obyektiv həllinə nail olmaq üçün mülki iş üzrə məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 9/4207 saylı ekspertiza rəyi ilə "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli qüsur məlumatlarına əsasən 2023-cü il buraxılışlı, “Chery Tiggo 8 Pro” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla, dəyişilməli hissələrin dəyəri 23075,00 manat, təmir-bərpa işlərinin qiyməti 3976, 60 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
29. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
30. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
31. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
32. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
33. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
34. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;
35. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
36. Sadalanan normaların məzmunundan göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
37. Bundan başqa sığortaçının verdiyi sığorta ödənişi məbləğində sığorta ödənişi almış şəxsə zərər vurmuş şəxsdən geriyə tələb etmək hüququ, yəni subroqasiya hüququ vardır.
38. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı sığorta şirkəti zərər dəymiş avtomobilin kasko sığortası üzrə sığortaçısıdır. Zərərin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən X6 tərəfindən vurulması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün 27051,60 manat sığorta ödənişi edilmiş və həmin sığorta ödənişinin bir hissəsi, yəni 4126,20 manatı yüksək təhlükə mənbəyinin icbari sığortası üzrə sığorta şirkəti tərəfindən qarşılanmışdır. İddiaçı hazırda qalıq məbləği, yəni 22925,4 manatı tələb edir, Cavabdeh1 isə zərərin məbləği ilə razı olmamışdır.
39. Məhkəmə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirmiş və ekspert vurulmuş zərərin miqdarını qüsur aktında olduğu kimi nəzərə hesablama yolu ilə 27051.6 manat məbləğində müəyyən etmişdir.
40. Məhkəmə cavabdehin etirazının dəlillərini ona görə əsassız hesab edir ki, zərər dəyən avtomobil yeni və rəsmi zəmanətdə olduğu üçün onun dəyişilməli olan detallarına köhnəlmə faizi tətbiq etmək mümkün deyildir, eyni zamanda detalların başqa mağazalardan alınması mülkiyyətçinin mənafeyinə uyğun deyildir. Hansı ki, hamıya bəllidir ki, bu halda rəsmi servis təmir edilən(yenisi ilə əvəz edilməyən), başqa bazardan əldə edilən ehtiyyat hissələrinə və başqa servisin göstərdiyi xidmətə zəmanət vermir. Halbuki, avtomobilin zəmanət müddəti 8 ildir.
41. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, avtomobilə dəymiş zərərin məbləği rəsmi servisin qiymətlərinə uyğun müəyyən edilməlidir.
42. Məhkəmə eyni zamanda hesab edir ki, həmin məbləğ yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən cavabdeh X1 tutulmalı, digər Cavabdeh2 məsuliyyəti istisna edilməlidir.
43. Belə ki, cavabdeh X3 yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə etməsi işin mübahisəsiz halıdır, çünki yol nəqliyyat hadisəsini törədən şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməmişdir. İddiaçının zərərin əvəzinin həm mənbə sahibindən, həm də mənbəni qanuni əsaslarla idarə edən şəxsdən tutulmasının qanuni əsası müəyyən edilmir.
44. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyula bilər. Normadan göründüyü kimi qanunverici konkret olaraq yüksək təhlükə mənbəyinə sahiblik edən, öz də qanuni əsasla sahiblik edən şəxsin vurulmuş zərərə görə məsuliyyət daşımasını təsbit etmişdir. Bu normadan istisnalar həmin Məcəllənin 1108.2-ci maddəsində və 1099-cu maddəsində göstərilən hallarda mümkündür. Hansı ki, hazırki mübahisədə bu hallar yoxdur. Tətbiq edilən prosessual normalar:
45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
46. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
50. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 22925,4 manat məbləğində pul vəsaiti və 158,78 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 22925,4 (iyirmi iki min doqquz yüz iyirmi beş manat, qırx qəpik) manat məbləğində pul vəsaiti və 158,78 (yüz əlli səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev