Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2847/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2,366.00 (iki min üç yüz altmış altı) manat əsas borc, 474.00 (dörd yüz yetmiş dörd) manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci 2,127.87 (iki min bir yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat, cavabdeh əvəzində ödənilmiş inzibati cərimə 471.00 (dörd yüz yetmiş bir) manat olmaqla ümumilikdə 5,438.87 (beş min dörd yüz otuz səkkiz manat səksən yeddi) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-077-SA-24 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Octavia 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBAN7NX7PY126386), yürüşü 24060 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 70,980.00 (yetmiş min doqquz yüz səksən) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1183.00 (bir min bir yüz səksən üç) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra heç bir ödəniş etməmiş, gecikmələr barədə əməkdaşları tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Octavia 1.6 MPİ markalı, **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və avtomobil axtarışa verilmişdir. xx.xx.2024-cü il tarixində məlum olmuşdur ki, nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixindən X2 tərəfindən saxlanılmışdır və müvafiq duracaqdadır. Avtomobil xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzimizə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyinə geri qaytarıldığı tarixlə birlikdə iki aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-077-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildirilir ki, avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində təmir edilməklə müvafiq olaraq faktiki təmirə 1442.40 manat və 685.47 manat çəkilmiş xərclər olmaqla birlikdə 2,127.87 (iki min bir yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat avtomobilə xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində İddiaçı MMC-yə real zərər (delikt) dəymişdir. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan iki ayın ödənilməmiş məbləği, yəni 2,366.00 (iki min üç yüz altmış altı) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 474.00 (dörd yüz yetmiş dörd) manat məbləğində dəbbə pulu yaranmışdır. Əlavə olaraq Cavabdeh istifadəsində olan avtomobili idarə etdiyi dövrdə etibarnamə ilə başqa şəxslərə verdiyinə görə törədilən inzibati xəta tənbehi olan cərimələri ödəməmiş və avtomobil şirkət tərəfindən təkrar satışa çıxarılarkən cavabdehin ödəmədiyi cərimələr məcbur şirkət tərəfindən ödənilmişdir. Qarşı tərəfin məsuliyyətsizliyi və təqsiri nəticəsində şirkətə ziyan dəydiyi üçün reqres hüququ yarandığını hesab edirlər. Bu cərimələrin ümumi məbləği isə 471.00 (dörd yüz yetmiş bir) manat təşkil etmişdir. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 5,438.87 (beş min dörd yüz otuz səkkiz manat səksən yeddi) manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunan maddi normalara əsaslanaraq İddiaçı MMC ona dəymiş zərərin və icra edilməmiş öhdəliyin cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halına görə, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış B-077-SA-24 saylı avtomobil alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq Skoda Octavia 1.6 MPİ minik markalı 2023-cü il buraxılışlı, göy metal rəngli, TMBAN7NX7PY126386 ban nömrəli nəqliyyat vasitəsini dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi və avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin avtomobili qəbul edərək dəyərini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə görə, avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 70 980 manat müəyyən edilmiş və Alıcının ilkin ödəniş etmədən, qalıq borc kimi 70 980 manat məbləğini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1183 (bir min altı yüz) manat olaraq ödəməsi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcı Cavabdeh təhvil verilmiş və ona avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin 19 iyun 2024-cü il tarixli etibarnamədən görünür ki, həmin cəmiyyətin mülkiyyətində olan ** AD *** dövlət qeydiyyat nömrə nişanlı Skoda Octavia minik markalı avtomobilin idarə edilməsi Cavabdeh (sürücülük vəsiqəsi seriyası: BB 412942; dərəcəsi: B1, B, C1, C) etibar edilmişdir. Etibarnamə verildiyi tarixdən xx.xx.2024 (saat 23:59) tarixə qədər etibarlıdır və etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarında olan İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli B-077-SA-24 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə dövlət qeydiyyat nişanının alınması və icbari sığorta ödənişi üzrə 580 manat ödəniş etmişdir. Onun 2024-cü ilin iyul və avqust ayları üzrə ödənilməli 2386 manat əsas borcu və 474 manat dəbbə pulu borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin icra edilmiş xidmətlərə dair ********* saylı aktdan görünür ki, ** AD *** qeydiyyat nişanlı, Skoda Octavia minik markalı, buraxılış ili 2023, ban TMBAN7NX7PY126386 olan avtomobildə xx.xx.2024-cü il tarixdə qabaq padpresin sökülüb yığılması/dəyişdirilməsi işləri icra edilmişdir və həmin xidmət çərviçəsində quraşdırılmış ehtiyat hissə və görülmüş işlərə görə 1322,41 manat və 119,99 manat ƏDV olmaqla cəmi 1442,40 manat xərc hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin ********* saylı təmir sifarişindən görünür ki, ** AD *** qeydiyyat nişanlı, Skoda Octavia minik markalı, buraxılış ili 2023, ban TMBAN7NX7PY126386 olan avtomobildə stabilizator linklərinin dəyişdirilməsi, alışma şamının dəyişdirilməsi, Drossel zaslonka yuyulması və adaptasiyası, arxa sağ qanadüstü stopun sökülüb yığılması, arxa sağ qanadüstü stopun cilalanması, kimyəvi təmizləmə, motorxananın kimyəvi təmizlənməsi, elektron diaqnostika və kompleks yuma işlərinin icrası nəzərdə tutulur. İş materiallarında olan İddiaçı MMC-nin icra edilmiş xidmətlərə dair ********* saylı aktından görünür ki, ** AD *** qeydiyyat nişanlı, Skoda Octavia minik markalı, buraxılış ili 2023, ban TMBAN7NX7PY126386 olan avtomobildə xx.xx.2024-cü il tarixdə stabilizator linklərinin dəyişdirilməsi, alışma şamının dəyişdirilməsi, Drossel zaslonka yuyulması və adaptasiyası, arxa sağ qanadüstü stopun sökülüb yığılması, arxa sağ qanadüstü stopun cilalanması, kimyəvi təmizləmə, motorxananın kimyəvi təmizlənməsi, elektron diaqnostika və kompleks yuma işlərinin icrası, o cümlədən spark plug və connecting ehtiyac hissələrin quraşdırılmasına görə 429,95 manat və 255,52 manat ƏDV olmaqla cəmi 685,47 manat xərc hesablanmışdır. İddiaçı MMC-nin Təmir aktının surətindən görünür ki, buraxılış ili 2023, Vin TMBAN7NX7PY126386 olan Skoda Octavia minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində Servisə giriş etmiş, həmin avtomobildə dəyişdirilməli olan ehtiyyat hissələrinin və görülməli işlərin cəmi dəyərinin ƏDV daxil 570,76 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması, onun 77AD488 dövlət qeydiyyat nömrəli avtomobilə xx.xx.2024-cü il tarixinə müqavilə üzrə ödənilməyən 2 366 manat əsas məbləğ və 355 manat cərimə borcunun olması barədə xəbərdar edilərək, ümumilikdə 2721 manat məbləğində borcu 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə xx.xx.2024-cü il tarixli B-077-SA-24 nömrəli müqaviləyə xitam veriləcəyi və məhkəməyə müraciət edilərək dəymiş zərər və bununla bağlı çəkilən bütün xərclərin tələb olunacağı bildirilmişdir. İş materiallarında olan müqaviləyə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh xəbərdarlığa baxmayaraq heç bir addım atmaması səbəbindən onunla İddiaçı MMC arasında avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-077-SA-24 saylı müqaviləyə xitam verildiyi barədə məlumatlandırılmışdır. İş materiallarından aydın olur ki, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 333.1-ci maddəsinə əsasən 400 manat cərimə edilmiş və vaxtında ödənilmədiyindən həmin cəriməyə 12 manat dəbbə pulu hesablanmışdır. Həmin cərimə üzrə cəmi 413 manat İddiaçı MMC-yə aid 471321******7481 nömrəli kart vasitəsilə ödənilmişdir. İş materiallarından həmçinin aydın olur ki, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə edilmişdir. Həmin cərimə üzrə endirim nəzərə alınmaqla cəmi 19 manat İddiaçı MMC-yə aid 471321******7481 nömrəli kart vasitəsilə ödənilmişdir. İş materiallarından o da aydın olur ki, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat cərimə edilmişdir. Həmin cərimə üzrə cəmi 10 manat İddiaçı MMC-yə aid 471321******7481 nömrəli kart vasitəsilə ödənilmişdir. İş materiallarından görünür ki, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə edilmişdir. Həmin cərimə üzrə endirim nəzərə alınmaqla cəmi 19 manat İddiaçı MMC-yə aid 471321******7481 nömrəli kart vasitəsilə ödənilmişdir. İş materiallarından həmçinin aydın olur ki, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat cərimə edilmişdir. Həmin cərimə üzrə cəmi 10 manat İddiaçı MMC-yə aid 471321******7481 nömrəli kart vasitəsilə ödənilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, tərəflər arasında avtomobilin nisyə alğı-satqına dair müqavilə bağlanmış, cavabdeh həmin müqavilənin tələblərini pozmuş, onun müqavilə üzrə 2 ay üçün ödənilməmiş 2386 manat əsas borcu və 474.00 manat cərimə borcu yaranmışdır, o cümlədən avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə törədilən inzibati xətalara görə tətbiq edilən cərimə məbləğləri də iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının xəbərdarlığına baxmayaraq cavabdeh Müqavilə öhdəliklərinin pozultusunu aradan qaldırmamış, bu səbəbindən iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli B-077-SA-24 saylı müqaviləyə təktərəfli qaydada xitam verərək müqavilənin predmeti olan avtomobili geri götürmüşdür. Hazırki iddiasında iddiaçı, cavabdehin icra etmədiyi əsas borcun, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış cərimə borcunun, törədilən inzibati xətalara görə tətbiq edilən və iddiaçının ödədiyi cərimə məbləğlərinin, habelə avtomobilin təmirinə çəkilən xərcin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.6-cı bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin digər şərtlərini, o cümlədən Satıcının Müqavilədə nəzərdə tutulan Müqaviləyə xitam vermək və ona dəyən zərərin əvəzini ödəmək hüquqlarını nəzərə almaq və bu hüquqlara xələl gətirməmək şərti ilə, yalnız Alıcı bu Müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda Satıcı, Alıcıya əvvəlcədən xəbərdarlıq etmədən Müqaviləyə xitam verə bilər və Avtomobilin Alıcını razılığı tələb olunmadan ondan geri alınması üçün bütün zəruri tədbirləri görə bilər... Əhəmiyyətli pozuntu dedikdə, həmin pozuntunun nəticəsində aşağıdakı hallardan ən azı birinin baş verməsi və Satıcının Müqavilə üzrə marağının kəskin azalması və Müqavilənin müddətinin davam etməsi üçün marağının qalmaması başa düşülür: ... c) Alıcı Müqavilə üzrə ödənişlərini tam və vaxtında ödəmədikdə və ya ödəməkdən boyun qaçırdıqda; d) Alıcının eyni öhdəliyini 2 (iki) dəfə və ya daha çox pozması; e) Alıcının öz öhdəliyini pozması ilə bağlı Satıcının Alıcıya etdiyi xəbərdarlıqda nəzərdə tutulan qaydada və müddətdə pozuntunu aradan qaldırmaması. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasındakı müqavilənin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. İş materiallarından aydın olur ki, müqavilə predmeti olan avtomobil xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə isə müqaviləyə iddiaçı tərəfindən təktərəfli qaydada xitam verilmişdir. İddiaçının nümayəndəsinin izahatından aydın olmuşdur ki, sözügedən avtomobil iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə DYP müvəqqəti saxlama duracağından təhvil alınmışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə 2 ay (2024-cü ilin iyul və avqust ayları) üzrə ödənilməmiş 2386 manat əsas borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə “474.00 manat cərimə borcunun tutulması” hissəsində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, müqavilənin 2.5-ci bəndinə əsasən, “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 200 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmənin qənaətinə görə, iddiaçının “cavabdeh əvəzində ödənilmiş 471.00 manat inzibati cərimələrin tutulması” barədə tələbi də əsaslıdır. Belə ki, həmin tələbin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanmaya varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Çünki həmin cərimələr cavabdeh tərəfindən törədilən inzibati xətalar üzrə tətbiq edildiyi halda, iddiaçı tərəfindən (iddiaçıya aid 471321******7481 nömrəli kart vasitəsilə) ödənilmişdir və bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla belə məhkəmə, “real zərər olaraq avtomobilin təmir xərci olaraq 2,127.87 (iki min bir yüz iyirmi yeddi manat səksən yeddi qəpik) manat pulun cavabdehdən tutulması” hissəsində iddianı əsaslı hesab etmir. Çünki iddiaçı həmin hissədə iddiasının sübutu qismində özünə aid servis tərəfindən tərtib edilmiş sənədləri təqdim etmişdir ki, məhkəmənin qənəatinə görə həmin sənədləri “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2366 (iki min üç yüz altmış altı) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə borcu, o cümlədən cavabdeh əvəzində ödənilmiş inzibati cərimələrə görə 471 (dörd yüz yetmiş bir) manat olmaqla, ümumilikdə 3037 (üç min otuz yeddi manat) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2847/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2847/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver