Məhkəmə qərarları › İş №e-2(001)-2306/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2306/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2306/2023 12.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələri üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələri üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, kombi dəmir döküm Nitron Plus, X7, Samsung Galaxy A9 və Xiaomi Mi9 markalı telefonlar, su qızdırıcısı ariston almış, müqavilələr üzrə öhdəliklərini icra etmədiyindən iddiaçıya cəmi 6288 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərinin icrası ilə bağlı xəbərdarlıq edilsə də, sonuncu borcunu ödəməmişdir. Ona görə də xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 2880 manatın, dəbbə puluna görə 864 manatın, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1192 manatın, dəbbə puluna görə 349,9 manatın, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 710,6 manatın, dəbbə puluna görə 210 manatın, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 63,5 manatın, dəbbə puluna görə 18 manatın, ödənilmiş dövlət rüsumuna görə 82,88 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, o, 2019-cu ildə Azadlıq filialında yerləşən Kontakt Home mağazalar şəbəkəsinə qonşusu və dostu X4 ilə yaxınlaşmış, dosdu bəzi məhsullar seçdikdən sonra kredit yerinə yaxınlaşdıqda kredit şöbəsində məhsulları ona verə bilməyəcəklərini söyləmişlər. Həmin vaxt Şahin hər ay vaxtdı vaxtdında krediti özü ödəyəcəyini deyib, aldığı əşyaları öz adına götürməsini ondan xahiş etmişdir. O, əvvəllər Kontakt Home mağazasından kredit götürüb vaxtı-vaxtında bağladığına görə mağazanın işçiləri X1 məhsulları, 1 ədəd Kombi dəmir döküm Nitron Plus, 1 ədəd Samsung LED markalı televizor, 1 ədəd Samsung Galaxy A9 markalı telefon, 1 ədəd Xiomi Mİ 9 markalı telefon, 1 ədəd su qızdırıcı Aristonu onun adına verə biləcəklərini bildirmişlər. Həmin məhsulları o, götürüb Ş.Ö.Mirzəliyevə vermişdir. 2020-ci ildə problemli şöbədən onunla əlaqə saxlanılarkən o, Ş.Ö.Mirzəliyevin krediti ödəmədiyini bilmişdir. Əlaqə saxlayarkən Şahin ona pandemiya ilə bağlı işdən çıxdığını bildirmiş və krediti tezliklə bağlayacağına söz verdmişdir. 2020-ci ilin sentyabr ayında o, könüllü olaraq müharibəyə getmiş, 2020-ci ilin dekabr ayında müharibədən qayıtmış, 4 rayonun azad olunmasına görə medallarla təltif olunmuş, 2-ci Qarabağ Müharibəsinin veteranıdır, ailəlidir, iki övladı vardır. Məhkəməyə çağırıldıqdan sonra o, qonşusu ilə əlaqə saxlamış, sonuncu 1500 manat vəsaiti iddiaçıya ödəmək üçün ona vermiş, hər ay 200 manat olmaqla borcu ödəyəcəyini bildirmişdir. Ona görə də iddiaçının müqavilələr üzrə əsas borc tələbini qəbul edir, cərimə tələbi ilə razı deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00854579 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 1272 manat olan Samsung Galaxy A9 markalı telefonu 12 ay müddətinə hər ay 106 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00855614 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 1050 manat olan Xiaomi Mi9 markalı telefonu 6 ay müddətinə hər ay 175 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00900288 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 370 manat olan su qızdırıcısı Ariston Lydosu 12 ay müddətinə hər ay 30 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00945521 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 2881 manat olan X7-ni və kombi dəmir döküm Nitron Plus-u 18 ay müddətinə hər ay 160 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 2880 manat, dəbbə puluna görə 864 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1192 manat, dəbbə puluna görə 349,9 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 710,6 manat, dəbbə puluna görə 210 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 63,5 manat, dəbbə puluna görə 18 manat olmaqla cəmi 6288 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla bağladığı müqavilələr üzrə öhdəliklərini icra etməyən cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 2880 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1192 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 710,6 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 63,5 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının hər dörd müqavilə üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 40 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 5 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00854579 saylı müqavilə üzrə əsas borca görə 1192 manat, dəbbə puluna görə 20 manat, xx.xx.2019-cu il tarixli 00855614 saylı müqavilə üzrə əsas borca görə 710,6 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2019-cu il tarixli 00900288 saylı müqavilə üzrə əsas borca görə 63,5 manat, dəbbə puluna görə 5 manat, xx.xx.2019-cu il tarixli 00945521 saylı müqavilə üzrə əsas borca görə 2880 manat, dəbbə puluna görə 40 manat, dövlət rüsumuna görə 82,88 manat olmaqla cəmi 5003,98 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar