Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-300/2024 09.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan sayğaca baxış keçirilən zaman ona qanunsuz və əsassız olaraq 585 manat borc yazmışlar. Borc yazılarkən qanunun tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh ASC-nin əməkdaşları iddiaçını dəvət etmədən, ona məlumat verilmədən qanusuz olaraq hesablama apararaq öz istəylərinə uyğun formada süni borc yaradaraq iddiaçıya aid abonent hesabına borc yazmışlar. İddiaçı dəfələrlə cavabdehə müraciət esə də, akt ona təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən hər hansı uygunsuzluq halları və sair hallar aşkar edildikdə abonent həmin halların rəsmiləşdirilməsiində iştirak etməli və iştirak edilməsi barədə məlumatlanmalıdır. Lakin buna baxmayaraq Cavabdeh ASC-nin əməkdaşları qeyd abonentin iştirakını təmin etməyərək, ümumiyyətlə ona məlumat verilmədən qeyd edilən qanunsuz sənədləri rəsmiləşdirmişlər. Bütün bu göstərilənlər qəbul olunmuş aktın qanunsuz, əsasız və qeyri-obyektiv olmasına dəlalət edir. Cavabdeh ASC-nin əməkdaşlarının bu hərəkətləri onu deməyə əsas verir ki, onlar özləri formal qanunsuzluq yaradaraq öz qanunsuz niyyətlərini həyata keçirmişlər. İddiaçı ödənişlərini vaxtı-vaxtında etmiş, birdən bu qədər borcun hesablanması qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, məhkəmə tərəfindən cavabdehə sorğu verilmiş və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə sorğuya cavab verməklə aşağıdakıları göstərmişdir: “ ... istehlakçılara verilən suyun hesabatı 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarına əsasən aparılır. Bu Qaydaların 3.1.1 -ci yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM), su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim etdilən sənədlərə istinadən xx.xx.2015-ci il tarixdə 32239079 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmış və su xətti üzərində quraşdırılmış SMART CSS-20 markalı, 44154 nömrəli smart kart tipli su sayğacının göstəricisinə əsasən hesabat aparılmışdır. ... Bağlar Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 104620 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən sudan qanunsuz istifadəyə görə 240 m3 sərfiyyat, eləcədə sayğacdan kənar xəttdən istifadə etməklə 1100 m2 (bostan, yaşıllıq və meyvə ağaclarından ibarət) ərazinin, torpaq sahəsinin suvarılması nəzərə alınmaqla 600 m3 əlavə sərfiyyat hesablanmışdır. Hazırda sayğac göstəricisi 1198 m3 olmaqla su təchizatı xidmətindən istifadəyə görə abonentin hesabında 579,40 manat borc var. Qeyd edilən borc dəymiş ziyan nəzərə alınmaqla sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir”. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 104620 saylı aktdan görünür ki, həmin aktla iddiaçıya məxsus mənzildə baxış zamanı su sayğacından kənar d=20mmlik xətt aşkar olunmuş və kənar xətt ləğv olunmuşdur. İş materiallarında olan abonent kodu **********000 olan iddiaçının abonent kartından görünür ki, abonentə xx.xx.2023-cü il tarixdə “əlavə sərfiyyat”a görə 420 manat məbləğində borc və 168 manat məbləğində cərimə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, STTSAS-a (su təchizatı və tullantı sularının axıdılması sistemləri) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüququdur Həmin Qaydaların 2.1.3-cü bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 2.1.9.2-ci bəndinə görə, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi suyun verilməsini dayandıra bilər. Məhkəmə qeyd edir ki, aşkar edilmiş pozuntular barədə akt tərtib etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən kənar xətt çəkilmişdir və bu hal cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildə də öz əksini tapmışdır. İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq sudan istifadə etməsi faktları öz təsdiqini tapsa da, cavabdeh tərəfindən bu faktların aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat əsaslı hesab edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7904-9/8095 saylı ekspert rəyində göstərilmişdir ki, «Sudan istifadə qaydaları»nın 8.7 bəndinə əsasən, əhali qrupu üzrə illik su sərfiyyatı 240 m3 müəyyən edilir. İddiaçı məxsus ünvan 1 ünvanında (abonent kodu - **********000) yerləşən fərdi yaşayış evində sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə ödənilməli olan məbləğ 168,00 (240 m3*0,70 manat) məbləğində müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abonent kodu: **********000) əsassız hesablanmış 420 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abonent kodu: **********000) əsassız hesablanmış 420 (dörd yüz iyirmi) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində ödənilməli olan dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət gəlirlərinə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-300/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-300/2024
09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver