Məhkəmə qərarları › İş №e-2(001)-279/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-279/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-279/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair (açar sözlər: əmlakın dəyəri, maddi və mənəvi zərərin ödənilməsi tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavаbdеhlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə təhvil verilməmiş mənzillərin dəyəri olan 435.620 manat məbləğində pul və ödənilmiş 731 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 436.351 manat məbləğində maddi zərərin və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavаbdеhlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə təhvil verilməmiş mənzillərin dəyəri olan 556.836 manat məbləğində pul və ödənilmiş 731 manat məbləğində və 122 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 557.689 manat məbləğində maddi zərərin və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019cü il tarixdə bağlanmış “mənzil tikintisinə və satışına dair” müqaviləyə əsasən dəyəri tam ödənilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə 2020-ci ilin axırında tikintisi başa çatdırılmalı olan yüksək mərtəbəli binanın “D" blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 98.5 kv.metr olan 2 saylı və həmin blokun 9-cu mərtəbəsində ümumi sahəsi 90.9 kv.metr olan 5 saylı mənzilərin ona təhvil verilməli idi. Lakin Cavabdeh2 tərəfindən sözügedən mənzillər müqavilədə göstərilən müddətdə tikilərək iddiaçıya təhvil verilməmişdir. Bu səbəbdən iddiaçı məcbur qalaraq Cavabdeh2nə qarşı xx.xx.2019-cü il tarixdə bağlanmış “mənzil tikintisinə və satışına dair” müqaviləyə əsasən dəyəri tam ödənilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə 2020ci ilin axırında tikintisi başa çatdırılmalı olan yüksək mərtəbəli binanın “D" blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 98.5 kv.metr olan 2 saylı və həmin blokun 9-cu mərtəbəsində ümumi sahəsi 90.9 kv.metr olan 5 saylı mənzilərin ona təhvil verilməsi, iddia ərizəsini məhkəməyə verən zaman ödədiyi 426 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə Xətai rayon Məhkəməsində iddia qaldırmışdır. Xətai rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən yaşayış binasının “D” blokunun 6-cı mərtəbəsində yerləşən tikinti sahəsi 98.5 kv.m-dən ibarət 2 saylı və tikinti sahəsi 90.9 kv.m-dən ibarət 5 saylı mənzillərin İddiaçı oğluna təhvil verilməsi qət edilmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra vərəqəsi icra olunması üçün aidiyyatı üzrə Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Məlumat üçün bildirmək istəyirik ki, Xətai rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi artıq 2 (iki) ildir ki cavabdehlər Cavabdeh2 MMC və onun qanuni təmsilçisi Cavabdeh1 tərəfindən qərəzli olaraq icra edilməməkdədir. Cavabdehlər qətnaməni icra etməməklərini onunla əsaslandırırlar ki, guya “D” blokunu inşa etməmişlər. Halbuki cavabdehlər hal-hazırda Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə başqa adlarla binalar tikib satmaqda və bununla da gəlir ldə etməkdədir. Cavabdehlərin bu qanunsuz və əsassız hərəkətləri nəticəsində İddiaçı külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Xətai rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı oğluna təhvil veriləcək ümumi sahənin ölçüsü 98.5 + 90.9 =189.4 kv metr təşkil edir. Tərəfimizdən həmin ərazidə tam təmirsiz mənzilin 1 kv.m-nin 2300 manat olması ekspert rəyi ilə müəyyən olunmuşdur. Həmçinin, İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən cavabdehlərin bu qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçı və onun ailə üzvlərinin keçirdiyi mənəvi iztirab, gərginlik və əsəb pozqunluğu nəticəsində iddiaçıya 5000 manat məbləğində mənəvi ziyan dəymişdir. Maddi zərərin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehlərə müraciət edilmişdir. Lakin cavabdehlər bugünədək iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı həmçinin ona dəymiş maddi zərərin ödənilməsindən də qərəzli olaraq boyun qaçırmışdır. Qeyd olunanları nəzərə alaraq, hal-hazırda Xətai rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı qətnaməsi ilə iddiaçıya təhvil veriləcək mənzillərin ümumi dəyəri olan (189.4 * 2300 = 435 620) 435.620 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 731 manat pul, mənəvi zərərə görə 5000 manat olmaqla ümumilikdə 441.351 manat pulun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı oğluna ödənilməlidir.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, tərəf qeyd edir ki, icra məmurunun icra edə bilməməsi barədə qərarı olmalıdır ki, iddia tələbi əsaslı olsun. Bununla bağlı tərəfin mövqeyi formal xarakter daşıyır. Bu günki iddia tələbi istinad olub həmin o qətnamənin icrasının mümkünsüzlüyünə. Həmin qətnamənin icrasının mümkünsüzlüyü sizin istinad etdiyini Ali Məhkəmənin artıq qanuni qüvvəyyə minmiş mövqeyi vardır. Bu. Bu bina tikilməyib bu mümkünsüzdür. Bu hal artıq onu təsdiq etmişdir. İndi İcra məmurunun qərar qəbul edir etmir. Bu ayrı məsələdir. bu ahlın 2 il belə davam etməsi qarşı tərəfin xeyrinədir. Həmin qətnamənin icra olunmaması artıq təqdim etdikləri bu aktlardan şəhərsalmanın məktubundan və Ali məhkəmənin qanuni qüvvəyyə minmiş qərarında bəllidir ki icrası mümkün deyildir. Əgər kreditorun öhdəliyi mümkünsüzdürsə iddiaçı həmin ödəliyi tələb edə bilməz. Qarşı tərəf bu günə kimi qətnamələrdə hadisənin fors-major hal olmasnı bildirməmişdir. Ona görə ki, qarşı tərəf bilir ki, bunun icrası mümükün deyil. Bu səbəbdən qarşı tərəfdən öhdəliyin icra olunmaması səbəbindən əmlakların dəyərini tələb edirlər. Bu gün icranın hərəkət etməməyi və ya hərəkətsiz qalmağı, bu formal xarakter daşıyır. Hal-hazırda cavabdehlərin öhdəliyi var. Bunu da icra etməyə borcludurlar. Ali məhkəmənin mövqeyi var ki, onlar artıq həmin əmlakları tələb edə bilmirlər. Artıq həmin əmlakların dəyərini tələb edirlər. İddia tələbi əsaslıdır. Belə ki icra məmurunun hər hansı qərarı qəbul etməməsi iddianın təmin edilməsinə mane ola bilməz. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Vəkil2 məhkəməyə ünvanlandığı və verdiyi şifahi izahatında bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC onun arasında bağlanmış xx.xx.2019-cü il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikilməli olan yüksək mərtəbəli binanın “D" blokunun 2 və 5 saylı mənzilərin dəyərinin əvəzi olaraq ziyan tələb edir. Həmin müqavilədən də göründüyü kimi, tərəflərindən verilmiş mənzillər iddiaçı ilə Maraqlı şəxs MTK arasında olan xx.xx.2011-ci il tarixli müqavilənin ləğv olunmasından doğan müqavilədir. Belə ki, iddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikilməli olan yüksək mərtəbəli binanın “D" blokunun 2 və 5 saylı mənzillərin tərəflərindən ona təhvil verilməsini xahiş etmişdir. Qeyd olunan iddia tələbinin təmin olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi vardır. Həmin qətnamə icra olunması üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilsə də bu günə qədər icra olunmamışdır. Səbəb isə həmin mənzillərin yerləşdiyi “D” bloku adlanan “A 4” blokunun Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmasıdır. Belə ki, qeyd olunan hal etiraz ərizəsinə əlavə olunacaq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə də müəyyən olunmuşdur ki, bu da işin mübahisəsiz halıdır. Eyni zamanda hal-hazırkı iddia tələbi üzrə 3-cü şəxs qismində işə cəlb olunmuş Maraqlı şəxs MTK-nın sədri Hikmət Yigitdöl də qeyd olunan faktı təsdiq edir. Belə ki, qeyd olunan qərar üzrə olan iş üzrə iddiaçı tərəf kimi Maraqlı şəxs MTK çıxış edərək, qeyd oluana “D” bloku, yəni “A 4” blokunun tikintisinin dayandırılmasını bildirərək, həmin blokda yerləşən 1250 kv.m sahənin dəyərinin Cavabdeh2 MMC-dən tələb edir. Lakin qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarınakı hüquqi mövqe ondan ibarətdir ki, mübahisə predmeti olan “D” bloku, yəni “A 4” blokunun tikintisinə icazə verilməməsi işin fors major halıdır. Belə ki, bu icazənin verilməməsi Cavabdeh2 MMC-nin iradəsi xaricindədir və ondan qaynaqlanan səbəb deyil. Cavabdeh2 MMC ilə, “D” bloku, yəni “A 4” blokuna dair müqavilələr bağlanarkən sözügedən qadağa mövcud olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarında, məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 448.2 və 448.4-cü maddələrinin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, bir şərtlə ki, bu öhdəliklərin pozulmasında təqsirli olsun. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Qeyd edilənlərdən əlavə, ümumiyyətlə hazırkı iş üzrə icra şöbəsinin müvafiq aktından əlavə hər hansı sənəd iş materiallarında mövcud deyil. Bununla bağlı icra şöbəsinə müvafiq sorğu göndərilsə də, bugünədək icradan cavab məktubu gəlməmişdir. Halbuki, AR MM-nin 556.1-cı maddəsinin tələblərinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Hazırkı iddia tələbi ilə iddiaçı həm bir müqavilə əsasında artıq Cavabdeh2 MMC üzərinə Xətai Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə qoyulmuş öhdəlik üzərindən əlavə öhdəlik qoymaq istəyir ki, bu da öz növbəsində bir münasibət əsasında iki öhdəliyin yaranmasına gətirib çıxarır. Yəni ki, iddiaçının mövqeyi və hazırkı niyyəti ondan ibarətdir ki, həm mənzilləri bizdən alsın, həm mənzillərin dəyərini. Halbuki, müqavilə üzrə öhdəliyin icra edilə bilməməsi fors-major haldır. Belə halda isə Cavabdeh2 MMC tərəfindən hər hansı kompensasiyanın ödənilməsi qanunamüvafiq deyil. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində işə cəlb olunmuş Maraqlı şəxs MTK-nın sədri Hikmət Yigitdöl izahatında bildirmişdir ki, onunla cavabdeh arasında müvafiq müqavilə olmuş və müqavilə əsasında onun özünə də ziyan vurulmuşdur. Cavabdeh tərəf ona yaxın olan şəxslərin mənzillərini verməkdən imtina edir. Cavabdeh və üçüncü şəxs məhkəmə baxış iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada (poçt və sms bildiriş, zəng vasitəsilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə rəyin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında təmirsiz mənzillərin 1 kv.m-nin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 2300 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə təhvil verilməmiş mənzillərin dəyəri olan 435.620 manat məbləğində pulun ödənilməsi xahiş olunmuş, əks halda 5 gün ərzində məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən yaşayış binasının “D” blokunun 6-cı mərtəbəsində yerləşən tikinti sahəsi 98.5 kv.m-dən ibarət 2 saylı və tikinti sahəsi 90.9 kv.m-dən ibarət 5 saylı mənzillərin İddiaçı oğluna təhvil verilməsi qət edilmişdir. - xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Maraqlı şəxs MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 136,1 kv.m təşkil edən yaşayış sahəsini İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. - xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı ev İddiaçı məxsusdur, ümumi sahəsi 136,1 kv.m təşkil edən yaşayış sahəsinin pay dəyəri 136000 manat tam ödənilmişdir. - Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı Maraqlı şəxs MTK ilə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yerləşən binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 136,4 kv.m təşkil edən mənzili MTK-ya təhvil vermiş, Maraqlı şəxs MTK-nın hüquqi varisi Cavabdeh2 MMC-nin tikdiyi D blokunda H.Yiğitdölün payından 200 kv.m mənzillə təmin olunmuşdur. xx.xx.2019-cu il tarixdə müqavilə şərtlərinə uyğun formada həmin mənzil ona təqdim olunmuşdur. - xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2005-ci il 12 oktyabr tarixli 267 saylı Sərəncamına əsasən Maraqlı şəxs MTK-nın qanuni təmsilçisi X1 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 2015-ci il 23 oktyabr tarixli 443 saylı sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh1 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X1 şəriki, Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh1 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. 2. Müqavilənin 2.3-cü bəndinə əsasən Cavabdeh2 MMC “C” blokunun tikintisini 2019-cu ilin sonuna, 2.4-cü bəndinə əsasən digər blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmağı, 2.5-ci bəndinə əsasən D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1.250 kv.m sahəni X2 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. - Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü surətindən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, qəti olaraq 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilin MTK ilə İddiaçı ilə bağlanmış müqavilə əsasında İddiaçı dəymiş ziyanın tam ödənilməsinin nəzərə alınması hökm edilmişdir. - xx.xx.2019-cu il tarixli auditor rəyinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli müavilə əsasında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda yerləşən binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 136,1 kv.m təşkil edən mənzilin dəyəri 136000 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli bildiriş və icraata başlamaq haqqında icra məmurunun qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, eyni tarixli bildirişə əsasən borclu Cavabdeh2 MMC-yə tələbin könüllü icrası haqqında məlumat borclunun ünvanına göndərilmişdir. - xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Xətai rayon İcra Şöbəsinin icra məmuru Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin arxivində D blokunun tikilməsinə dair icazə sənədi aşkar edilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. - Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli e-2-2(117)-454/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1.250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilməmiş 400 manat dövlət rüsumunun cavabdehdən dövlət gəlirinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2n kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(107)-7/2023 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən araşdırılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. - Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-454/2022 nömrəli 2022-ci il 26 sentyabr tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Maraqlı şəxs MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin olunaraq, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 iyul tarixli 2- 2(107)-54/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 nömrəli 7 oktyabr 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda (1181-ci məhəllə) inşa edilən yaşayış binasında 90,5 kv.m və 98,5 kv.m. mənzillərin X8 verilməsi öhdəliyi Cavabdeh2 MMC-yə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-646/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə onların dəyəri olan ümumilikdə 315.630 (üç yüz on beş min altı yüz otuz) manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-3081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-646/2024 nömrəli 1 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2359/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Maraqlı şəxs Mənzil Tikinti Kooperativinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin dəyişdirilərək, həmin müqavilənin 2.5-ci bəndində göstərilmiş "D blokunda tikiləcək, 23 və 24- cü mərtəbələrin bütün sahələrinin cəmi olan 1250 kv.m sahə X3 adına rəsmiləşdirilməlidir." hissəsində müqavilənin qüvvədən düşmüş hesab edilərək, müqavilənin həmin hissədə ləğv olunması barədə, "xxxx" MTK ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin dəyişdirilərək, həmin müqavilənin 2.6-cı bəndinin “A 2 blokunun vergi, kommunal və digər məsələlərlə bağlı mövcud olan və gələcəkdə yarana biləcək bütün öhdəlikləri o cümlədən bütün debitorları və kreditorları istisna olmaqla, “X15” MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi digər binalarla bağlı olan bütün öhdəliklərinin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorlarının icra olunması” hissəsində qüvvədən düşmüş hesab olunaraq, həmin hissədə müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Maraqlı şəxs Mənzil Tikinti Kooperativi Cavabdeh2nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı ilə Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamının 1ci bəndi ilə Maraqlı şəxs MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin 0.4984 ha hissəsindən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 126.3 kv.m olan mənzildən, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi ev 18 ünvanında yerləşən ümumi sahəsi 559.3 kv.m olan qeyriyaşayış sahəsindən İnter MMC-nin çıxarılaraq həmin sahələrin Hom-Paş Prestij MTKya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Mənzil Tikinti Kooperativi 09 dekabr 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Maraqlı şəxs Mənzil Tikinti Kooperativinin iddiası baxılmamış saxlanmışdır. X6 Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə Məhkəməyə müraciət edərək, 28 avqust 2018-ci il tarixli müqaviləyə əsasən 23 və 24-cü mərtəbələrin bütün sahələrinin cəmi 1250 kvadratmetrə sahənin dəyərinin əvəzi olan 3.000.000 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 2041 manat pulun ‘İnter’ MMC və Cavabdeh1 alınaraq X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2359/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 Maraqlı şəxs Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin bəndinin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilmiş, X2 Cavabdeh2 və qeyrisinə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/806 saylı ekspert rəyindən görünür ki, müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşası davam etdirilən yaşayış binasında yerləşən mənzillərin 1 kv.metrinin hazırkı orta bazar qiyməti təqribən 2940,0 manat məbləğində müəyyən edilir. 1,0 kv.metr -2950 manat, 1,0 kv.metr-2930 manat, Cəmi (2950+2930):2= 2940,0 manat. QEYD: Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşası davam etdirilən yaşayış binasında yerləşən mənzillərin 1 kv. metrinin 2024-cü ilin mart ayına satışına və qiymətina dair məlumat olmadığı üçün qiymətlndirmə hazırkı tarixə uyğun qiymətləndirilmişdir.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə ilə sonuncu Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra “D" blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 98.5 kv.metr olan 2 saylı və həmin blokun 9-cu mərtəbəsində ümumi sahəsi 90.9 kv.metr olan 5 saylı yaşayış sahəsini (mənzilləri) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüş, müqavilə könüllü icra edilmədiyindən iddiaçının müraciəti əsasınds Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının mənzillərin təhvil verilməsinə dair tələbi təmin edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməsi üçün icra şöbəsinə göndərilsə də, “D” blokuna dair lahiyənin ləğv edilməsi səbəbindən qətnamənin icrası mümkün olmamışdır. Cavabdehin iddiaya etirazının əsas dəlil olaraq iddiaçıya mənzillərin verilməsinin nəzərdə tutulduğu “D” blokunun cəmiyyətdən asılı olmayan səbəblərdən tikilə bilməməsinə və bu baxımdan qətnamənin icrasının qeyrimüəyyən olmasına, həmçinin icra şöbəsində icra mərhələsində olan qətnamə mövcud olmasına istinad edir və buna görə də iddianın rədd olunmasını xahiş edir. Lakin formalaşmış məhkəmə təcrubəsi əsasında qeyd edilməlidir ki, cavabdehin qeyd etdiyi hal, yəni iddiaçıya verilməsi qət edilən mənzillərin mövcud olmaması iddianın rədd edilməsinə əsas ola bilməz və sadəcə həmin əmlaklara alternativ əmlakın təqdim edilməsi, bu da mümkün olmadıqda həmin əmlakların dəyərinin ödənilməsi kimi müəyyən edilə bilər. Belə ki, həmin mənzillərin tikintisinə icazə verilməməsi cavabdehin iddiaçı ilə bağlanmış müqavilənin icrası ilə bağlı məhkəmə qətnaməsinin icrasından azad etmir. Məhkəmə iclasları zamanı məhkəmə tərəfindən cavabdehə təqdim edilməsi mümkün olmayan mənzillərin alternativ mənzil təqdim edilməsi, mübahisənin barışıq yolu ilə həll edilməsi ilə bağlı təklif edilsə də, cavabdeh sadəcə məhkəmə qətnaməsinin icra mərhələsində olmasını, həmçinin yaranmış vəziyyətin onlardan asılı olmayan fors major hallarla bağlı olduğunu irəli sürməklə kifayətlənmişdir. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Hazırki işin hallarına əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində lahiyələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasənda cavadeh tərəfindən iddiaçıya verilməsi qət edilən mənzillərin yerləşdiyi "D" blokunun tikintisinə rəsmi olaraq yuxarıda adı çəkilən qurum tərəfindən icazə verilməmişdir. Bundan əlavə icra mərhələsində icra şöbəsinin sorğusuna cavab olaraq lahiyənin ləğv edildiyi bildirilmişdir. Bu zaman məhkəmə tərəfindən iddiaçıya həmin mənzillərin dəyərində olan digər mənzillərin verilməsinin mümkünlüyü tərəflərlə müzakirə edilmiş, cavabdeh bu halın fors major hal olmasını irəli sürərək məsələnin mümkünlüyü ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Mövcud məsələnin həlli ilə bağlı məhkəmə tərəfindən qəbul edilmiş qərardadla məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, 9/806 saylı ekspert rəyində eyd edilir ki, müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşası davam etdirilən yaşayış binasında yerləşən mənzillərin 1 kv.metrinin hazırkı orta bazar qiyməti təqribən 2940,0 manat məbləğində müəyyən edilir. 1,0 kv.metr -2950 manat, 1,0 kv.metr-2930 manat, Cəmi (2950+2930):2= 2940,0 manat. QEYD: Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşası davam etdirilən yaşayış binasında yerləşən mənzillərin 1 kv. metrinin 2024-cü ilin mart ayına satışına və qiymətinə dair məlumat olmadığı üçün qiymətləndirmə hazırkı tarixə uyğun qiymətləndirilmişdir. Ekspertiza tərəfindən verilən göstərilən rəy məhkəmə tərəfindən elan edilmiş və iddiaçı da rəydə göstərilən məbləğ əsasında iddia tələbinin həcminin artırılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında olan xx.xx.2019-cu il tarixli müqavilə və məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında cavabdeh tərəfindən iddiaçıya verilməli olan mənzillərin ölçüsü 90.9 və 98.5 kv kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İddiaçı mənzillərin dəyərinin Cavabdeh1 və İnter MMC-dən müştərək qaydada tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında mənzillərin verilməsi öhdəliyi İnter MMC-nin üzərinə qoyulduğundan Cavabdeh1 iddiaya cavab verməli olan şəxs olmadığından ona münasibətdə iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya mənzillərin verilməsinin nəzərdə tutulduğu tikiləcək “D” blokunun cavabdehdən asılı olmayan səbəblərdən tikilə bilməməsi nəticəsində qanuni qüvvəsini almış qətnamənin icrasının qeyri-müəyyən olması halı özlüyündə cavabdehni iddiaçı qarşısında öhdəliyinin icrasından azad etmir. Bu da o deməkdir ki, Cavabdeh2 MMC tərəfindən iddiaçıya həmin mənzillərin dəyəri ödənilməlidir. Mənzillərin dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmənin qərardadı əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməklə Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşası davam etdirilən yaşayış binasında yerləşən mənzillərin 1 kv.metrinin hazırkı orta bazar qiyməti təqribən 2940,0 manat məbləğində müəyyən edilsə də, oxşar mübahisə ilə bağlı Azərbayvan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarında Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yerləşən yaşayış binasının 1.kv.metrinin 2022-2023-cü illərdə dəyəri 1670 manat olması öz əskini tapdığından, hazırki mübahisə məhz həmin D bloku ilə bağlı olduğundan, həmçinin xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi 2022-ci il tarixdə icraya yönəldildikdən sonra həmin illərdə artıq lahiyənin olmadığı müəyyən edildiyindən mənzilin 1 kv.metrinin dəyərinin 1670 manatdan hesablanması daha ədalətli və ağlabatan olar. Bununla da cavabdeh tərəfindən iddiaçıya 90.9 kv.m mənzilin dəyəri müvafiq olaraq 151.803 manat və 98.5 kv.m mənzilin dəyəri müvafiq olaraq 164.495 manat, ümumilikdə 316.298 manat məbləğində pul vəsaiti ödənilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsi üsullarının müəyyən edilməsi ilə əlaqədar münasibətlər MM-nin 1115-ci maddəsi ilə tənzimlərnir. Qanun zərərin əvəzinin ödənilməsinin iki üsulunu nəzərdə tutur və müəyyənləşdirir: Zərərin əvəzini naturada ödəmək; Vurulmuş zərərin əvəzini pulla ödəmək (zərərin kompensasiya edilməsi və ya zərərin əvəzini tam ödəmə) Beləliklə, vurulmuş zərərin əvəzinin ödənilməsi üçün vurulmuş zərərin nəticələrini aradan qaldıraraq və zərərçəkmişin məruz qaldığı itkinin bərpası üçün lazım olan məbləğ müəyyənləşdirilir və zərərçəkmişə ödənilir. Vurulmuş zərərin əvəzinin ödənilməsi üsullarını tətbiq edərkən məhkəmə işin hallarını nəzərə almalıdır.Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə qətnaməsinin icra olunmaması nəticəsində 5000 manat məbləğində mənəvi zərər vurulması iş materiallarında təqdim edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddiaçının iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MMC-dən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı, xx.xx.2022-c il tarixli qətnaməsində göstərilən sahəsi 90,9 kv.m olan mənzilin əvəzinə onun dəyəri olaraq 151803 manat və sahəsi 98,5 kv.m olan mənzilin dəyərinin əvəzinə 164495 manat olmaqla, ümumilikdə 316298 (üç yüz on altı min iki yüz doxsan səkkiz) manat və 606,3 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X5, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilməlidir.

V. Nəticə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MMC-dən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3142/2022 saylı, xx.xx.2022-c il tarixli qətnaməsində göstərilən sahəsi 90,9 kv.m olan mənzilin əvəzinə onun dəyəri olaraq 151803 manat və sahəsi 98,5 kv.m olan mənzilin dəyərinin əvəzinə 164495 manat olmaqla, ümumilikdə 316298 (üç yüz on altı min iki yüz doxsan səkkiz) manat və 606,3 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X5, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar