Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2813/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında olan mülki işə məhkəmənin inzibati binasında baxaraq, Müəyyən etdim: İddiaçı "xxxx" MMC “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple AirPods Pro markalı qulaqlıq üçün 197,2 (yüz doxsan yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 19,8 (on doqquz manat, səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple AirPods markalı qulaqlıq üçün 176,9 (yüz yetmiş altı manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 17,1 (on yeddi manat, on qəpik) manat cərimə, ümumilikdə 411 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixində məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün mülki işin baxılmamış saxlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əslini, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi aşağıdakılara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, iddiaçı ərizənin baxılmamış saxlanılmasını xahiş etsə də, mülkiprosessual qanunvericilikdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat çərçivəsində iddianın baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. İddiaçının ərizəsini nəzərə alaraq analoji münasibətləri tənzimləyən hüquq normalarına istinad edilməsini məqsədəuyğun hesab edirəm. Belə ki, MPM-nin 13.4-cü maddəsində qeyd olunmuşdur ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, sadələşdirilmiş icraat məhkəmə baxışı keçirilmədən həyata keçirilən icraat olduğundan, ərizənin baxılmamış saxlanılması əsasları isə məhkəmə baxışı mərhələsinə aid olduğundan iddiaçının hazırki ərizəsinə MPM-nin 152 və 170-ci maddələrinin analogiya üzrə tətbiq olunaraq iddia ərizəsinin geri qaytarılması aspektindən yanaşılması məqsədə müvafiqdir. Beləliklə, hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi iddiaçının ərizəsi əsasında geri qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, iddia ərizəsi verilən zaman ödənilmiş dövlət rüsumu da, iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13, 152, 170-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2813/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2813/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver