Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2729/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2020-ci il tarixli, 20167350 nömrəli müqaviləyə (bundan sonra 1-ci müqavilə) əsasən, cavabdeh iddiaçıdan ümumi dəyəri 3583,2 manat olan 2 ədəd “Samsung Led” markalı, 1 ədəd “Hoffmann Led” markalı televizoru hər məhsula 2 il zəmanət xidməti ilə birlikdə aylıq 298,6 manat ödəmək şərti ilə 12 aylıq kreditlə almışdır. Bundan başqa, tərəflər arasında bağlanmış 19 sentyabr 2020-ci il tarixli, 21184573 nömrəli müqaviləyə (bundan sonra 2-ci müqavilə) əsasən, cavabdeh iddiaçıdan ümumi dəyəri 5654 manat olan 1 ədəd “Samsung Led” markalı televizoru, 2 ədəd “Apple” markalı elektron qol saatını, 1 ədəd “Sony Playstation 4 Slim” markalı oyun konsolunu, 1 ədəd “Hoffmann” markalı feni, 1 ədəd “Gorenje” markalı çaydanı 2 illik televizor zəmanəti, 2 illik kiçik məişət avadanlıqlarına zamənət, hər iki qol saatını quraşdırma xidməti ilə birlikdə aylıq 314 manat ödəmək şərti ilə 18 aylıq kreditlə almışdır. Habelə, tərəflər arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli, 22137097 nömrəli müqaviləyə (bundan sonra 3-cü müqavilə) əsasən, cavabdeh iddiaçıdan dəyəri 1428,6 manat olan 1 ədəd “HP 250 G7” markalı notbuku aylıq 78,2 manat ödəmək şərti ilə 18 aylıq kreditlə almışdır. Tərəflər arasında bağlanmış hər üç müqavilədə və həmin müqavilələrə əlavələrdə ödəniş qaydası göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçı qarşısındakı öhdəliklər lazımınca icra edilmədiyindən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 25 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən, 1-ci müqaviləü zrə 1492 manat əsas, 447 manat dəbbə borcu olmaqla cəmi 1939 manat, 2-ci müqavilə üzrə 5024 manat əsas, 1507 manat dəbbə borcu olmaqla cəmi 6531 manat, 3cü müqavilə üzrə isə 307 manat əsas borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 8777 manat borcu yaranmışdır. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1-ci müqavilə üzrə 1492 manat əsas, 447 manat dəbbə borcunun, 2-ci müqavilə üzrə 5024 manat əsas, 1507 manat dəbbə borcu, 3-cü müqavilə üzrə isə 307 manat əsas borcun, beləliklə ümumilikdə 8777 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 107,77 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə qeydiyyat yeri üzrə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin tələbləri baxımından məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış hər üç müqavilədə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh hər üçn müqaviləyə əsasən İddiaçı MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia hər üç müqavilə üzrə əsas borca münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış hər üç müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 1-ci müqavilə üzrə 1492 manat əsas borca tənasübsüz olaraq 447 manat, 2-ci müqavilə üzrə isə 5024 manat əsas borca 1507 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 1-ci müqavilə üzrə hesablanmış 447 manat məbləğində dəbbə pulu azaldılaraq 104 manat, 2-ci müqavilə üzrə hesablanmış 1507 manat məbləğində dəbbə pulu isə azaldılaraq 351 manat məbləğində müəyyən edilməli, beləliklə, cavabdehdən 1-ci müqavilə üzrə 1492 manat əsas, 104 manat dəbbə borcu, 2-ci müqavilə üzrə 5024 manat əsas, 351 manat dəbbə borcu, 3-cü müqavilə üzrə isə 307 manat əsas borc olmaqla ümumilikdə 7278 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 107,77 manat məbləğində pul vəsaitinin 86 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 11 mart 2020-ci il tarixli, 20167350 nömrəli müqavilə üzrə 1492 manat əsas borc, 104 manat dəbbə pulu, 19 sentyabr 2020-ci il tarixli, 21184573 nömrəli müqavilə üzrə 5024 manat əsas borc, 351 manat dəbbə pulu, 17 dekabr 2020-ci il tarixli, 22137097 nömrəli müqavilə üzrə isə 307 manat əsas borc olmaqla, ümumilikdə 7278 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 86 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2729/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2729/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver