Məhkəmə qərarları › İş №e-2(001)-2410/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2410/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2410/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 02 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1939 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 845 manat əsas borcu qalmışdır. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 10562 manat faiz borcu yaranmışdır (845 manat x 1230 gün x 1%=10562 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 07 mart 2020-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3344 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 3132 manat borcu qalmışdır. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 32886 manat faiz borcu yaranmışdır (3132 manat x 1050 gün x 1%=32886 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 500 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edirlər ki, Cavabdeh 02 iyun 2019-cu il tarixli, AZK5642231 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 845 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu və 07 mart 2020-ci il tarixli, AZK5691342 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3132 manat əsas borc, müqavilə üzrə hesablanmış 500 manat faiz borcu, 67 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4744 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 07 mart 2020-ci il tarixli, AZK5691342 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3132 manat əsas, müqavilə üzrə hesablanmış 500 manat faiz borcu və 02 iyun 2019-cu il tarixli, AZK5642231 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 845 manat əsas, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu, 67 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4744 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2019-cu il tarixli ******* saylı borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilkin olaraq 64 manat ödəmək şərti ilə, 15 ay müddətinə, hər ay 125 manat ödəmək şərti ilə, dəyəri 1939 manat olan məişət avadanlığı satılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 07 mart 2020-ci il tarixli AZK5691342 saylı borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilkin 212 manat ödəmək şərti ilə, 12 ay müddətinə, hər ay 261 manat ödəmək şərti ilə, dəyəri 3344 manat olan məişət avadanlığı satılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli AZK5691342 saylı müqaviləyə əsasən ödənilməmiş 3132 manat əsas və xx.xx.2019-cu il tarixli AZK5642231 saylı müqaviləyə əsasən ödənilməmiş 845 manat əsas borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 3977 manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan müqavilə borc müqaviləsi adlandırılsa da, müqavilənin şərtlərindən müəyyən olunur ki, faktiki olaraq tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 845 manat əsas, 200 manat faiz borcu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 3132 manat əsas, 500 manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 4677 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 845 manat əsas, 200 manat faiz borcu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 3132 manat əsas, 500 manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 4677 (dörd min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti və 67 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar