Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3024/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 5070 manat) alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz GL500” markalı, 90–ZY–898 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il dekabrın 26-da Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz GL500” markalı, 90– ZY–898 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, M.Muxtarov küçəsində “Hyundai Elantra” markalı, 90–ZY–626 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(009)-258/2022 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü(Bu Məcəllənin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə təqsirli bilnmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 4 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Hyundai Elantra” markalı, 90–ZY–626 dövlət nömrə nişanlı avtomobillə 5000 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 5000 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X1 ödəmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hadisə baş versə də qeyd edilən məbləğdə avtomobilə ziyan dəyməmişdir. Tələb edilən məbləği qəbul etmir, məbləğ şişirdilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Benz GL500” markalı, 90–ZY–898 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Mercedes Benz GL500” markalı, 90–ZY–898 dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Zərər vurulmuş avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X2 olduğu göstərilmişdir. Auto Box tərəfindən tərtib edilmiş əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Hyundai Elantra” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 5000 manat təşkil edir. xx.xx.2022-ci il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, plastik kart və şen zərflər "xxxx" ASC tərəfindən X1 təhvil verilmişdir. PXA102059 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə sığortalanmış “Mercedes Benz GL500” markalı, 90–ZY–898 dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində sonuncuya dəymiş zərər 5000 manat təşkil etmişdir. Sığorta hadisəsi nəticəsində “Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 əmlaka dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(009)-258/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(009)-258/2022 saylı qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sonuncuya qiymətləndirmənin nəticələri ilə tanış olması tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan “Auto Box” servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4004 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh sürucülük hüququndan məhrum edilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsi idarə etmiş və həmin nəqliyyat vasitəsi ilə X1 məxsus “Hyundai Elantra” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə həmin nəqliyyat vasitəsinə dəymiş zərər iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə, avtomobilə dəymiş zərərin məbləğini müəyyən edilməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir, həmin rəydə isə “Hyundai Elantra” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər köhnəlmə faizi tətbiq edilməklə 4004 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 4004 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh qanunla dövlət rüsumunun ödənilməsindən azad edildiyindən və iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 manatın tələbin təmin edilmiş hissəsinə mütanəsibliyi nəzərə alınaraq 10 manatı iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4004 (dörd min dörd) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 10 (on) manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3024/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3024/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver