Məhkəmə qərarları › İş №e-2(001)-3110/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3110/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3110/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 3293,28 manat sığorta ödənişinin, ödənilmiş 53,93 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus olan, sürücü Cavabdeh2 tərəfindən idarə olunan **-RR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** SF *** dövlət qeydiyyat nişanlı Volvo XC90 R-Design markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixli TP4218128 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** SF *** dövlət qeydiyyat nişanlı Volvo XC90 R-Design markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 8234(iddia ərizəsində texniki səhv olaraq 6697,40 manat qeyd edilmişdir) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə dəymiş ziyandan 100,00 manat azadolma çıxılmaqla-8 234,00 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 4 940,72 manat məbləğin sığortaçı tərəfindən ödənilmiş və 3 293,28 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş etmişlər. Lakin cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh2 tərəfindən idarə olunan və Cavabdeh1 məxsus olan **-RR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı nəqliyyat vasitəsi ilə Paşa Sığorta ASC tərəfindən kasko sığortası üzrə sığortalanmış **-SF-*** dövlət qeydiyyat nişanlı Volvo XC90 markalı nəqliyyat vasitəsinə ziyan vurulmuş və Paşa Sığorta ASC-nin sığorta aktına əsasən zərərçəkmişə 8234 manat sığorta ödənişi ödənilməsi qərara alınmış və həmin məbləğ tərəfimizdən zərərçəkmişin hesabına köçürülmüşdür. Zərərvuranın mülki məsuliyyəti Günay Sığorta ASC tərəfindən sığortalandığından ödənilmiş məbləğdən 4940,72 manat onlara ödənilmiş və 3293,28 manat qalmışdır. Lakin cavabdehlər həmin məbləği ödəməkdən yayınırlar. DİN Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh2 inzibati xətanı törətdiyinə görə cərimə olunmuşdur. Qəza anında Volvo markalı avtomobilin vurulmuş vəziyyətdəki fotoşəkilləri mövcuddur.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

6. Əvvəli məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qəbul etmir, belə ki, onların avtomobilinə cəmi 400 manat zərər dəymiş olsa da, qarşı tərəfin avtomobilinə 8234 manat məbləğində zərərin dəyməsi real deyildir və həqiqəti əks etdirmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. TP seriyalı, ******* saylı xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixində olan **-RR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci madddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərar alınmışdır.

8. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh1 məxsus **-RR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı avtomobili idarə edən X1 Nicat Xanlar oğlunun mülkiyyətində olan **-SF-*** dövlət qeydiyyat nişanlı “Volvo XC90 R-Design” markalı avtomobillə toqquşmuş, avtomobilin qabaq hissəsinə ziyan dəymişdir.

9. AD 506935 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-SF-*** dövlət qeydiyyat nişanlı “Volvo XC90 R-Design” markalı avtomobil X4 məxsusdur.

10. X6 tərəfindən Səbail rayon polis idarəsinə yazılmış xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o xx.xx.2021-ci il tarixdə 23:55-də A.Abbaszadə küçəsində özünəməxsus avtomobili yol kənarında saxlasa da, qarşıdan gələn **-RR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı nəqliyyat vasitəsi yerin qarlı və buzlu olması səbəbindən sürüşüb onun onun avtomobilinə çırpılmışdır. Hadisə zamanı özü avtomobildə olmamışdır. Bu zaman avtomobili idarə edən şəxs ayıq olmuşdur.

11. Cavabdeh2 tərəfindən Səbail rayon polis idarəsinə yazılmış xx.xx.2021-ci il tarixli izahatından görünür ki, xx.xx.2021-ci il tarixində avtomobilin sahibi Cavabdeh1 yanında olan zaman yer buzlu olduğu üçün sərt döngədə idarəetməni itirdiyindən maşın sürüşərək, yol kənarında dayanan **-SF-*** dövlət qeydiyyat nişanlı “Volvo XC90 R- Design” markalı avtomobilə çırpılmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır.

12. "xxxx" ASC tərəfindən təqdim edilən fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, X2 məxsus olan **-SF-*** dövlət qeydiyyat nişanlı “Volvo XC90 R-Design” markalı avtomobil nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta edilmişdir.

13. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə dəymiş ziyandan 100,00 manat azadolma çıxılmaqla-8 234,00 manat məbləğində sığorta ödənişi xx.xx.2021-ci il tarixində avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödənilmişdir.

14. "xxxx" MMC tərəfindən tərtib edilən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-SF-*** dövlət qeydiyyat nişanlı “Volvo XC90 R-Design” markalı avtomobilə 8034,00 manat məbləğində zərər dəydiyi, görüləcək işlərə görə isə zəhmət haqqının 300 manat olduğu, ümumilikdə zərər məbləğinin 8334 manat olduğu hesablanmışdır.

15. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, zərərçəkmiş X4 dəymiş zərərə görə sığorta ödənişini alan "xxxx" ASC-yə köçürmə yolu ilə 4940,72 manat məbləğində sığorta ödənişi edilmişdir.

16. "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanan 04 oktyabr 2021-ci il tarixli bildirişdən görünür ki, sonunculara xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə "xxxx" ASC tərəfindən 8234 manat sığorta ödənişi edilməsi və sığortaçı tərəfindən "xxxx" ASC tərəfindən sığorta məbləğinin 4940,72 manat ödənildiyi barədə məlumat verilməklə, 3293,28 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi təklif edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9/5119 saylı ekspertiza rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı **-SF-*** dövlət qeydiyyat nişanlı “Volvo XC90 R-Design” markalı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7273,0 manat müəyyən edilir.

18. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 53,93 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

19. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində saat 23:55 radələrində A.Abbaszadə küçəsində Cavabdeh1 məxsus **-RR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı avtomobili idarə edən sürücü Cavabdeh2 X3 mülkiyyətində olan **-SF-*** dövlət qeydiyyat nişanlı “Volvo XC90 R-Design” markalı avtomobillə toqquşmuşdur.

20. Hadisə nəticəsində X3 mülkiyyətində olan **-SF-*** dövlət qeydiyyat nişanlı “Volvo XC90 R-Design” markalı avtomobilə 8234 manat zərər dəydiyi müəyyən edilmişdir.

21. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə dəymiş ziyandan 100,00 manat azadolma çıxılmaqla- 8234,00 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödəmişdir.

22. **-RR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı avtomobil isə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalandığından "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-nin bank hesabına 4940,72 manat sığorta ödənişi ödənilmişdir.

23. Hazırda iddiaçı qalıq qalmış 3293,28 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında cavabdehlərdən, yəni avtomobilin mülkiyyətçisi Cavabdeh1 və avtomobili qanuni əsaslarla idarə edən Cavabdeh2 tutulmasını xahiş edir.

24. Cavabdeh2 məhkəmə iclasında vermiş olduğu izahatında “Volvo” markalı avtomobili qabaq hissədən vurduğunu, hadisə zamanı avtomobilin sahibinin də avtomobildə olduğunu, vurulmuş zərər məbləği ilə razı olmadığını bildirmişdir.

25. Yaranmış mübahisənin aradan qaldırılması və işin obyektiv həllinə nail olmaq üçün mülki iş üzrə məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9/5119 saylı ekspertiza rəyi ilə **-SF-*** dövlət qeydiyyat nişanlı “Volvo XC90 R-Design” markalı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7273,0 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

28. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;

29. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;

30. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

31. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

32. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

33. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;

34. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

35. Sadalanan normaların məzmunundan göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

36. Bundan başqa sığortaçının verdiyi sığorta ödənişi məbləğində sığorta ödənişi almış şəxsə zərər vurmuş şəxsdən geriyə tələb etmək hüququ, yəni subroqasiya hüququ vardır.

37. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı sığorta şirkəti zərər dəymiş avtomobilin kasko sığortası üzrə sığortaçısıdır. Zərərin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən Cavabdeh2 tərəfindən vurulması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün 8234 manat sığorta ödənişi edilmiş və həmin sığorta ödənişinin bir hissəsi, yəni 4940.72 manatı yüksək təhlükə mənbəyinin icbari sığortası üzrə sığorta şirkəti tərəfindən qarşılanmışdır. İddiaçı hazırda qalıq məbləği, yəni 3293.28(8234- 4940.72) manatı tələb edir, Cavabdeh2 isə zərərin məbləği ilə razı olmamışdır.

38. Məhkəmə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, avtomobilə 7273 manat zərər dəymişdir.

39. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, subroqasiya qaydasında tutulmalı olan məbləğ 2332.28 (7273-4940.72) manat müəyyən edilməlidir.

40. Məhkəmə eyni zamanda hesab edir ki, həmin məbləğ yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən Cavabdeh2 tutulmalı, digər Cavabdeh1 məsuliyyəti istisna edilməlidir.

41. Belə ki, Cavabdeh2 yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə etməsi işin mübahisəsiz halıdır, çünki yol nəqliyyat hadisəsini törədən şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməmişdir. İddiaçının zərərin əvəzinin həm mənbə sahibindən, həm də mənbəni qanuni əsaslarla idarə edən şəxsdən tutulmasının qanuni əsası müəyyən edilmir.

42. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyula bilər. Normadan göründüyü kimi qanunverici konkret olaraq yüksək təhlükə mənbəyinə sahiblik edən, öz də qanuni əsasla sahiblik edən şəxsin vurulmuş zərərə görə məsuliyyət daşımasını təsbit etmişdir. Bu normadan istisnalar həmin Məcəllənin 1108.2-ci maddəsində və 1099-cu maddəsində göstərilmiş hallarda mümkündür. Halbuki işin müəyyən edilmiş hallarından da göründüyü kimi yüksək təhlükə mənbəyi onun sahibindən hüquqa zidd götürülməmişdir və yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən şəxs həmin mənbənin sahibinin işçisi deyildir. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

44. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

48. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2332,28 manat məbləğində pul vəsaiti və 53,93 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

49. Ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində məhkəmə xərcinin 70 (yetmiş) manat hissəsi Cavabdeh2, 30 (otuz) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 2332,28 (iki min üç yüz otuz iki manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 53,93 (əlli üç manat, doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində məhkəmə xərcinin 70(yetmiş) manat hissəsi Cavabdeh2, 30(otuz) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar