Məhkəmə qərarları › İş №e-2(001)-3033/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3033/2023

01.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3033/2023 01.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli 12 (atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində 39T 396915.91, 4479039.49 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın tələbləri pozularaq, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli 12 (atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində 39T 396915.91, 4479039.49 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən 9 metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikilinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2023-cü il tarixli MV-01/183 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısına, xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2023-cü il tarixli MV-01/182 saylı məktubla Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə “ yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə”rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 mart 2023-cü il tarixli 3-21-3/2-2632/2023 saylı cavab məktubunda bildirilir ki, qeyd olunan məsələ Bakı ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı barədə tədbirin görülməsi məqsədilə Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir(məktubun surəti iddia ərizəsinə əlavə olunur). Binəqədi Rayon İcra Hakimiyyətinin 29 mart 2023-cü il tarixli 5-10/2-583/2023 nömrəli cavab məktubunda qeyd edilir ki, müraciətlə əlaqədar qeyd olunan ünvanda aparılan tikinti işlərinə əməkdaşları tərəfindən texniki baxış keçirilmiş, qaldırdıqları məsələ yerində araşdırılmış və qeyd edilən faktlar öz təsdiqini tapmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikintilərə hər hansı bir icazə sənədi verilməmişdir.(məktubun surəti iddia ərizəsinə əlavə olunur). xx.xx.2023-cü il tarixində Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanında 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərindən 9 metr məsafədə daş hasar və fərdi yaşayış evinin inşa edilməsi barədə 4 saylı Xətti İstismarı Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir(aktın surəti iddia ərizəsinə əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yağına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfdən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də hesab edirlər ki, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa etdiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, öz izahatında göstərdi ki, ona bu günə qədər ərazinin iddiaçıya məxsus olması və həmin ərazidə ev tikilməsinə icazənin verilmədiyi bildirilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron MQKS-nin nümayəndələri 4 saylı XİX-nin rəisi Zeynalov Valeh, mühəndisi Mollayev Şahmar və xətt baxıcısı Süleymanov Abdullanın iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın tələbləri pozularaq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi(39T 396915.91, 4479039.49) yaşayan X5 tərəfindən 720 mm-lik 12 atm təzyiqli “Novxanı-Xırdalan” 6.1-ci km-də magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 9 metr məsafədə mişar daşdan ev, hasar inşa olunmuşdur. Heç bir hüquq sənəd təqdim etməmişdir. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli Xəbərdarlıqdan görünür ki, Cavabdeh xəbərdarlıq edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın tələblərinin pozaraq,inşa etdiyi evin mühafizə zolağına düşməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 29 mart 2023-cü il tarixli 5-10/2-583/2023 saylı məktubundan görünür ki, “Qaz İxrac” idarəsinin Abşeron Magistral X6 balans və istismarında olan magistral qaz kəmərlərinin mühafizə zonasının pozulması barədə Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2023cü il tarixli MV-01/173 saylı, xx.xx.2023-cü il tarixli MV-01/183 saylı, xx.xx.2023-cü il tarixli MV-01/252 saylı və xx.xx.2023-cü il tarixli MV-01/273 saylı məktublara baxılmışdır. Bildirilmişdir ki, müraciətlə əlaqədar qeyd olunan ünvanda aparılan tikinti işlərinə əməkdaşları tərəfindən texniki baxış keçirilmiş, qaldırdıqları məsələ yerində araşdırılmış və qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikintilərə hər hansı bir icazə sənədi verilməmişdir. Qaz kəmərlərinin mühafizə zonasında tikinti işlərinin yolverilməzliyi və aidiyyəti qurumlardan müvafiq rəylərin alınması barədə vətəndaşa ciddi xəbərdarlıq edilmiş və gələcəkdə bu kimi halların baş verməməsi üçün ərazilər nəzarətə götürülmüşdür. Qeyd olunanları nəzərə alaraq, sözügedən tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə məhkəməyə və ya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə müraciət edilməsi məqsədəmüvafiq hesab olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 mart 2023-cü il tarixli 3-21-3/2-2632/2023 nömrəli torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə məktubdan görünür ki, Bakı şəhəri,Binəqədi rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 istismarında olan qaz kəmərinin mühafizə zonasına aid ərazidə Cavabdeh tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması faktı ilə bağlı tədbirlərin görülməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 müraciətinə baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən ərazidə yerləşən torpaq sahəsinə dair qanunvericilikdə nəzərəd tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlərin görülməsi məqsədilə Xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli, 10/4080 №-li rəyində göstərilmişdir ki, baxış zamanı təqdim olunan Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanında yerləşən fərdi yaşayış evinin və çəpərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balansı və istismarında olan 530 mm diametrli “Qaradağ- Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərindən müvafiq olaraq 10 metr və 4 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin və çəpərin bütövlükdə “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirlətri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinin tələblərinə əsasən yerüstü magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, Quluyev X3 rayonunun Şahvələdli ərazi dairəsi, Şahvələdli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 22.2-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 50-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı Qərarının 16-cı bəndində nəzərdə tutulur ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları»-nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişiklik edilməsi razılaşdırıldıqdan və bu məqsədlə işlənmiş layihə-smeta sənədləri Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmasına yol verilir. Məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli 12 (atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində 39T 396915.91, 4479039.49 koordinatı üzrə inşa edilmiş tikililəri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikdiyindən və bu tikililər qaz kəmərinin mühafizə zonasında inşa edildiyi üçün qaz kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən özbaşına tikili hesab edilərək cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli 12 (atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində 39T 396915.91, 4479039.49 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi onun hesabına sökülməli, tikinti mal-materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, cavabdeh Quluyev X3 rayonundan məcburi köçkün olduğuna görə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli 12 (atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Binəqədi- Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində 39T 396915.91, 4479039.49 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi Cavabdeh hesabına sökülsün və Cavabdeh tərəfindən tikinti malmaterialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar