Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2045/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh Sahil oğluna qarşı “alğı-satqı müqaviləsi üzrə borc tələbi və avtomobil dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2023-cü il tarixli, B-753-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 1714,28 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 524,92 manat dəbbə pulu, “Changan CS55 PLUS” markalı 99- PN-027 d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 1211,95 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 54,52 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın, ümumilikdə 3506,67 (üç min beş yüz altı manat, 67 qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B753-AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan CS55 PLUS” markalı (istehsal ili: 2023; VİN: LS4ASE2E7PA321270) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilənin Şirkət tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. “Changan CS55 PLUS” markalı, **-PN-*** d.q.n.-lı avtomobil xx.xx.2024-cü il tarixində iddiaçıya təhvil verilmiş və rəsmi servis mərkəzinə gətirilmişdir. Avtomobil servis mərkəzinə gətirildikdən sonra avtomobilə əsaslı baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri aparılmış və icra edilmiş xidmətlərə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş “Changan CS55 PLUS” markalı 99- PN-027 d.q.n.-lı avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-bərpa işlərinin ümumi dəyəri 1211,95 manat təşkil etmişdir. Eyni zamanda bildiririk ki, müqavilənin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 1714,28 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 524,92 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-753-AAE-23 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlə mübahisənin barışıq sazişi ilə həllinə nail olmaq niyyətindədirlər. Əgər cavabdeh hal-hazırda razılaşarsa, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh barışıq sazişinin şərtlərinin və nəticəsinin ona aydın olduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, maşının cərimələri ilə bağlı məsələnin həll olunmasını istəyir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Bir tərəfdən İddiaçı MMC, direktor Nümayəndə1 şəxsində, digər tərəfdən Cavabdeh (Ş/V: AA*******, etibarlılıq müddəti: xx.xx.2033, FİN: xxxxxxx), Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aşağıdakı şərtlərlə bu Sazişi imzaladılar: 1.1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin təklifi və tərəflərin təşəbbüsü ilə İddiaçı MMC və Cavabdeh aşağıdakı şərtlərlə barışığın əldə edildiyini təsdiq edirlər: 1.1.1 Cavabdeh xx.xx.2023-cü il tarixli, B-753-AAE-23 nömrəli alğı-satqı müqaviləsinin icra edilməmiş öhdəlikləri nəticəsində yaranmış 1714,28 manat əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 524,92 manat dəbbə pulunun 300 manat hissəsi, “Changan CS55 PLUS” markalı, **-PN-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 1211,95 manat pul vəsaiti olmaqla, ümumilikdə 3226,23 manat pul vəsaitini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. 1.1.2 Cavabdeh bu müqavilənin 1.1.1-ci bəndinə göstərilən borc məbləğinin aşağıdakı ödəniş cədvəlinə uyğun olaraq "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür: xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq 400 manat, sonuncu ay (xx.xx.2026) 26.23 manat. 1.2 Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1.2-ci bəndində göstərilən ödəmə tarixlərindən sonra 10 gün müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli İddiaçı MMC-nin Cavabdeh Sahil oğluna qarşı “alğı-satqı müqaviləsi üzrə borc tələbi və avtomobil dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin razılığa gələrək imzalamaqla təsdiq etdikləri barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, saziş təsdiq edilməli və nəticədə yuxarıda qeyd edilən tələblə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh Sahil oğluna qarşı “alğı-satqı müqaviləsi üzrə borc tələbi və avtomobil dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə birinci tərəfin İddiaçı MMC, ikinci tərəfin Cavabdeh olduğu xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıda qeyd edilən şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1.1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin təklifi və tərəflərin təşəbbüsü ilə İddiaçı MMC və Cavabdeh aşağıdakı şərtlərlə barışığın əldə edildiyini təsdiq edirlər: 1.1.1 Cavabdeh xx.xx.2023-cü il tarixli, B-753-AAE-23 nömrəli alğı-satqı müqaviləsinin icra edilməmiş öhdəlikləri nəticəsində yaranmış 1714,28 manat əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 524,92 manat dəbbə pulunun 300 manat hissəsi, “Changan CS55 PLUS” markalı, **-PN-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 1211,95 manat pul vəsaiti olmaqla, ümumilikdə 3226,23 manat pul vəsaitini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. 1.1.2 Cavabdeh bu müqavilənin 1.1.1-ci bəndinə göstərilən borc məbləğinin aşağıdakı ödəniş cədvəlinə uyğun olaraq "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür: xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq 400 manat, sonuncu ay (xx.xx.2026) 26,23 manat. 1.2 Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1.2-ci bəndində göstərilən ödəmə tarixlərindən sonra 10 gün müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 54,52 (əlli dörd manat, əlli iki qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə dövlət büdcəsindən qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2045/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2045/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver