Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2908/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 23 may 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 19 iyul 2019-cu il tarixli müqavilə üzrə 296 manat əsas, 29 manat cərimə borcu, 27 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 1604 manat əsas, 160 manat cərimə borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 2089 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 40,89 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 iyul 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh alğı-satqı qiyməti 860 manat olan “Gree” markaıl kondisioneri 14 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətində hər ay 47 manat ödəmək şərti ilə kreditlə almış, müqavilədə nəzərdə tutulan qaydada öhdəliklərini icra etmədiyindən 296 manat əsas, 29 manat cərimə borcu yaranmışdır. Həmçinin, tərəflər arasında bağlanmış 27 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh “Apple” markalı qol saatını və “iPad 6” markalı tableti 20 manat ilkin ödəniş etməklə alan məbləği 18 ay müddətində aylıq 142 manat ödəmək şərti ilə kreditlə almış, bu müqavilə üzrə də öhdəliklərini lazımınca icra etmədiyindən 1604 manat əsas, 160 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 19 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 860 manat olan “GREE Kondisoner” üçün 14 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 47 manat ödəmək şərti ilə kreditlə almışdır. - 27 oktyabr 2019-cu il tarixli digər müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 2576 manat olan “Apple” markalı saatı, İMEİ kodu SDMPZ8QU8JF8J olan “İPAD 6” markalı tabeti 20 manat ilkin ödəniş olmaqla, qalan məbləği 18 ay ərzində aylıq 142 manat ödəmək şərti ilə kreditlə almışdır. - 1 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 19 iyul 2019-cu il tarixli müqavilə üzrə 296 manat əsas, 29 manat cərimə və 27 oktyabr 2019-cu il tarixli digər alğısatqı müqavilələri üzrə həmin tarixə 1604 manat əsas, 160 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 19 iyul 2019-cu il tarixli müqavilə üzrə 296 manat məbləğində əsas borca tənasübsüz olaraq 29 manat məbləğində dəbbə pulunun və 27 oktyabr 2019-cu il tarixli, müqavilə üzrə 1604 manat məbləğində əsas borca tənasübsüz olaraq 160 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 19 iyul 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 29 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 20 manat, 27 oktyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 160 manat məbləğində dəbbə pulunun azaldılaraq 112 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 19 iyul 2019-cu il tarixli, müqavilə üzrə əsas borc üzrə 296 manat, cərimə borcu üzrə 20 manat olmaqla, 27 oktyabr 2019-cu il tarixli, müqavilə üzrə əsas borc üzrə 1604 manat, cərimə borcu üzrə 112 manat olmaqla ümumilikdə 2032 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 38 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası qismən edilsin. Cavabdeh 19 iyul 2019-cu il tarixli müqavilə üzrə 296 manat əsas, 20 manat cərimə borcu, digər 27 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 1604 manat əsas, 112 manat cərimə borcu olmaqla ümumilikdə 2032 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 38 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2908/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2908/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver