Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3006/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı borcun silinməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı borcun silinməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin mülkiyyətçisidir və həmin mənzildə yaşayır. Mənzildə əvvəllər quraşdırılmış mexaniki qaz sayğacı xx.xx.2011-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentin qaz sayğacının çıxarılması haqqında akt tərtib edilməklə yeni elektron (smart) sayğacla əvəz edilmiş iddiaçıya son göstəricisi 00000,1 m3 olan yeni qaz sayğacının kartı verilmişdir. İddiaçı aktda yazılan son göstəriciyə uyğun olaraq hər hansı borcunun olubolmadığını soruşduqda ona borcunun olmadığı bildirilmişdir. İddiaçı son aylarda sayğacın kartına pul yükləyərkən ondan borca görə silinmələrin aparılmasını müəyyən etmişdir. Azəriqaz İB-nin Binəqədi rayon QİS-nə müraciət edərkən iddiaçıya 2011-ci ildə yaranmış 645,20 manat borcunun ödədiyi vəsaitdən silinməsi bildirilmişdir. İddiaçı borcu ilə bağlı akt tələb etdikdə ona abonentin saldosunu təqdim etmişlər. İddiaçıya təqdim edilən həmin sənəddən görünür ki, yeni smart sayğac quraşdırıldıqdan sonra 2011-ci ilin noyabr ayından 2013-cü ilin may ayınadək karta yüklədiyi məbləğlərdən silinmələr ararılmışdır. 2013-cü ilin may ayından 2021-ci ilin dekabr ayınadək karta yüklənmiş məbləğlərdən borca görə heç bir tutma olmamışdır. Belə çıxır ki, iddiaçının borcunun olması cavabdehin 8 ildən sonra yadına düşmüşdür. Azəriqaz İB-nin internet səhifəsində iddiaçının hazırkı günə borc məbləği 424,3 manat göstərilir. İddiaçı dəfələrlə Azəriqaz İB-yə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin bu hərkəti qəsdən vətəndaşlardan əsassız olaraq pulun silinməsinə hesablanmış hərəkətdir. Azəriqaz İB iddiaçının hər hansı borcunun olmadığını bilir, lakin buna baxmayaraq qəsdən törədilən əməllərlə vətəndaşların qanunsuz olaraq vəsaitini mənimsəyir. Əgər iddiaçının həqiqətən də 2011-ci ildən etibarən borcu olsaydı cavabdeh ötən 12 il ərzində həmin borc məbləğini davamlı olaraq ondan tutardı. Belə ki, 2013-cü ilin may ayından 2021-ci ilin dekabr ayınadək iddiaçının karta yüklənmiş vəsaitindən borca görə heç bir tutma aparılmamışdır. Cavabdehin bu qanunsuz əməli nəticəsində bu günə qədər iddiaçıdan borc kimi 220,90 manat tutulmuşdur. Ona görə də xx.xx.2011-ci il tarixli akta əsasən qaz sərfiyyatına görə cavabdeh tərəfindən hesablanmış 645,20 manat borcun silinməsinə, həmin borca görə iddiaçıdan əsassız olaraq alınmış 220,90 manatın, vurulmuş mənəvi ziyana görə 50 manatın, vəkil xidmətinə görə ödənilmiş 100 manatın, dövlət rüsumu olaraq ödənilmiş 40 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Nəsir oğlu iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. X3 əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının çıxarılması barədə xx.xx.2011-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı istifadəsində olan 717113 zavod nömrəli sayğaca baxış zamanı sayğacın işləmədiyi aşkar edilərək sayğac son göstəricisi 00000,1 m3 olan yeni sayğacla əvəz olunmuşdur. Azəriqaz İB tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 2011-ci ilə qaz sərfiyyatına görə borcu 645,20 manat təşkil edir. Azəriqaz İB tərəfindən abonent İddiaçı barəsində tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, borca görə 2011-ci ildən 2013-cü ilədək tutmalar aparılmış, 2013-cü ildən 2021-ci ilədək heç bir tutma aparılmamış, 2021-ci ildən borca görə tutumaların aparılması davam etdirilmişdir. Azəriqaz İB internet səhifəsindən çıxarışdan müəyyən olunur ki, İddiaçı borcu 424,3 manat təşkil edir. Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli qəbzindən müəyyən olunur ki, İddiaçı vəkil bürosuna 120 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən 2011-ci ildə qaz sərfiyyatına görə ona 645,20 manat ziyan hesablamış, hesabladığı vəsaitə görə 2011ci ildən 2013-cü ilədək istehlakçının ödənişlərindən tutmalar aparmış, 2013-cü ildən 2021ci ilədək borca görə tutmalar aparmasını dayandırmış, 2021-ci ildən yenidən 2011-ci ildə hesabladığı borca görə tutmaların həyata keçirilməsini davam etdirmiş, nəticədə istehlakçıdan əsassız olaraq 220,90 manat vəsait tutumuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 2011-ci ildə 645,20 manat ziyan hesablamış, iddiaçının apardığı ödənişlərdən həmin vəsaitə görə 220,90 manat tutmuşdur. Ona görə də məhkəmə istehlakçının 645,20 manat borcun silinməsinə, həmin borca görə iddiaçıdan əsassız olaraq alınmış 220,90 manatın cavabdehdən alınaraq ona qaytarılmasına dair iddia tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçının cavabdehə qarşı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, cavabdehin yuxarıda sadalanan qanunsuz hərəkətlərinə görə ahıl yaşlı iddiaçının mənəvi iztirablar, sarsıntılar keçirməsi istisna etmədiyindən iddia tələbi bu hissədə də əsaslıdır. Oan görə də məhkəmə iddiaçının cavabdehdən mənəvi ziyana görə tələb etdiyi 50 manat vəsaiti ağlabatan və ədalətli məbləğ hesab edib bu tələbi də təmin edir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsinə və müvəqqəti təminat tədbirinin seşilməsinə dair ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə cəmi 40 manat və iddiaçının göstərilən hüquqi xidmətə görə ödədiyi 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 İddiaçı maddi ziyana görə tələb etdiyi 645,20 manat silinsin. X2 tutulmuş borca görə 220,90 manat, mənəvi ziyana görə 50 manat, dövlət rüsumuna görə 40 manat, hüquqi xidmətə görə 100 manat olmaqla cəmi 410,9 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3006/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3006/2023
05.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver