Məhkəmə qərarları › İş №e-2(001)-2078/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2078/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2078/2023 27.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BL213441 saylı, xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsinə əsasən 129,72 manat əsas borc, 12,97 manat cərimə ümumilikdə 142,69 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında BL213441 saylı, xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 01 saylı əlavəsinə əsasən, cavabdeh 12 ay müddətinə hər ayın 29-dan gec olmamaqla 39 manat ödəməyi üzərinə götürmüşdür. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, üzərinə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Borca dair arayışdan görünür ki, BL213441 saylı, xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-yə yaranmış 129,72 əsas borc, 12,97 manat cərimə olmaqla ümumilikdə 142,69 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, cavabdehin qapısı bağlı olduğuna görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BL213441 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı dəyəri 463 manat olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür; Müqavilənin 1 saylı əlavəsinin surətindən görünür ki, Alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir; xx.xx.2023-cü il tarixli borca dair arayışın surətindən görünür ki, Cavabdeh ilə satıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BL213441 saylı nisyə satış müqaviləsi üzrə 129,72 manat əsas borc, 12,97 manat cərimə olmaqla cəmi 142,69 manat təşkil edir; xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianı məhkəmədə qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli, BL213441 saylı müqavilə üzrə hesablanmış cərimə məbləği azaldılmalı və müqavilə üzrə 2 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, BL213441 saylı müqavilə üzrə 129,72 manat əsas borc, 2 manat cərimə olmaqla, cəmi 131,72 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 29 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, BL213441 saylı müqavilə üzrə 129,72 manat əsas borc, 2 manat cərimə olmaqla, cəmi 131,72 (bir yüz otuz bir manat, yetmiş iki qəpik) manat məbləğində pul və 29 (iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar