Məhkəmə qərarları › İş №e-2(001)-2632/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2632/2025

05.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2632/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Bakı şəhər 27 saylı Notariat Ofisinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X35 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və qanunla müəyyən edilmiş payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələblərini dəqiqləşdirməklə, məhkəmədən Bakı şəhər 27 saylı notariat ofisi tərəfindən Cavabdeh5 və Cavabdeh1 adına verilmiş xx.xx.2024-cü il tarixli, 2V-33 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və notarius tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Həmin şəhadətnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov (sovet ordusunun 40 illiyi) küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 128.5 kv/m, yaşayış sahəsi 80.6 kv/m, 5 otaqlı olan fərdi yaşayış evinə dair Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 paylı mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi; X5 miras qalmış miras əmlak Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov (sovet ordusunun 40 illiyi) küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 128.5 kv/m, yaşayış sahəsi 80.6 kv/m, 5 otaqlı olan fərdi yaşayış evinə dair qanunla müəyyən edilmiş payın, yəni İddiaçı3 1/18 hissədə, İddiaçı2 1/18 hissədə, İddiaçı1 1/18 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov (sovet ordusunun 40 illiyi) küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 128.5 kv/m, yaşayış ahəsi 80.6 kv/m, 5 otaqlı olan fərdi yaşayış evinin 2/3 hissəsi xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11 məxsus olmuşdur. Miras qalmış həmin mlak barədə Bakı şəhər 27 saylı notariat ofisində Cavabdeh2 müraciəti əsasında V-111/2021 nömrəli vərəsəlik işi açılmışdır. Miras əmlak barədə notarius ərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-33 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2019-cu il tarixdə təsdiq edilən və reyestrdə 233 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan nəvəsi Cavabdeh5 (AZE 7370569, xx.xx.2017 - Asan 1, FİN:xxxxxxx, d/t:xx.xx.2001) və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsi,ev 79 ünvanında qeydiyyatdalan nəvəsi Cavabdeh1 (AA*******, xx.xx.2019 - Asan 1, FİN:xxxxxxx, d/t:xx.xx.1999) miras əmlakdan hər birinin 2/8 hissələrlə payı müəyyən edilmiş və sonuncuların adına mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin notarius tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xx.xx.2019-cu il tarixli, 2V -34 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə sasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X7 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan qızı - Cavabdeh2 (AA*******, xx.xx.2023 - Asan 7, FİN:xxxxxxx, d/t:xx.xx.1973) miras əmlakdan 4/8 hissədə payı müəyyən edilmişdir. Hesab edirik ki, xx.xx.2024-cü il tarixli, 2V-33 və 2V-34 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, həmin şəhadətnamələr əsasında Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 adına mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarış ləğv edilməli, iddiaçıların hər birinin miras əmlaka dair 1/18 payı müəyyən edilməlidir. Belə ki, X19 xx.xx.2020-ci ildə dünyasını dəyişmişdir. Onun ölümündən sonra miras əmlakda onun xx.xx.2011-ci ildə dünyasını dəyişmiş oğlu X20 ailə üzvləri, yəni X7 nəvələri hazırkı iddiaçılar həyat yoldaşı X21, İddiaçı3, İddiaçı2 və İddiaçı1 yaşamışlar və hazırda da həmin evdə qeydiyyatdadırlar. Mülki Qanunvericiliyə görə miras qoyan X7 nəvələri olan iddiaçıların da birinci növbəli vərəsələr olaraq miras əmlakda məcburi payı vardır və məcburi pay hüququ vərəsəlik üzrə keçir. Lakin cavabdehlər digər vərəsələrə (iddiaçılara) xəbər vermədən, gizli şəkildə, hüquqdan sui-istifadə edərək notariusa müraciət etməklə bütün miras əmlaka dair öz xeyirlərinə vərəsəlik şəhadətnaməsi əldə etmişlər. Notarius isə cavabdehlərlə əlbir olaraq digər vərəsələri müəyyən etmədən, onların vərəsəliyə çağırmadan digər vərəsələrdən gizli şəkildə vərəsəlik şəhadətnaməsini vermişdir. Halbuki, vərəsələrin dairəsini müəyyən etmək, onların vərəsəliyə çağırılmasını təmin etmək notariusun vəzifə borcudur. Onu da qeyd edim ki, hal-hazırda belə iddiaçılar həmin evdə qalmaqdadır. Nəticə etibarı ilə iddiaçılar miras əmlakı faktiki olaraq şəksiz və maneəsiz idarə etməklə, orada təsərrüfat aparmaqla qəbul etmişlər. Göründüyü kimi yüksələn xətt üzrə X5 miras qalmış miras əmlak barəsində vərəsəlik hüquqları onun nəvələrinə yəni iddiaçılara keçmişdir. Belə ki, qanunun tələbinə görə birinci növbəli vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) edilirlər. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq alideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Cavabdeh2 isə ailə həyatı quraraq rəsmi nikaha daxil olaraq köçmüşdür. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianı müdafiə etmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, iki vəsiyyətnamə mövcuddur. Bunlardan Zaqatala rayonu ərazisində verilmiş vəsiyyətnamə mübahisələndirilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi X2na məxsus olmuşdur. Miras qalmış həmin əmlak barədə Bakı şəhər 27 saylı notariat ofisində Cavabdeh2 müraciəti əsasında vərəsəlik işi açılmışdır. X2 ilə X13 arasında bağlanmış nikaha 2020-ci ildə xitam verilmişdir. Miras əmlak barədə notarius tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vəsiyyətnaməyə əsasən X2nun vəsiyyətnamədə göstərilən əmlakının vərəsələri olan nəvələri Cavabdeh5, Cavabdeh1 miras əmlakdan hər birinin 2/8 hissələrlə payı müəyyən edilmiş və dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin notarius tərəfindən verilmiş Cavabdeh2 miras əmlakdan 4/8 hissədə payı müəyyən edilmişdir. xx.xx.2011-ci ildə dünyasını dəyişmiş X20 ailə üzvləri, yəni X7 nəvələri hazırkı iddiaçılar həyat yoldaşı X21, İddiaçı3, İddiaçı2 və İddiaçı1 yaşamışlar və hazırda da həmin evdə qeydiyyatdadırlar. Lakin miras əmlakdan onlara çatmalı olan məcburi payı əldə edə bilməmişlər. Hazırda qanunla müəyyən olunan məcburi payı tələb edirlər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər.

6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, anası 2001-ci il tarixdə vəfat etmişdir. Atası ikinci dəfə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan övladı yoxdur. Qardaşı Mahir 2011-ci il tarixdə vəfat etmişdir. Atası sağ olanda onlara torpaq sahəsi də vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsində qeyd olunmuşdur ki, birinci dərəcəli vərəsələrə övladlar daxildir. Onlar olmadığı zaman vərəsəlik nəvələrə keçir. O, onlara düşən məbləği təklif etmişdir. İstəyir ki, bu məsələni məhkəmədən kənar qaydada həll edilsin. İddiaçılara demişdir ki, ev satılsın onlara düşən payı verilsin. Onlar isə xəbər göndəriblər ki, bu məsələni məhkəmədə uzadacaqlar. Notariusa özü müraciət etmiş, notarius Fərid və Rəşidi çağırıb. Evdə Fərid, Rəşid, qardaşımın yoldaşı və iki övladı yaşayır. Qızı Nüşabə ailə həyatı qurmuşdur. Tahir və Rəfiqə isə orada yaşayırlar və qeydiyyatdadırlar. Atası ilk başda ona Gədəbəydə yerləşən torpaq sahəsi ilə bağlı vəsiyyətnamə vermişdir, lakin sonradan ikinci vəsiyyətnamə verildiyi üçün həmin vəsiyyətnamə qüvvədən düşmüşdür. Evin dəyərin 300000-350000 arasıdır, T-təmirsizdir və 1 mərtəbəlidir.

8. Cavabdeh2 məhkəməyə təqdim etdiyi yazılı izahatında göstərir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsində vərəsəlikdə məcburi paya malik şəxslər konkret göstərilmiş və həmin şəxslər arasında nəvələr yoxdur. Yəni ona və digər cavabdehlərin mülkiyyətində olan həmin evdən iddiaçılara heç bir məcbur pay düşmür. Lakin buna baxmayaraq, o dəfələrlə xəbər göndərmişdir ki, 3 nəfər iddiaçılar və onların anası X21 həmin evdən pasport qeydiyyatından çıxsınlar və evi boşaltsınlar. Ev satıldıqdan sonra onlara 50000 manat pul veriləcəkdir. Lakin onlar konkret cavab verməmişlər. Sonradan məlum olmuşdur ki, məhkəmədə iddia qaldırmışlar. İddiçılar tələbdə hər birinə 1/18 faiz olmaqla, pay tələbi qoymuşlar. Baxmayaraq ki, onlara heç bir pay düşmür. Bir daha qeyd edir ki, evin qısa zamanda satılıb, mübahisənin tez həll olunması üçün iddiaçıların və onların anası Ü.Şamilovanın həmin ünvandan pasport qeydiyyatından çıxmaqla, evi boşaltmaq şərtilə iddiaçıların iddia tələbini yerinə yetirməyə razıdır. Yəni, ev satıldıqdan sonra ona düşən paydan 18/1 faizlə pay ayıracaq. Yəqin ki, o biri cavabdehlər də, onlara pay ayıracaq. Ona görə də, özü tərəfindən iddiaçıların tələblərinin yerinə yetirilməsini nəzərə alaraq, işin icraatına xitam verilməsini xahiş edir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçılar onun dayısının uşaqlarıdır və birlikdə böyüyüblər. Onların payını vermək istəyir. İddiaçılarla da, danışmışdır. Hazırda aralarında mübahisə yoxdur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar: əsasında müəyyən edilən işin faktiki halları:

10. AB seriyalı, 298776 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X26 arasında xx.xx.1972-ci il tarixində nikah bağlanmışdır. Nikah bağlanandan sonra arvada “Şamilova” soyadı verilmişdir.

11. İİ- ЖГ seriyalı, 384303 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1973-cü il tarixində Bakı şəhərində doğulmuş, atası X19, anası X22r.

12. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 187117 sayııə ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2001-ci il tarixində ölmüşdür.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2377/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X19 ilə Şamilova (Məşədiyeva) Həqiqət Teymur qızı arasında xx.xx.2004-cü il tarixində Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış, 341 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.

14. Gədəbəy rayon, İnəkboğan kənd İƏD tərəfindən verilən AZ-İİ seriyalı, 045618 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2020-ci il tarixində Gədəbəy rayonu, İnəkboğan kəndində ölmüşdür.

15. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən olan arayışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ 2/3 hissədə xx.xx.1982-ci il tarixində X19 və 1/3 hissədə xx.xx.2022-ci il tarixdə isə X14 adına qeydiyyatdan keçmişdir.

16. Şəmkir rayonu 1 saylı notariat kontorunda X19 tərəfindən verilən xx.xx.2018ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 5 ünvanında yaşayan X19 vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: Mənə məxsus olan Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yerləşən torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 vəsiyyət edirəm.

17. xx.xx.2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X3 rayon 2 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilən və reyestrdə 233 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakın vərəsələri ünvan 6 ünvanında qeydiyyatda olan Nəvəsi Cavabdeh5 və nəvəsi Cavabdeh1dur. Onlar miras əmlakdan hər biri 2/8 hissələrlə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kv.m, yaşayış sahəsi 80,6 kv.m, 5 otaqlı olan fərdi yaşayış evinin X2na aid olan 2/3 hissəsindən ibarətdir.

18. Cavabdeh2 tərəfindən Bakı şəhəri 27 saylı notariat kontorunda yazılan xx.xx.2021-ci il tarixli, **********1 saylı ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X7 adından miras qalmış əmlakları qəbul edir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notairus tərəfindən mənə izah edildi. Göstərilən əmlaklardan mənə çatası məcburi paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş edirəm. Məndən başqa olan vərəsələr: 1 nəvə Cavabdeh5, 2.nəvə Cavabdeh1.

19. Cavabdeh5 tərəfindən Bakı şəhəri 27 saylı notariat kontorunda yazılan 24.10.23-cü il tarixli, **********1 saylı ərizədən görünür ki, Cavabdeh5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş babası X7 adından miras qalmış əmlakları qəbul edir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notairus tərəfindən mənə izah edildi.

20. Əmlak Məsələləri dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəəsi, Ə.Əlixanov küçəsi ev 79, Yeni qaydalarla: AZ1113, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh5 1/6 hissədə pay hüququ, xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınmışdır.

21. Məcburi paya vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X34 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh2dır və o, miras əmlakdan 4/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kv.m, yaşayış sahəsi 80,6 kv.m, 5 otaqlı olan fərdi yaşayış evinin X2na aid olan 2/3 hissəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** olan arayışa əsasən vərəsəlik haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 4/8 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

22. Zaqatala rayonu, 2 saylı notariat ofisinin xüsusi Notariusu tərəfindən təsdiq edilən xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 5 ünvanında yaşayan X19 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir. Ötən günədək mənə məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq, mənə məxsus bütün daşınar və daşınmaz əmlaklarımı nəvələrim-xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh5 hər ikisinə bərabər hissədə olmaqla vəsiyyət edirəm.

23. Binəqədi rayon “Leyla” Nikah Evi tərəfindən verilən AZ-İ seriyalı, 153559 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.2001-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X9, anası X8r.

24. T-AZ 153152 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1999-cu il tarixində Bakı şəhərində doğulmuşdur. X9, anası X8r.

25. 1 saylı Bakı “ASAN Xidmət” X25 tərəfindən verilən AZ-İ seriyalı, 946628 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2018-ci il tarixində ölmüşdür.

26. Vİ-ЖГ seriyalı, 445395 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X16 arasında xx.xx.1995-ci il tarixində nikah bağlanmışdır.

27. XX-ЖГ seriyalı, 259942 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1996-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X10, anası X12r.

28. Bakı şəhəri Binəqədi VVADQ şöbəsi tərəfindən verilən 988559 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2002-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X10, anası X12r.

29. Bakı şəhəri Binəqədi VVADQ şöbəsi tərəfindən verilən 988558 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.2000-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X10, anası X12r.

30. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 491217 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2011-ci il tarixində Bakı şəhərində ölmüşdür. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

31. Miras qoyan barədə ümumi məlumat: X19 ilə X26 arasında xx.xx.1972-ci il tarixində nikah bağlanır. Tərəflərin birgə nikahından X29, Cavabdeh2 və X15 doğulmuşlar. X19 arvadı xx.xx.2001-ci il tarixində öldüyündən, ikinci dəfə Şamilova (Məşədiyeva) Həqiqət Teymur qızı ilə xx.xx.2004-cü il tarixində nikaha daxil olur. Tərəflərin birgə nikahından uşaqları olmur, nikahları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2377/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulur. X7 oğlu X17 3 nəvəsi (həmçinin hazırki iddiaçılar-İddiaçı1, İddiaçı2 və İddiaçı3), qızı X4 isə 2 nəvəsi (hazırki cavabdehlər-Cavabdeh1 və Cavabdeh5) var. X19 özü xx.xx.2020-ci il tarxində, oğlu X29 xx.xx.2011-ci il tarixində, qızı X15 isə xx.xx.2018-ci il tarixində ölür. Mərhumun uşaqlarından sadəcə qızı Cavabdeh2 sağ qalmışdır.

32. Vərəsəlik işi barədə ümumi məlumat: X1 Zaqatala rayonu, 2 saylı notariat ofisinin xüsusi Notariusu tərəfindən təsdiq edilən xx.xx.2019-cu il tarixli vəsiyyətnamə ilə özünə məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq, özünə məxsus bütün daşınar və daşınmaz əmlaklarını nəvələri-xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh5 hər ikisinə bərabər hissədə olmaqla vəsiyyət edir.

33. X19 xx.xx.2020-ci il tarixdə vəfat edir, qızı Cavabdeh2 xx.xx.2021-ci il tarixində Bakı şəhərində 27 saylı notariat kontoruna ərizə ilə müraciət edir və həmin tarixdə V-111/2021 nömrəli vərəsəlik işi açılır

34. Nəticədə, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X34 tərəfindən Cavabdeh2 Məcburi paya vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamə verilir ki, şəhadətnaməyə görə vəfat etmiş X7 vərəsəsi Cavabdeh2 miras əmlakdan (Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kv.m, yaşayış sahəsi 80,6 kv.m, 5 otaqlı olan fərdi yaşayış evinin 2/3 hissəsindən ibarətdir) 4/8 hissədə pay alır. xx.xx.2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə isə X7 nəvələri Cavabdeh5 və Cavabdeh1 miras əmlakdan (Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kv.m, yaşayış sahəsi 80,6 kv.m, 5 otaqlı olan fərdi yaşayış evinin 2/3 hissəsindən ibarətdir) hər biri 2/8 hissələrlə pay alırlar.

35. Əmlak Məsələləri dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışdan (reyestr nömrəsi: **********34- 10301) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəəsi, Ə.Əlixanov küçəsi ev 79, Yeni qaydalarla: AZ1113, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə X14(miras əmlaka daxil olmayan hissə), 1/3 hissədə Cavabdeh2, 1/6 hissədə Cavabdeh5, 1/6 hissədə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

36. İddiaçılar isə məhkəməyə müraciət edərək, cavabdehlərə miras əmlaka dair verilmiş vəsiyyətnamə üzrə şəhadətnamələrin, həmdə məcburi paya görə verilmiş şəhadətnamənin etibarsız olduğunu, şəhadətnamələr verilərkən onlara çatmalı olan məcbur payın hesaba alınmadığını, miras əmlaka məcburi payın, yəni İddiaçı3 1/18 hissədə, İddiaçı2n 1/18 hissədə, İddiaçı1 1/18 hissədə müəyyən edilməsi və bunun hüquqi nəticələrinin tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

37. Cavabdehlər isə onlara miras əmlakdan 1/18 hissədə payın ayrılmasına etiraz etmirlər.

38. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 hal-hazırda da miras əmlak olan evdə yaşayırlar. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

40. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

41. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

42. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

43. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

44. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

45. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

46. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

47. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

48. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

49. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

50. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

51. 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

52. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

53. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

54. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

55. 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

56. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il Qərarında göstərilir: Vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır.

57. Mülki Məcəllənin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir.

58. Məcburi payı tələb hüququ kimi qiymətləndirən hüquq tətbiqedənlərin öz mövqelərini əsaslandırdığı Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Bununla bağlı nəzərə alınmalıdır ki, mirasın açılması ilə miras əmlakı təşkil edən maddi dəyərlər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçsə də, yəni həmin əmlak üzərində vərəsələrin, həmçinin məcburi pay sahibi vərəsələrin hüquqları yaransa da, bu hələ payların müəyyən edilməsini, mirasın bölüşdürülməsini, payların ayrılıb vərəsələrə verilməsini ifadə etmir. Buna görə də, məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarlarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasından fərqlənmir.

59. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş qanun üzrə vərəsələrin (birinci növbə vərəsələrin) qanuni maraqlarının müdafiəsinə yönələn məcburi pay hüququ ilə bağlı tələb və məcburi payı tələb etmək hüququnun vərəsəlik üzrə keçməsi mahiyyətcə fərqli hüquqi nəticələrin yaranmasına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.

60. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi dəfələrlə vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur.

61. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, miras qoyanın qanun üzrə 3 vərəsəsi, yəni 1 oğlu, 2 qızı olmuşdur və miras açıldığı vaxt onlardan biri Cavabdeh2 sağ olmuşdur. Digər qanun üzrə birinci növbə vərəsələrdən mərhum X20 3 uşağı (miras qoyanın nəvələri), mərhum X6 2 uşağı (miras qoyanın vəsiyyət üzrə vərəsələri olan nəvələr) olmuşdur. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin tələbinə görə mirasın açıldığı vaxt vərəsələri olacaq valideynləri sağ olmayan miras qoyanın nəvələri qanun üzrə birinci növbə vərəsə sayılırlar və onlar qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Bu baxımdan yanaşdıqda mirasın açıldığı vaxt miras qoyanın qanun üzrə birinci növbədən 3 vərəsəsi və onlardan ikisinin miras əmlakdan məcburi payının olduğu müəyyən edilir. Lakin miras açılan zaman notarius məcburi pay almaq hüququ olan şəxslərin dairəsini düzgün müəyyən etməmiş və onların paylarını düzgün bölməmişdir. Ehtimal olunur ki, notarius Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilən mövqeyi düzgün şərh etməmiş və yalnız miras açılan vaxt sağ olmuş miras qoyanın qızını məcburi payı tələb etmək hüququ olan şəxs kimi tanımışdır. Hansı ki, həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş qanun üzrə vərəsələrin (birinci növbə vərəsələrin) qanuni maraqlarının müdafiəsinə yönələn məcburi pay hüququ ilə bağlı tələb və məcburi payı tələb etmək hüququnun vərəsəlik üzrə keçməsi mahiyyətcə fərqli hüquqi nəticələr yaradır. Göründüyü kimi hazırki mübahisənin hüquqi əsasını Mülki Məcəllənin 1194-cü maddəsi deyil, 1159.1-ci maddəsi təşkil edir. Yəni mübahisənin mahiyyəti məcburi payı tələb etmək hüququnun vərəsəlik üzrə keçməsindən deyil, miras qoyanın valideynləri sağ olmayan nəvələrinin birinci növbə vərəsə kimi məcburi pay hüququ ilə bağlı tələbindən irəli gəlir.

62. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar miras qoyanın birinci növbədən vərəsələri kimi miras əmlakdan 1/6 hissədə məcburi pay almalıdırlar və bu miras əmlakın hər iddiaçıya münasibətdə 1/18 pay hissəsini təşkil edir. Tətbiq edilən prosessual normalar:

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

64. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

65. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

66. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

67. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

68. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh5 və Cavabdeh1 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kv.m, yaşayış sahəsi 80,6 kv.m, 5 otaqlı olan fərdi yaşayış evinə dair verilmiş xx.xx.2024cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə (reyestr nömrəsi 2V-33) etibarsız hesab edilməli; Cavabdeh2 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kv.m, yaşayış sahəsi 80,6 kv.m, 5 otaqlı olan fərdi yaşayış evinə dair verilmiş xx.xx.2024-cü il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə (reyestr nömrəsi 2V-34) etibarsız hesab edilməli; Həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov (sovet ordusunun 40 illiyi) küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 128.5 kv/m, yaşayış sahəsi 80.6 kv/m, 5 otaqlı olan fərdi yaşayış evinə dair Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 paylı mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarış ləğv edilməli; miras əmlak olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kv.m, yaşayış sahəsi 80,6 kv.m, 5 otaqlı olan fərdi yaşayış evinin X2na aid olan 2/3 hissəsində iddiaçılar İddiaçı1, İddiaçı2 və X18 hər birinin 1/18 hissədə məcburi payı, cavabdehlər Cavabdeh2 3/18 hissədə məcburi payı, Cavabdeh1 və Cavabdeh5 isə hər birinin 6/18 hissədə payı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. X7 adında qalmış miras əmlak Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kv.m, yaşayış sahəsi 80,6 kv.m, 5 otaqlı olan fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində cavabdehlər Cavabdeh5 və Cavabdeh1 verilmiş vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə (reyestr nömrəsi 2V-33) və Cavabdeh2 verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə (reyestr nömrəsi 2V-34) etibarsız hesab edilsin. Həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov (sovet ordusunun 40 illiyi) küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 128.5 kv/m, yaşayış sahəsi 80.6 kv/m, 5 otaqlı olan fərdi yaşayış evinə dair Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 paylı mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: **********34-10301) ləğv edilsin. Miras əmlak olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kv.m, yaşayış sahəsi 80,6 kv.m, 5 otaqlı olan fərdi yaşayış evinin miras qoyan X11 aid olan 2/3 hissəsində iddiaçılar İddiaçı1, İddiaçı2 və X18 hər birinin 1/18 hissədə məcburi payı, cavabdehlər Cavabdeh2 3/18 hissədə məcburi payı, Cavabdeh1 və Cavabdeh5 isə hər birinin 6/18 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar