Məhkəmə qərarları › İş №e-2(001)-2059/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2059/2022

06.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2059/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “sayğacın dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “sayğacın dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən smart-kart tipli suölçən cihazın yararsız vəziyyətə düşməsi ilə əlaqədar yeni smart-kart tiplu suölçən cihazla dəyişdirilməsini və artıq ödənilmiş 184 (yüz səksən dörd) manat pul vəsaitinin növbəti ödənişlərdə cavabdeh tərəfindən nəzərə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 186 ünvanında yerləşən 70 saylı mənzili əldə etmişdir. Daha sonra iddiaçı “Asan kommunal”-a müraciət edərək mənzilə aid olan su sayğacı ilə bağlı Cavabdeh ASC ilə müqavilə bağlamışdır. Lakin 2020-ci ilin avqust ayında elektrik enerjisi bitdiyinə görə, rəqəmsal panel işləməmiş və o su sərfiyyatı ilə bağlı məlumat əldə edə bilməmişdir. Bununla bağlı Cavabdeh ASC-nin qaynar xətti ilə əlaqə saxlayaraq sayğacın dəyişdirilməsini və ya təmir edilməsini xahiş etmişdir, lakin ona heç bir problem olmadığı, sadəcə aparatın enerjisi bitdiyinə görə sərfiyyətin köhnə mexaniki sistemlə müəyyən ediləcəyi bildirilmişdir. İddiaçı narazı olduğunu bildirib aparatın dəyişdirilməsini xahiş etsə də, onun müraciətinə cavab gəlməmişdir. 2021-ci ilin mart ayından etibarən ona su sərfiyyətinə görə ağlasığmaz hesab fakturaları gəlməyə başlamışdır, halbuki, o, 2017-ci il tarixindən hər ay su sərfiyyətinə cəmi 5 manat ödəməli olurdu. 2021-ci ilin mart ayından 2022-ci ilin fevral ayına kimi iddiaçı tərəfindən 239 manat ödəniş həyata keçirilmişdir. Həmin vaxta qədər hər ay cəmi 5 manat ödəniş edildiyi nəzərə alınaraq, 11 ay üçün ümumilikdə 55 manat ödənişi çıxsaq, onun tərəfindən 184 manat artıq ödəniş edilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iclasa gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. İddiaçı Mətləb oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə ünvanlayaraq 2021-ci ilin fevral ayından 2022-ci ilin iyun ayına kimi cavabdeh tərəfindən artıq hesablandığına görə ödənilmiş 250 manatın cavabdehdən tutularaq ona ödənilməsi və cavabdehin üzərinə **********700 abonent kodu üzrə 49847304 nömrəli smart-kart tipli suölçən cihaz su sayğacının yararsız vəziyyətə düşməsi ilə əlaqədar yeni smart-kart tipli suölçən cihaz su sayğacı ilə dəyildirilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli elektron arayışından və e-su portalından çıxarışdan görünür ki, İddiaçı tərəfindən 2021-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək 239 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası MM-nin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyridəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qanunun: - 2.1.5-ci bəndinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; - 2.1.7-ci bəndinə əsasən, istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; - 2.1.8- bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək vəzifəsi vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Göründüyü kimi iddiaçının mülkiyyətində olan mənzilə öz vəsaiti hesabına su sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi qismən əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “sayğacın dəyişdirilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehin üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında **********700 abonent kodu üzrə, 49847304 nömrəli smart-kart tipli suölçən cihaz su sayğacı (plomb nömrəsi 410137) yararsız vəziyətə düşməsi ilə əlaqədar yeni smart-kart tipli suölçən cihaz su sayğacı ilə dəyişdirilməsinə dair öhdəlik qoyulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında **********700 abonent kodu üzrə, 49847304 nömrəli smart-kart tipli suölçən cihaz su sayğacı (plomb nömrəsi 410137) yararsız vəziyətə düşməsi ilə əlaqədar yeni smart-kart tipli suölçən cihaz su sayğacı ilə dəyişdirilməsinə dair öhdəlik Cavabdeh ASC–nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar