Məhkəmə qərarları › İş №e-2(001)-2515/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2515/2025

26.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2515/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 000 (iyirmi ikimin) manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, 42 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi,ev 16, 42 nömrəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslandırılması: Azərbaycan Respublikası ƏMDK-nın yanında Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 30 may 2017-ci il tarixdə verilmiş, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət rfeyestrindən çıxarışa əsasən, ümumi sahəsi 84,43 kv.metr olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 16 nömrəli evin, 42 nömrəli mənzili mənim xüsusi mülkiyyətim kimi qeydiyyatdan keçmişdir. Qeyd olunan mənzildə mənimlə yanaşı Cavabdeh və X2 qeydiyyatda olmaqla hal-hazırda orada yaşayırlar. Adları qeyd olunan şəxslərin mənim mülkiyyətimdə olan mənzildə qeydiyyatda olması və orada yaşamaqları bir mülkiyyətçi olaraq mənim hüquqlarımıməhdudlaşmasına səbəb olmuş və ona görə də onların mənim mülkiyyətimdə olan mənzildə yaşamasını və oradan istifadə etməsini istəmirəm. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 16 nömrəli evin, 42 nömrəli mənzilin hal-hazırki bazar qimətinə uyğun olaraq icarə haqqı 600 manat təşkil edir. Hesab edirəm ki, 22.000 manat məbləğində kompensasiya verilməklə Cavabdeh olğunun Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 16 nömrəli evin, 42 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməlidir. Hesab edirəm ki, təklif olunan kompensasiyanın məbləği cavabdehə imkan verir ki, o, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və xeyli müddət daxilində, başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşaya bilər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı özü də, cavabdehlə münasibətlərin korlanmasının tərəfdarı deyil. Faktiki olaraq həmin evdə cavabdeh yox, iddiaçı özü yaşayır. Bildiyinə görə cavabehin özünün İmişli rayonunda atadan qalma evi var. Təklif edilən kompensasiya məbləği məhkəmənin almış olduğu mütəxəssis rəyi nəzərə alındıqda ağlabatandır.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, mübahisəli mənzil əvvəllər iddiaçının anasına məxsus olmuş, 19 may 2017-ci il tarixində bağışlanma müqaviləsi ilə mənzil iddiaçıya bağışlanmışdır. Hazırda mənzildə iddiaçı və onun valideynləri yaşayır. İddiaçının atası ilə yola gedə bilmir. Evin oğluna bağışlanmasından atanın məlumatı var.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh, X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

8. 19.05.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X3 Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16 ünvanında, 42 saylı mənzili hədiyyə alan İddiaçı bağışlayır.

9. Premium Qiymətləndirmə MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müşayiət məktubuna görə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, 42 saylı mənzilin (ümumi sahəsi 84,43 kv.m) hal-hazırda bazar dəyəri və aylıq kirayə haqqı dəyərinin öyrənilməsi məqsədilə qiymətləndirmə aparılmış və Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, 42 saylı mənzilin (ümumi sahəsi 84,43 kv.m) 1 aylıq kirayə haqqının dəyəri xx.xx.2025-ci il vəziyyətinə 600 manat məbləğində müəyyən olunmuşdur.

10. Hüquqçu MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 0180 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, 42 saylı mənzilin (ümumi sahəsi 84,43 kv.m) orta aylıq kirayə haqqı qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 600 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. Cavabdeh iddiaçının atasıdır və mübahisənin obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16 ünvanında yerləşən 42 nömrəli mənzil xx.xx.2010-cu il tarixdə iddiaçının anası X1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının valideynləri arasında 2000-ci ildə bağlanmış nikah 2024-cü ildə pozulmuşdur.

12. 19.05.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16 ünvanında yerləşən 42 nömrəli mənzil iddiaçının anası tərəfindən ona bağışlanmışdır. Həmin müqavilə bağlanan zaman iddiaçı yetkinlik yaşına çatmadığına görə onun əvəzinə atası iştirak etmişdir.

13. Hazırda tərəflər arasında ailə mübahisəsi olduğundan iddiaçı atasına kompensasiya verilməklə onun istifadə hüququna xitam verilməsini və evdən çıxarılmasını tələb edir. Cavabdeh isə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmişdir.

14. Kompensasiya məbləği ilə bağlı məhkəmə iddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyi ilə razılaşmayaraq, öz təşəbbüsü ilə başqa rəy də almışdır. Hər iki rəylə mənzilin orta aylıq kirayə qiymətinin 600 manat olduğu müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları və qərarlar:

15. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

16. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

17. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

18. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tətbiq edilən prosessual normalar:

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

20. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

23. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

26. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hüquqi əsaslandırma və məhkəmənin mövqeyi:

27. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmasının yoxlanılmasıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir.

29. Hansı ki, qeyd edilən yaşayış sahəsinin əvvəlcə cavabdehin arvadının mülkiyyətində olması və əmlakın nikah dövründə alınmış olması, dolayısı ilə mülkiyyət hüququnun iddiaçıya keçməsinədək cavabdehin ən azından mənzildən istifadə hüququnun mövcudluğu şübhə doğurmur. Ona görə də, məhkəmə hesab edir ki, istifadə hüququnun hansı əsasla yaranmasından asılı olmayaraq, ona kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyü həm Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından, həm də Kostitusiya Məhkəməsinin Plenum qərarlarındakı formalaşmış hüquqi mövqe baxımından yolveriləndir.

30. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

31. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı onun elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

32. Göstərilənləri nəzərə alaraq, ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

33. İnsan hüquqları haqqında Ümumi Bəyənnamənin 25-ci maddəsinə əsasən hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq və yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən mərhum olduğu hallarda təminat hüququna malikdir. İqtisadi, sosial, və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinə görə bu Paktda iştirak edən dövlətlər hər kəsin özü və ailəsi üçün, kifayət qədər qida, paltar, mənzil, həmçinin həyat şəraitinin fasiləsiz yüksəlişi daxil olmaqla, qənaətbəxş həyat səviyyəsinə nail olmaq hüququnu tanıyırlar. İştirakçı dövlətlər bununla əlaqədar azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini etiraf edərək, bu hüququn təmin olunması üçün lazımi tədbirlər görməyi qərarlaşdırmışlar.

34. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

35. Tədqiq edilən sübutlarla da müəyyən edilir ki, mübahisəli mənzilin orta aylıq kirayə haqqı 600 manatdır. Belə olduğu təqdirdə iddiaçının təklif etdiyi (22000 manat) kompensasiya ilə cavabdeh təqribən 3 ilə yaxın bir müddətdə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər.

36. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır.

37. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, Cavabdeh mübahisəli mənzilindən istifadə hüququna xitam verilməsi müqabilində ona 22000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Nəticə

38. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 22 000 (iyirmi iki min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, 42 nömrəli mənzilə istifadə hüququna xitam verilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, 42 saylı mənzildən çıxarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 22 000 (iyirmi iki min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, 42 nömrəli mənzilə istifadə hüququna xitam verilsin və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, 42 saylı mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar