Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3005/2023 01.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə üzrə 1044 manat qalıq borcu, 334.28 manat cərimə borcu olmaqla, cəmi 1378.28 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33.78 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, BK21593 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, ilkin ödəniş 200 manat etməklə, 12 müddətinə hissə-hissə hər ay üçün 117 manat, sonuncu ay üçün isə 112 manat ödəmək şərti ilə, 1599 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə-təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, BK21593№-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-ci tarixli, BK21593 saylı müqavilə üzrə qalıq borcu 1044 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3341.84 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 334.28 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-ci tarixli, BK21593saylı müqavilə üzrə 1044 manat qalıq borcu, 334.28 manat cərimə borcu olmaqla, cəmi 1378.28 manat borcu yaranmışdır. Bildirilir ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri ilə "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cutarixli, BK21593 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh1 xx.xx.2019-cu tarixli, BK21593 №-li nisyə alqı satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yəgüzəşt etməsi barədə bilidiriş verilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehlərə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, bildiriş Cavabdeh1 çatdırılmadan məhkəməyə geri qaytarılsa da, digər Cavabdeh2 tərəfindən qəbul edilmiş, lakin iddiaya dair hər hansı münasibət bildirilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK21593 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən MMC Cavabdeh1 ümumi dəyəri 1599 manat olan məhsulu ilkin ödənişsiz, satmağı, alıcı isə həmin əşyanı qəbul etməklə 12 ay müddətinə aylıq 117 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.11-ci bəndinə əsasən bu müqavilə üzrə tələb hüquqları alıcının razılığı olmadan "xxxx" MMC-yə və ya digər şəxslərə gözəşt edilə bilər. "xxxx" MMC ilə zamin Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli, BK21593-Z saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" Cavabdeh1 ilə MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli, BK21593 saylı müqavilə üzrə alıcının “Satıcı” qarşısında götürdüyü öhdəliyini icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində alıcı ilə birlikdə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öz öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixli, BK21593 saylı müqaviləyə əsasən Samsung markalı televizor qüsursuz halda Cavabdeh1 təhvil verilmişdir. 22 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019cu il tarixli, BK21593 saylı müqavilə üzrə əsas borca görə 1044 manat, cərimə borcuna görə 334,28 manat olmaqla, cəmi 1378,28 manat məbləğində borcu vardır. “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə "xxxx" MMC arasında bağlanan faktorinq müqaviləsindən görünür ki, müqaviləyə görə müştəri "xxxx" MMC bu müqavilənin əlavəsində qeyd edilən "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK21593 saylı müqavilədən irəli gələn pul tələbni faktora-“X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 33,78 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki"xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK21593 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə və əlavəsinə əsasən "xxxx" MMC malı ilkin ödənişsiz Cavabdeh1 nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə, 117 manat aylıq ödəniş etməyi,barədə öhdəlik görütmüşdür. Həmin tarixdə "xxxx" MMC ilə zamin Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli, BK21593-Z saylı zaminlik müqaviləsi ilə "xxxx" xx.xx.2019-cu il tarixli, BK21593 saylı müqavilə üzrə alıcının “Satıcı” qarşısında götürdüyü öhdəliyini icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində alıcı ilə birlikdə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öz öhdəsinə götürmüşdür. Mal "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilmiş və bu barədə təhvil təslim aktı tərtib edilmişdir. Bundan sonra “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və ona əlavə olunmuş Sazişə əsasən "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, BK21593 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə Cavabdeh1 qızına qarşı olan 1044 manat məbləğindəki tələb hüququ “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir. Bununla bağlı bildiriş cavabdehə(borcluya) rəsmi qaydada təqdim edilmişdir. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh1 tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Borcun mövcudluğunu iş materiallarına əlavə edilən maliyyə arayışı ilə sübut edir. İddiaçı tərəfindən 33,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bundan başqa həmin məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4-cü maddəsinə əsasən faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. 651-ci maddəsinə əsasən Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. 656-cı maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur Göründüyü kimi, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən satıcı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə alıcıya nisyə satmışdır. Cavabdeh1 həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Bu səbəbdən kreditor MM-nin 600.4-cü maddəsinin tələbi baxımından verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh1 müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Cavabdehin tələbə qarşı etirazı və bunu təsdiq edən subutları məhkəməyə təqdim edilməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir. Tələb hazırki halda iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edildiyindən və bununla bağlı müqavilədə rəsmi qaydada bildiriş verildiyindən borc məbləği faktora, yəni iddiaçıya ödənilməlidir. Cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Görünüyü kimi, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK21593 saylı nisyə-alğı-satqı müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə müqavilə üzrə 334,28 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Buna görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun məbləği azaldılaraq xx.xx.2019-cu il tarixli, BK21593 saylı kredit müqaviləsi üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh – zamin Cavabdeh2 da tutulması hissəsində də iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsinin 3.1-ci bəndində qeyd olunmuşdur ki, “Bu müqavilə borclunun 1.2-ci bəndində göstərilən müqavilə üzrə “Kreditor” qarşısında öhdəliklərini tam icra edənədək qüvvədədir”. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 21 noyabr 2020-ci il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verilməli və zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, BK21593 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1044 manat, cərimə borcuna görə 100 manat olmaqla, 1144 manat məbləğində pul vəsaiti və 33,78 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, BK21593 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1044 manat, cərimə borcuna görə 100 manat olmaqla, 1144 (bir min yüz qırx dörd) manat məbləğində pul vəsaiti və 33,78 (otuz üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-3005/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3005/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver