Məhkəmə qərarları › İş №e-2(001)-262/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-262/2025

30.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-262/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri - Xırdalan mənzilinin 3-cü km pk 2-də baş yolun kənarında dəmir yolunun təhkim zonasının 14 metrliyində inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) balansında olan Biləcəri - Xırdalan mənzilinin 3-cü km pk 2-də baş yolun kənarında Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 21 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən 14 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı, ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuş və qanunsuz tikilinin sökülməsi üçün Cavabdeh xəbərdarlıq edilmiş, ona dəmir yolunun mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikili sökülməmişdir. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarının icrası ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Binəqədi rayon şöbəsi tərəfindən təsdiq olunmuş sxematik planda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 521 nömrəli Fərmanında verilmiş tapşırığın icrası çərçivəsində "xxxx" ASC-nin hazırladığı aktual qrafik təsvirdə sözügedən ərazi üzrə dəmir yolu xəttinin mühafizə zonasının ölçülərinin 21 metr təşkil etdiyi qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Biləcəri-Xırdalan mənzilinin 3-cü km pk 2-də dəmir yolunun mühafizə zonasında tikinti işləri apardığını, mühafizə zonası 21 metr təşkil etdiyi halda tikinti işləri dəmir yolundan 14 metr məsafədə inşa edildiyini göstərərək özbaşına tikilinin sökülməsi xahiş etmişdir. İddia ərizəsini aşağıdakılara görə əsassız hesab edir. Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının 21-ci maddəsinə əsasan təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmır yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Cavabdeh tərəfindən inşa edilmiş tikili mühafizə zonasının ərazisinə düşmür. İddia ərizəsində tikilinin mühafizə zonasında inşa edilməsinin göstərilməsi həqiqətə uyğun deyil. Cavabdeh tərəfdən aparılmış ölçmə işləri nəticəsində müəyyən olunub ki, tikili dəmir yolu xəttindən 26 metr aralıda yerləşir. Digər tərəfdən təhkim zolağının iddiaçıya təhvil verilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməyib. Eyni zamanda ölçmə işlərinin konkret olaraq haradan başlanması göstərilməyib. Əraziyə baxış keçirilərkən müəyyən olunur ki, cavabdehin inşa etdiyi tikili dəmir yolu xəttinə müqayisədə həmin ərazidə yerləşən tikililərdən geridə yerləşir. Nəzərə almaq lazımdır ki, mühafizə zolaqları bir qayda olaraq dəmir yolunun sağ və sol xətlərindən başlayaraq hesablanır. İddia ərizəsinə əlavə edilmiş sxematik plandan görünür ki, ölçmə işləri dəmir yolunun xəttindən deyil, torpağ yatağının ətəyindən aparılmışdır. İddiaçı istinad etdiyi halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, onun tərəfindən aparılmış ölçmə işləri nəticəsində müəyyən olunmuşdur ki, tikili dəmir yolu xəttindən 26 metr aralıda yerləşir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 2 nömrəli Biləcəri yol sahəsinin Baş mühəndisi X2, Texniki şöbənin rəisi X3, 4-cü məntəqənin Yol ustası X4, həmin məntəqənin yol briqadiri X5, Biləcəri xətt polis şöbəsinin ictimai təhlükəsizlik qrupunun baş inspektoru-Polis kapitanı Emin Mahmudovun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Biləcəri yol sahəsinin xidməti ərazisində Biləcəri-Xırdalan mənzilinin 3km pk2 tək baş yolun kənarında qanunsuz olaraq tikilmiş yarımçıq tikili xx.xx.2023-cü il tarixində tərəflərindən dayandırlmış və akt tərtib edilmişdir. 2 nömrəli Biləcəri yol sahəsinin Baş mühəndisi X2, Texniki şöbənin rəisi X3, 4-cü məntəqənin Yol ustası X4, həmin məntəqənin yol briqadiri X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Biləcəri yol sahəsinin xidməti ərazisində Biləcəri-Xırdalan mənzilinin 3km pk2 tək baş yolun kənarında qanunsuz olaraq evinin qarşısında çoxdan tikilmiş daş hasarın içərisində tikinti işlərinə başlamışdır, xx.xx.2023-cü il tarixində tikinti işi dayandırılaraq aşkarlanmışdır. Lakin bir müddət sonra yenidən istirahət günləri və qeyri iş saatlarında vətəndaş Cavabdeh tərəfindən tikinti işləri davam etdirilmişdir. xx.xx.2023-cü il tarixində polis əməkdaşlarının köməkliyi ilə tərəflərindən qanunsuz tikilinin sökülməsinə cəhd olunsa da, vətəndaş Cavabdeh həyətə daxil olmalarına qəti şəkildə mane olmuş, darvazanı kilidləyərək qanunsuz tikilinin sökülməsini əngəlləmişdir. 2 nömrəli Biləcəri yol sahəsinin Texniki şöbənin rəisi X3, 4-cü məntəqənin Yol ustası X4, həmin məntəqənin yol briqadiri X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Biləcəri yol sahəsinin xidməti ərazisində Biləcəri-Xırdalan mənzilinin 3km pk2 tək baş yolun kənarında vətəndaş Cavabdeh tərəfindən qanunsuz olaraq evinin qarşısında yeni evin tikintisi aparmış və hal-hazırda ev yaşayış üçün hazır vəziyyətdədir. 2 nömrəli Biləcəri yol sahəsinin Baş mühəndisi Gündüz Soltanov, Texniki bölmənin rəisi Azər Fərzəliyev, 4-cü məntəqənin yol ustası Tural Cəbrayılov və yol briqadiri İlham Nurəliyevin iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Biləcəri yol sahəsinin xidməti ərazisində Biləcəri-Xırdalan mənzilinin 3km pk2 tək baş yolun kənarında qanunsuz tikintiyə baxış keçirilmiş. Baxış zamanı məlum olmuşdur ki, torpaq yatağının ətəyindən evin hasarına qədər məsafə 9 metr təşkil edir. Ev sahibinin razılığı olmadığı üçün hsardan evə qədər məsafəni dəqiq ölçmək mümkün olmadı. Lakin tikinti aparılan zaman yol yatağının ətəyindən tikintiyə qədər məsafə 14 metr təşkil edirdi. Hal-hazırda evin tam şəkildə tikilib istifadədə olduğu müəyyən olunmuşdur. Qeyd olunan ərazidə dəmir yoluna məxsus xüsusi mühafizə zonasına aid torpaq zolağının ölçüsü (eni) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 saylı qərarının tələblərinə uyğun olaraq tərtib edilmiş sxematik plana əsasən 21 metr təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayrıma normaları”nın 3.5-ci bəndin tələblərinə əsasən Cavabdeh məxsus fərdi yaşayış evinin hasarından 22,0 m, yaşayış evindən isə 27,0 m ara məsafəsində dəmir yolunun xəttinin yerləşdiyini nəzərə alaraq həmin tikilinin "xxxx" QSC-nin balansında olan Cavabdeh tərəfindən "xxxx" QSC-nin balansında olan Biləcəri-Xırdalan mənzillərin 3-cü km pk 2-də daş yolun kənarında inşa olunan fərdi yaşayış evinin dəmir yolu xəttinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Cavabdeh tərəfindən "xxxx" QSC-nin balansında olan Biləcəri- Xırdalan mənzillərin 3-cü km pk 2-də daş yolun kənarında inşa edilmiş fərdi yaşayış evinin hasarından 22,0 m, fərdi yaşayış evindən 27,0 m ara məsafəsində dəmir yolu xəttinin keçdiyi müəyyən edilir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir; 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır; 22.2-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir; 49.1.-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur; 50-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir; 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; 67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 521 nömrəli Fərmanında verilmiş tapşırığın icrası çərçivəsində "xxxx" ASC-nin hazırladığı aktual qrafik təsvirdə sözügedən ərazi üzrə dəmir yolu xəttinin mühafizə zonasının ölçülərinin 21 netr təşkil etdiyi müəyyən olunmuşdur. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Önəryıldız /Türkiyə, Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəfindən Biləcəri - Xırdalan mənzilinin 3-cü km pk 2-də baş yolun kənarında tikinti işlərinin aparılmışdır. Hazırda iddiaçı həmin tikililərin qanunsuz olaraq dəmir yolunun təhkim zonasında inşa edilməsini iddia edir. Məhkəmə iddiaçının tələbini əssassız hesab edir ki. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 521 nömrəli Fərmanında verilmiş tapşırığın icrası çərçivəsində "xxxx" ASC-nin hazırladığı aktual qrafik təsvirdə sözügedən ərazi üzrə dəmir yolu xəttinin mühafizə zonasının ölçülərinin 21 metr təşkil etdiyi müəyyən olunmuşdur. Hazırda isə iddiaçı cavabdeh tərəfindən inşa edilmiş tikilinin dəmir yolunun təhkim sonasının 14 metrliyində inşa edildiyini qeyd etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, aparılmış ekspertiza nəticəsində də Cavabdeh tərəfindən "xxxx" QSC-nin balansında olan Biləcəri-Xırdalan mənzillərin 3-cü km pk 2-də daş yolun kənarında inşa edilmiş fərdi yaşayış evinin hasarından 22,0 m, fərdi yaşayış evindən 27,0 m ara məsafəsində dəmir yolu xəttinin keçdiyi müəyyən edilmişdir. Bundan da görünür ki, cavabdeh tərəfindən inşa edilmiş yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 521 nömrəli Fərmanında verilmiş tapşırığın icrası çərçivəsində "xxxx" ASC-nin hazırladığı aktual qrafik təsvirdə sözügedən ərazi üzrə dəmir yolu xəttinin mühafizə zonasının ölçülərinin 21 metr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”da qeyd olunan məsafəyə düşmür. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar