Məhkəmə qərarları › İş №e-2(001)-2810/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2810/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2810/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Ferrum Kapital QSC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 249,93 manatın, məhkəmə xərclərinə görə 30,40 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Ferrum Kapital QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 249,93 manatın, məhkəmə xərclərinə görə 30,40 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Optimal Elektronika MMC ilə Cavabdeh1 arasında bağlanmış OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 4999,93 manat dəyərində nisyə aldığı mala görə 1000 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 3999,92 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Optimal Elektronika MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Ferrum Kapital MMC ilə Optimal Elektronika MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olan sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı olan 3999,92 manat məbləğindəki tələb hüququ Ferrum Kapital MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun Ferrum Kapital MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü bəndinə görə satıcı alıcıya təhvil təslim aktında (əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 5.6-cı bəndinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Bundan başqa tərəflər arasında bağlanmış OPLK03068-z saylı xx.xx.2021 tarixli zaminlik müqaviləsinin 2.1.1-ci bəndinə əsasən tələbkarın, zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin, hesablanmış cərimələrin və satıcının çəkmiş olduğu hər hansı digər xərc və zərərlərin ödənilməsini zamindən tələb etmək hüququ vardır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları ödənişlərinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etmirlər. Belə ki, cavabdehlərinin iddiaçıya 249,93 manat əsas borcları yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehlərə bildiriş göndərilmiş, lakin borclular tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ferrum Kapital QSC-nin xeyrinə OPLK03068 saylı xx.xx.2021ci il tarixli nisyə alqı-satqı müqaviləsi və OPLK03068-z saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə 249,93 manat borcun, məhkəmə xərclərinə görə 30,40 manatın tutulmasına dair qətnamə çıxarılmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Ferrum Kapital QSC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə, Optimal Elektronika MMC-nin əməkdaşlarının əməlində dələduzluq faktları olduğundan xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, Optimal Elektronika MMC ilə bağladığı OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə sifariş etdiyi məhsuldan (Combi DD NİTRON PLUS 24) imtina etmiş və məhsulu geri qaytarmışdır. X2 MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli OPLK03068 nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda onun xx.xx.2021-ci il tarixli OPLK03068 saylı nisyə alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. Bu halı Optimal Elektronika MMC-nin nümayəndəsi təsdiq edə bilər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən Optimal Elektronika MMC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, iddiaçı Ferrum Kapital QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və OPLK03068-z saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə 249,93 manat tələbi əsassızdır. Belə ki, Optimal Elektronika MMC ilə Cavabdeh1 arasında bağlanmış OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 4999,93 manat dəyərində nisyə aldığı mala görə 1000 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 3999,92 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Optimal Elektronika MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Ferrum Kapital MMC ilə Optimal Elektronika MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı olan 3999,92 manat məbləğindəki tələb hüququ Ferrum Kapital MMC-yə güzəşt edilmişdir. Sonradan Cavabdeh1 müqavilə üzrə sifariş etdiyi 6 ədəd məhsulun 1 ədədini 580 manat dəyərində olan Simfer H6MFİ3143VB markalı qazustu panelini qaytarmış və 250 manat daha az fərqlə başqa məhsullarla, yəni 160 manat dəyərində Simfer M4551 160 markalı duxovka və 170 manat dəyərində Bosch 8613P markalı çayniklə əvəz etmiş, bununla əlaqədar borc məbləği azaldılmışdır. Hazırda Cavabdeh1 OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Optimal Elektronika MMC-yə borcu yoxdur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu aldığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal əldə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yararlılığı, həmçinin mal və yaxud kassa çeki və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Hazırda Cavabdeh1 OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. Yuxarıda qeyd olunan hallar barədə Ferrum Kapital QSC-yə məlumat verilmişdir. Cavabdeh1 OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı Simfer H3143VB markalı qazustu panelini geri qaytardığından həmin müqavilə üzrə cavabdehdən pul tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MMin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Görünüdüyü kimi, yuxardı qeyd olunan müqavilə üzrə alıcıda olmayan məhsula görə pul tələb edilə bilməz. Ferrum Kapital QSC iddia edirsə ki, Optimal Elektronika MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Optimal Elektronika MMC-nin hesabına alıcı Valekh Guseinova görə pul vəsaitinin ödənilməsini təsdiq edən sənədlərini, bank çıxarışlarını, (ödəniş tapşıqlarını) təqdim etməklə Optimal Elektronika MMC-dən ödəmiş olduğu pul vəsaitini geri tələb edə bilər. Bu cür tələb etmək onun subyektiv hüququdur. Optimal Elektronika MMC tərəfindən yuxarıda qeyd olunan bütün hallarla bağlı Ferrum Kapital məlumatlandırılmışdır. Ona görə də iddiaçı Ferrum Kapital QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Optimal Elektronika MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Optimal Elektronika MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Optimal Elektronika MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Maddə 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Maddə 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Maddə 655.4. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. Maddə 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. Maddə 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Maddə 656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. X3 MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli OPLK03068 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 qiyməti 4999,93 manat olan əşyanı 6 ay müddətinə hissə-hissə ödəmək şərti ilə Optimal Elektronika MMCdən almışdır. X3 MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli OPLK03068-Z saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin xx.xx.2021-ci il tarixli OPLK03068 saylı nisyə alqı-satqı müqaviləsi üzrə alıcının öhdəliklərinin icrası ilə bağlı satıcı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. X5 MMC ilə müştəri Optimal Elektronika MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsindən müəyyən olunur ki, müqaviləyə əsasən faktor, borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verməyi (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəştə getməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsinə əlavə olan xx.xx.2021-ci il tarixli R-xx/xx-0136 saylı sazişdən müəyyən olunur ki, Optimal Elektronika MMC müştəri Cavabdeh1 ilə bağladığı xx.xx.2021-ci il tarixli OPLK03068 saylı müqavilə üzrə 3999,93 manat tələbini X5 MMC-yə güzəşt etmişdir. Ferrum Kapital MMC-nin Cavabdeh1 və Cavabdeh2 oğluna ünvanladığı xx.xx.2023cü il tarixli bildirişlərdən müəyyən olunur ki, iddiaçı cavabdehlərə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ferrum Kapital QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh1 xx.xx.2021-ci il tarixli OPLK03068 saylı müqavilə üzrə əsas borca görə 249,93 manat borcu vardır. Optimal Elektronika MMC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh1 Optimal Elektronika MMC xx.xx.2021-ci il tarixli OPLK03068 saylı nisyə alqısatqı müqaviləsi üzrə borcu yoxdur. Ferrum Kapitalda OPLK03068 saylı müqavilə üzrə borcalanın adında olan 250 manat artıq borc qalığı Optimal Elektronika MMC-nin öhdəliyidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərin öhdəliklərini icra etməmələri nəticəsində ona xx.xx.2021-ci il tarixli OPLK03068 saylı nisyə alqı-satqı müqavilə üzrə əsas borca görə 249,93 manat borclarının olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 Optimal Elektronika MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli OPLK03068 saylı nisyə alqısatqı müqaviləsi üzrə borcu yoxdur. Ona görə də məhkəmə iddiaçının tələblərini əsassız hesab edib təmin etmir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının nümayəndəsinin iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Ferrum Kapital QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı OPLK03068 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, əsas borca görə 249,93 manatın, məhkəmə xərclərinə görə 30,40 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar