Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3114/2023 25.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoffmann Sıac-09 İHR kondisionerini almış, cəmi 134,9 manat ödəniş etmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 643,2 manat olan kondisioner üçün əsas borca görə 508,3 manat, cəriməyə görə 50,7 manat borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon əlaqəsi saxlanılmış, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə öhdəliklərini lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsədə, cavabdeh öhdəliklərini icra etməmişdir. Ona görə də Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 508,3 manat, cəriməyə görə 50,7 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 589 manatın ABC Telecom MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh iddiaçıya kondisionerin işləməməsi ilə bağlı iki il ərzində müraciət etməmiş, müqavilənin ləğv edilməsini tələb etməmişdir. Cavabdehin etirazı tam əsassızdır. Kondisioneri qaytaranda qiymətləndirmə aparılır əsas borcdan müəyyən olunan məbləğ çıxılır. Cavabdeh izahatında qeyd edir ki, kondisionerdən istifadə edir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, kondisioneri alarkən satıcı qızdan 1-2 dərəcədə evi isidəcəyini soruşmuş, satıcı isidəcək dediyindən kondisioneri almış, lakin kondisioner evi həmin dərəcədə isitmədiyindən o, şifahi qaydada bu barədə iddiaçının işçilərinə ilk dəfə noyabr-dekabr aylarında, ikinci dəfə 2022-ci ilin yazında desə də, rəsmi qaydada müraciət etməmiş, bir dəfə iddiaçı tərəfindən onun evinə usta göndərilmiş, usta kondisioneri yoxlayıb isti verməsinin zəif olmasını demişdir. Ödənişləri o, noyabr-dekabr ayında dayandırmışdır. Xəbərdarlıq məktubunu iddiaçı ona məhkəmə bildirişini aldıqdan sonra göndərmişdir. Halhazırda da kondisioner onun evindədir, lazım olanda kondisioneri işlətmiş, məhkəmədən sonra kondisionerdən istifadə etmir. Sonradan o, həmin firmanın kondisionerlərinin zəif isitməsi barədə öyrənmişdir. Kondisioneri ona məsləhət görən satıcı isə ona bu barədə deməmişdir. İddiaçı ona istilik verən kondisioner versə yeni cədvəllə ödənişlər edə bilər. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23181224 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 643,20 manat olan Hoffmann Sıac-09 İHR kondisionerini 24 ay müddətinə hər ay 26,80 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqavilənin 3.10-cu bəndindən müəyyən olunur ki, müştəri ABC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman mal ABC tərəfindən və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Xəlilov X2 Sıac-09 İHR kondisionerini saz vəziyyətdə təhfil almışdır. ABC Telecom MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-cu il tarixli müqavilə üzrə əsas borca görə 2880 manat, dəbbə puluna görə 864 manat, xx.xx.2019-ci il tarixli müqavilə üzrə əsas borca görə 508,3 manat, cəriməyə görə 50,7 manat olmaqla cəmi 559 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan nisyə aldığı Hoffmann Sıac-09 İHR kondisionerinin dəyərini müqavilə ilə müəyyən olunmuş müddət ərzində ödəmədiyindən iddiaçıya 508,3 manat borcu yaranmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında 2 il əvvəl aldığı kondisenerin qış fəslində yaşayış sahəsini müvafiq qaydada isitmədiyini, bu barədə satıcıya məlumat versə də heç bir tədbirin görülmədiyini bildirsə də, etirazında istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdehin elə özünün izahatı ilə müəyyən olunmuşdur ki, hal-hazırda da kondisioner cavabdehin istifadəsindədir. Ona görə də məhkəmə iddiaçının cavabdehdən əsas borca görə 508,3 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə 10 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23181224 saylı müqavilə üzrə əsas borca görə 508,3 manat, cəriməyə görə 10 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 548,3 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3114/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3114/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver