Məhkəmə qərarları › İş №e-2(001)-3108/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3108/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3108/2022 15.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Paşa Sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Paşa Sığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, **-BP-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış **-PZ-*** dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020ci il tarixli TP3648873 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Paşa Sığorta tərəfindən müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. Yenimotor MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-PZ-*** dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4939,57 manat, təmir edildiyi tədqirdə əlavə xərc 889,12 manat müəyyən edilmişdir. Paşa Sığorta ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 250 manat azadolma çıxılmaqla 5578,69 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün Yenimotor MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti AtaSığorta ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5000 manat çıxılmış və 578,69 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş edilmiş, lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh subroqasiya qaydasında iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə dəymiş ziyana görə 578,69 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında vurulmuş maddi ziyana görə 578,69 manatın sığorta şirkətinə hissə-hissə ödəyəcəyini göstərmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) C-MİC-0614/19 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən müəyyən olunur ki, buraxılış ili 2018-ci il olan xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər Paşa Sığorta ASC-də sığortalanmış **-PZ-*** dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtomobil üzrə sığorta məbləği 58000 manat, sığorta haqqı 1682 manat, şərtsiz azadolunma 250 manat müəyyən edilmişdir. Yenimotor MMC-nin hesab fakturasından müəyyən olunur ki, **-PZ-*** dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtonəqliyyat vasitəsinin təmiri üçün 4939,57 manat, ƏDV görə 889,12 manat daxil olmaqla görülmüş işlərin dəyəri cəmi 5828,69 manat təşkil edir. Yenimotor MMC-nin HO-63401 saylı iş kartından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə başlanmalı olan təmir işlərinin ümumi dəyəri cəmi 5828,69 manat müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Paşa Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər sığortalanmış **-PZ-*** dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtomobilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 5828,69 manat, sığorta ödənişi 5578,69 manat müəyyən edilmiş, 5828,69 manat zərər məbləği avtomobilin təmiri üçün Yenimotor MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli saylı elektron qaimədən müəyyən olunur ki, Paşa Sığorta ASC Yenimotor MMC-yə sığorta ödənişinə görə 5828,69 manat ödəniş etmişdir. AD N 360212 saylı xx.xx.2018-cİ il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-PZ-*** dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtonəqliyyat vasitəsi X6 və Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli 24/12-01 saylı etibarnamədən müəyyən olunur ki, **-PZ-*** dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtonəqliyyat vasitəsi X6 və Ticarət Anonim Şirkəti tərəfindən X1 müddətli və əvəzi ödənilmədən istifadəyə verilmişdir. Xətai RPİ DYPŞ-nın xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindan müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunan xx.xx.2020-ci il tarixli AP0168425 saylı inzibati protokola baxılaraq o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmiş, törədilmiş inzibati xəta nəticəsində **-PZ-*** dövlət qeydiyyat nişanlı Honda CRV markalı avtonəqliyyat vasitəsinə ziyan dəyməsi müəyyən edilmişdir. AC N 737511 saylı xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-BP-*** dövlət qeydiyyat nişanlı Opel Astra minik markalı avtonəqliyyat vasitəsi X2 mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən müəyyən olunur ki, X3 mülkiyyətində olan **-BP-*** dövlət qeydiyyat nişanlı Opel Astra minik markalı avtonəqliyyat vasitəsini Cavabdeh istifadəsinə vermişdir. Paşa Sığorta ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli 2495/İ saylı məktubdan müəyyən olunur ki, Cavabdeh mülki məsuliyyəti AtaSığorta ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalamış və ödənilmiş məbləğdən 5000 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 578,69 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur. Cavabdeh Xətai RPİ-nin X7 şöbəsində xx.xx.2020-ci il tarixdə verdiyi izahatından müəyyən olunur ki, o, taksi kimi fəaliyyət göstərdiyi 40-BP-02 dövlət nömrə nişanlı Opel Astra minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 12:40 radələrində Xətai Rayon Prokurorluğunun qarşısından keçib üzü M.Mehdizadə küçəsi istiqamətində saatda 30 km\surətlə hərəkət edərkən fikirli olduğundan əsas yola daxil olduqda soldan və sağdan gələn avtomobil yoluna baxmadan gəldiyi kimi də əsas yola daxil olduqda sol tərəfdən gələn Honda markalı avtomaşınla toqquşmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq iddiaçı tərəfindən sığortalanan nəqliyyat vasitəsinə 5828,69 manat ziyan vurmuş, vurulmuş ziyanın 5000 manatını, cavabdehin mülki məsuliyyətini icbari sığorta müqaviləsinə əsasən sığortalamış AtaSığorta ASC ödəmiş, 578,69 manatı iddiaçı ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığortalıya 578,69 manat sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində Cavabdeh təqsiri sübuta yetdiyindən, araşdırma zamanı cavabdeh iddia tələbini etiraf etdiyindən iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh maddi ziyana görə 578,69 manat, məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 609,09 manat Paşa Sığorta ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar