Məhkəmə qərarları › İş №e-2(001)-2924/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2924/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2924/2023 19.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən faydalanan şəxsə ödənilmiş 570 (beş yüz yetmiş) manat sığorta ödənişinin məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 600 (altı yüz) manat pulun Cavabdeh tutularaq Cəmiyyətimizə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X10” markalı, 99HN378 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli, PSS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) xx.xx.2021-ci il tarixdə, saat 12:30 radələrində həmin avtomobili Bakı şəhəri ərazisində idarə edərkən yolnəqliyyat hadisəsi törədərək “X12” markalı, 90NN887 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş və daha sonra hadisə yerindən yayınmışdır. Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Bakı şəhər DYPİ-nin polis mayoru X3 xx.xx.2021-ci il tarixli, TP ******* saylı Qərarından görünür ki, 2021-ci ilin 12 iyun tarixində saat 12:30 dəqiqədə Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “X12” markalı, 90NN887 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Cəmiyyətimizlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 570 (beş yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli İ-1163/21 saylı sığorta ödəniş aktına və xx.xx.2021-ci il tarixli **********1 saylı ödəniş tapşırığına əsasən 570 (beş yüz yetmiş) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. 6. Faydalanan şəxsə ödənilmiş 570 (beş yüz yetmiş) manat məbləği Cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2022-ci il tarixli, 22/219 saylı pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrinə əsasən, "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində pulu cavabdehdən subroqasiya hüququ əsasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: 1-1163/21 nömrəli sığorta aktından görünür ki, “X10” markalı, 99HN378 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli, PSS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X12” markalı, 90NN887 dövlət qeydiyyat nişanlı avtomobilə 570 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişini alan şəxs X1r. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, “X10” markalı, 99HN378 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə, saat 12:30 radələrində həmin avtomobillə Bakı şəhəri ərazisində idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək “X12” markalı, 90NN887 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş və Cavabdeh hadisə yerindən yayınmışdır. xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Cavabdeh “X10” markalı, 99HN378 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 570 manat məbləğində sığorta ödənişi edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sonuncuya 570 manat məbləğində subroqasiya ödənişinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “X10” markalı, 99HN378 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol nəqliyyat hadisəsi törətmiş, “X12” markalı, 90NN887 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 570 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 63 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 570 (beş yüz yetmiş) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar