Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2411/2022 24.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə RSK5646267 saylı müqavilə ürə 708 manat əsas borc, 212 manat faiz borcu, 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 950 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** №-li VÖEN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 01 sentyabr 2018-ci il tarixində alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 01 sentyabr 2018-ci il tarixli RSK5646267 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1132 manat olan 1 ədəd “Samsung Galaxy A6” markalı telefon almış, ilkin ödəniş olaraq 70 manat ödəniş etmiş, nəticədə 1062 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 01 sentyabr 2018-ci il tarixli RSK5646267 saylı müqavilə üzrə sonuncu dəfə 22 mart 2019-cu il tarixində 59 manat ödəniş edilmişdir. Bu günədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alğı-satqı qiyməti 1132 manat olan 1 ədəd “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 708 manat ödənilməmiş hissə, 212 manat faiz borcu yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, lakin 29 mart 2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak etməsinin mümkün olmayacağı barədə məlumat verilmişdir. Eyni zamanda iddia ərizəsini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı ilə Cavabdeh arasında bağlanan 01 sentyabr 2018-ci il tarixli, ******* saylı nisyə alğı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satıcı ümumi dəyəri 1132 manat olan ədəd “Samsung Galaxy A6” markalı telefon satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə “satıcı” ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsində əsasən alıcı malın satış qiymətindən ilkin ödəniş cədvəlindən sonra qalan 1062 manatı 18 ay müddətinə ayda 59 manat olmaqla, hər ayın 30-dək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 % həcmində satıcının xeyrinə cərimə ödəyir.
6. İddiaçı tərəfindən alıcı Cavabdeh alğı-satqı müqaviləsi üzrə borcunun 10 gün müddətindən ödənilməsi barədə 17.02.2018-ci il tarixində xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində məhkəməyə iddia qaldıracağı və müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. İddiaçı ilə cavabdeh arasında 01 sentyabr 2018-ci il tarixli, ******* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı ümumi dəyəri 1132 manat olan əşyanı 18 ay müddətinə ayda 59 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmış, Cavabdeh isə qeyd edilən əşyanı nisyə almış və müqavilə ilə müəyyən edilmiş şərtlərlə onun dəyərini ödəməyi barədə öhdəlik götürmüşdür.
9. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə borcu yaranmışdır.
10. Hazırda da iddiaçı cavabdehin müqavilə üzrə borcunun yarandığını iddia edir və cavabdehdən 708 manat əsas, 212 manat faiz borcunun tutulmasını xahiş edir.
11. Halbuki, iş materiallarında olan nisyə alğı-satqı müqaviləsindən görünür ki, tərəflər arasında dəbbə pulunun ödənilməsi barədə razılıq əldə edilmiş, faiz məbləği və ya faiz ödənilməsi barədə hər hansı məqam nəzərdə tutulmamışdır. Hesab edilir ki, iddiaçı iddia ərizəsində cavabdehdən gecikməyə əsasən faiz borcunun tutulması dedikdə, əslində yaranmış cərimə borcunun tutulmasını nəzərdə tutmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər;
16. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir;
17. 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
18. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
19. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
21. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
23. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
24. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
25. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
26. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
27. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
28. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
29. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
30. Məhkəmə müqavilə üzrə tələb edilən (iddiaçının iddia ərizəsində faiz borcu kimi tələb etdiyi) cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
33. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir.
34. İşin hallarından göründüyü kimi iddiaçı 01 sentyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 708 manat əsas borc məbləğinə 212 manat cərimə borcu hesablamış və hazırda həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.
35. Lakin məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 70 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tətbiq edilən prosessual normalar:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
39. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
40. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
41. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 sentyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 708 manat əsas, 70 manat cərimə olmaqla, ümumilikdə 778 manat məbləğində pul vəsaiti və iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
42. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 01 sentyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə əsas borca görə 708 (yeddi yüz səkkiz) manat, cərimə borcuna görə 70 (yetmiş) manat olmaqla, ümumilikdə 778 (yeddi yüz yetmiş səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev