Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2637/2023 02.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat borcun, 35 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40015495 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə 1500 manat dəyərində nisyə mal verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədikləri üçün kreditin məcburi qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 1500 manat dəyərində qızıl üzük satılmış, lakin sonradan cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə sifariş etdiyi məhsulu qanunla müəyyən edilmiş müddət ərzində imtina edərək geri qaytarmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmənin baxış iclasını müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirərək, İddiaçı QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barəsə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh məhkəməyə izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, "xxxx" MMC-dən 1000 manat dəyərində üzük almış, ertəsi gün isə geri qaytarmışdır və həmin vaxt mağazanın əməkdaşları borcu olmadığını bildirmişlər. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə izahat verərək bildirdi ki, cavabdehlə "xxxx" MMC arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, sonradan cavabdeh məhsulu (üzüyü) geri qaytardığından tərəflər arasından olan müqavilə ləğv edilmişdir. Bu səbəbdən də cavabdehin "xxxx" MMC-yə heç bir borcu qalmamışdır. Hətta bununla bağlı "xxxx" MMC tərəfindən arayış tərtib olunmuşdur. Həmin müqavilə üzrə öhdəlik artıq "xxxx" MMC-nin öhdəliyidir və bununla bağlı "xxxx" MMCyə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli 40015495 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 12 ay müddətinə 1500 manat dəyərində nisyə qızıl üzük verilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40015495 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı QSC-yə güzəşt edilmiş və cavabdehə növbəti ödənişləri Ferrum Kapital” QSC-yə ödəməsini tələb edilmişdir. - təhvil-təslim aktınan görünür ki, "xxxx" MMC tərəfindən 1 ədəd qızıl üzük (4.39 qram, karat 0.6, əyyar 750 №300) Cavabdeh təhvil verilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı QSC-yə 1500 manat məbləğində borcu vardır. - bildirişdən-xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı QSC tərəfindən borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - "xxxx" MMC tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə 40015495 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (qızıldan) imtina etmiş və nəticədə xx.xx.2022-ci il tarixli, 40015495 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC sistemində borc 0 manat təşkil edir. İddiaçı QSC-də xx.xx.2022-ci il tarixdə 40015495 saylı nisyə alqısatqı müqaviləsi üzrə borcalanın adında olan 1500 manat "xxxx" MMC-nin öhdəliyidir. Məhkəmə İddiaçı QSC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “borc” tələbinə münasibətdə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -655.1-ci maddəsinə əsasən Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. -655.3-cü maddəsinə əsasən Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. -657.3-cü maddəsinə əsasən Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin qanuni əsasını alqı-satqı müqaviləsindən irəli gələn tələblər və öhdəliklər təşkil edir. Alqı-satqı müqaviləsinin anlayışı MM-nin 567-ci maddəsində verilmişdir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymət) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi digər qarşı tərəfin xeyrinə vəzifələr daşıyırlar; digər qarşı tərəfin xeyrinə müəyyən hərəkət etməyə borclu olduğu üçün borclu şəxs, eyni zamanda müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququna malik olduğuna görə həm də səlahiyyətli şəxs (kreditor) hesab edilir. Bu müqavilədə iştirak edənlərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur; o, buna görə müəyyən pul mələğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini ödəməyə borcludur. Bununla bərabər, alıcı satıcının əşyanın ona verilməsini tələb etmək ixtiyarına malikdir. Deməli, alqı-satqı müqaviləsində hər iki tərəf üçün subyektiv hüquq və vəzifələrin mövcudluğu bu müqavilənin ikitərəfli (qarşılıqlı) müqavilə olması barədə fikir söyləməyə əsas verir. Əmtəə (mal) mübadiləsinin ikitərəfli xarakteri ikitərəfli müqavilə kimi alqı-satqı müqaviləsinin konstruksiyasını müəyyən edir. Alqı-satqı müqaviləsində alıcının əşyanın qiymətini ödəmək vəzifəsi satıcının həmin əşyanı alıcıya vermək vəzifəsi ilə şərtlənir. Bu onu ifadə edir ki, satıcı əşyanı alıcıya verməkdən ibarət olan öz vəzifəsini icra etməsə, alıcı həmin əşyanın qiymətini ödəməkdən ibarət olan öz vəzifəsini yerinə yetirməyə borclu deyildir (MM-in 567-ci maddəsi). Hər iki müqavilə iştirakçısı, yəni alıcı və satıcı bir-birinə münasibətdə həm kreditor, həm də borclu şəxs kimi çıxış edirlər. Alqı-satqı müqaviləsində iştirak edən tərəflər öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz alırlar: satıcı öz vəzifəsini icra etdiyinə görə (əşyanı alıcıya verdiyinə görə) alıcıdan müəyyən haqq (əşyanın qiyməti məbləğində) alır. Alıcı isə öz vəzifəsini (əşyanın qiymətini satıcıya ödəmək vəzifəsini) yerinə yetirdiyinə görə satıcıdan aldığı əşya üzərində mülkiyyət hüququ qazanır. Deməli, alqısatqı müqaviləsi əvəzli müqavilədir. Bu müqavilənin əvəzsiz olması istisna edilir. Beləliklə, alqı-satqı müqaviləsi elə bir hüquqi formadır ki, bunun vasitəsi ilə əşyalar (maddi nemətlər) bir şəxsin mülkiyyətindən digərinə keçməklə öz yerlərini dəyişir. Öz yerlərini dəyişməklə bərabər, həmin nemətlər öz mülkiyyətçilərini də dəyişir. Bu alqı-satqı müqaviləsinin əsas fərqləndirici əlamətlərindən biridir. Bununla belə, müqavilənin əvəzli olmasını və satılan əşyanın pul formasında qiymətinin ödənilməsini də bu cür əlamətlərdən hesab etmək olar. Alqı-satqı müqaviləsi əsasında öhdəlik hüquq münasibəti əmələ gəlir ki, bu hər bir hüquq münasibəti kimi quruluşca dörd elementdən (tərkib hissəsindən) ibarətdir: hüquq münasibətinin subyekt tərkibi; subyektlərin subyektiv hüququ, subkyektlərin subyektiv vəzifəsi; hüquq münasibətinin obyekti. Subyektlərin malik olduqları subyektiv hüquq və daşıqıdıqları vəzifələr hüquq münasibətlərinin məzmununu təşkil edir. Belə təsəvvür yaranır ki, alqı-satqı müqaviləsində tərəf qismində çıxış edən subyektlərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Satıcının əsas vəzifəsi əşyanı alıcının mülkiyyətinə verməkdən, özü də yalnız alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməkdən ibarətdir. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.(MM-in 568.1-ci maddəsi) Satıcının alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya vermək vəzifəsi qanunda nəzərdə tutulan hərəkətlərin edilməsini, bir sıra tələblərə (şərtlərə) əməl olunmasını əhatə edir. Yalnız bu tələblərə riayət edilməsini satıcının əsas vəzifəsinin-əşyanın alıcının mülkiyyətinə verilməsi vəzifəsinin gerçəkləşdirilməsini şərtləndirir. Göstərilən tələblərə şərtlərə daxildir: -əşyanın təhvil vermək yolu ilə və ya alıcının ixtiyarına vermək yolu ilə alıcıya çatdırılması. Belə halda təhvil verilmə məqamı satıcının əşyanı vermək vəzifəsinin icrası anını (məqamını) şərtləndirir (MM-nin 570.2-ci maddəsi). Əgər əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilərsə, onda əşyanın alıcının ixtiyarına verildiyi məqam satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı olacaqdır (MM-in 570.1.2-ci maddəsi). Lakin əşyanın alıcının ixtiyarına verilmiş sayılması üçün qanun iki şərtə əməl olunması qaydasını müəyyən edir. Birinci şərt ondan ibarətdir ki, əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olmalıdır. Malın (əşyanın) verilməyə hazır olması dedikdə onun nişanlanma (damğalanma) yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməsi başa düşülür. Bu cür eyniləşdirmə malı nişanlamaq (damğalamaq) və ya onun tara və qabını nişanlamaq yolu ilə həyata keçirilir. İkinci şərt ondan ibarətdir ki, müqavilənin şərtlərinə uyğun surətdə alıcı bundan xəbərdar olmalıdır. Əgər alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermə vəzifəsi irəli gəlməzsə, belə halda satıcının əşyanı alıcıya vermək vəzifəsi əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (MM 570.2-ci maddəsi). Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı barədə MM-nin 570-ci maddəsi dispozitiv xarakter daşıyır. Bu onu ifadə edir ki, tərəflər bu barədə ayrı qayda da nəzərdə tuta bilərlər. Alıcının olduğu yerdə təhvil verilməklə malın ona verilməsi və malın olduğu yerdə alınması aktla, alıcının verdiyi qəbzlə və digər sənədlərlə təsdiqlənir. Mal daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildikdə isə yük qaiməsi, konosament, poçt qəbzi və s. sənədlər verilir. Satıcının əşyanı vermək vəzifəsini icra etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Belə ki, əşyanı vermək vəzifəsinin icra edilməməsinə görə satıcı məsuliyyət daşıyır. Başqa sözlə desək, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edərsə, alıcı alqısatqı müqaviləsinin icrasından imtina edə bilər (MM-nin 575.1-ci maddəsi). Alqı-satqı müqaviləsinin predmeti fərdi əlamətləri ilə müəyyən edilən əşya olduqda, satıcının əşyanı vermək vəzifəsinin icra edilməməsi digər (bundan fərqli) hüquqi nəticəyə səbəb olur. Belə halda kreditor (alıcı) fərdi əlamətləri ilə müəyyən edilən həmin əşyanın borclunun (satıcının) əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb edə bilər (MM-in 452.1-ci maddəsi). Deməli, satıcı fərdi əlamətləri ilə müəyyən edilən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcını öhdəliyin natura formasında icra olunması üçün məcbur edə bilər. Azərbaycan Respublikası MPM-nin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsinin predmeti olan əşyanı 3-cü şəxs "xxxx" MMC-yə təhvil vermişdir və müqavilə ləğv edilmişdir (3-cü şəxsin etirafı). Bu hal isə həmin əşyanın cavabdehin istifadə və sahibliyində olmamasını tam sübuta yetirir. Bu baxımdan, məhkəmə hesab edir ki, Cavabdeh 40015495 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı məhsulu geri qaytardığından həmin müqavilə üzrə cavabdehdən pul tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub- pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsinə razılıq vermədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh deyil. Beləliklə, müəyyən edildi ki, nisyə alqı-satqı müqaviləsinin predmetini təşkil edən əşya iş üzrə Cavabdeh mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından və iddia tələbi cavab verməli olmayan şəxsə qarşı yönəlmiş tələb olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-2637/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2637/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver