Məhkəmə qərarları › İş №e-2(001)-2048/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2048/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2048/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-119-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 1872 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 563,60 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 489,98 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 49,26 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın, ümumilikdə 2975,84 manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B119-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan UNİ-K” markalı (istehsal ili: 2022; VİN: LS4ASE2A0PA994074) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilənin Şirkət tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. “Changan UNİ-K” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində iddiaçıya təhvil verilmiş və rəsmi servis mərkəzinə gətirilmişdir. Avtomobil servis mərkəzinə gətirildikdən sonra avtomobilə əsaslı baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri aparılmış və icra edilmiş xidmətlərə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş “Changan UNİ-K” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-bərpa işlərinin ümumi dəyəri 489,98 manat təşkil etmişdir. Eyni zamanda bildiririk ki, müqavilənin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 1872 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 563,60 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-119-AAE-23 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Pretenziya qaydasında müqavilə öhdəliklərinin icrası tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı pul vəsaiti ödənilmədiyinə görə iddiaçının alqı-satqı müqavilələrinin müddəalarına uyğun olaraq, cavabdehdən ləğv edilmiş müqavilə üzrə borcun və müqavilənin ləğvi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Ona görə də, 2925,58 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 49,26 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılması üçün tərəflərindən məhkəməyə müraciət edilməsinə əsas yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli avtomobil alqısatqısı üzrə B-119-AAE-23 nömrəli müqavilənin surətindən görünür ki, Satıcı ümumi qiyməti 103410 manat olan Changan UNİ K, buraxılış ili 2022 olan avtomobil sonuncunun istifadəsinə verilmiş, alıcı isə müqavilədə alınan avtomobilin dəyərinin xx.xx.2023 tarixindən etibarən 60 ay müddətində, ayda 1612 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İcra edilmiş xidmətlərə dair Aktdan görünür ki, “Changan UNİ-K” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 489,98 manat məbləğində pul ödənilmişdir. İddiaçı MMC tərəfindən verilmiş “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsas borcu 1872 manat, cərimə 563,60 manat olmaqla, cəmi 2435,6 manat məbləğində borcu var. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 49,26 manat məbləğində dövlət rüsumu və 1 manat məbləğində komissiya haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada avtomobilin alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə dəbbə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə dəbbə məbləği azaldılmalı və müqavilə üzrə 56 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-119-AAE-23 müqavilə üzrə 1872 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 56 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 489,98 manat pul vəsaiti, ümumilikdə 2417,98 manat pul alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 41 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, B-119-AAE-23 müqavilə üzrə 1872 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 56 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 489,98 manat pul vəsaiti, ümumilikdə 2417,98 (iki min dörd yüz on yeddi manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 41 (qırx bir) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar