Məhkəmə qərarları › İş №e-2(001)-3148/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3148/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3148/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya iddiaçı) ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli AS-H 272/21 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Changan CS75” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Kia Rio” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Changan CS75” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 3924.79 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Kia Rio” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC-nin ********** nömrəli xx.xx.2022-ci il tarixli qüsur aktında yol-nəqliyyat hadisəsi nəticəsində “Changan CS75” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3924.79 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışdan görünür ki, “Kia Rio” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 783.86 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 1796/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Changan CS75” markalı ** PZ *** dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 3140.93 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Kia Rio” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən 3924.79 manat məbləğində olan sığorta ödənişinin 783.86 manat hissəsini avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən ödəniş edilmişdir (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 931-ci maddəsinin tələbinə əsasən). Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 3140.93 manat təşkil edir. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1096 və 1097-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 3140.93 manat məbləğində sığorta ödənişinin, 51.41 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının, cəmi 3192.74 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, ekspert rəyi ilə razı olduğunu və zərəri həmin məbləğdə ödəməyə hazır olduğunu bildirməklə yanaşı, növbəti məhkəmə iclaslarının onun iştirakı olamadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sığorta aktından görünür ki, ** PZ *** dövlət qeydiyyat nişanlı, “Changan CS75” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “Avtomobillərin kompleks sığortası”, sığorta məbləği isə 54055.00 manat müəyyən edilmişdir. Sığortalanmış avtomobil digər avtomobillə toqquşmuşdur. Bunun nəticəsində "xxxx" MMC tərəfindən verilmiş Qüsur aktına əsasən 3924.79 manat məbləğində zərər müəyyən edilmişdir. Sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalı (faydalanan şəxs) "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Həmin Akta qeyd edilmişdir ki, Sığorta ödənişi həyata keçirildikdən sonra, Sığortalı subroqasiya tələbi hüququnun sığorta ödənişi məbləği həddində "xxxx" ASC-yə keçməsini təsdiq etmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 29 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş Cavabdeh Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında (Xırdalan şəhərində baş vermiş YNH-si zamanı xəsarət alması) toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:30-da Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş və Cavabdeh idarə etdiyi “Kia Rio” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsus “Changan CS75” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən A-AS 270/22 saylı sığorta aktına əsasən 3326.09 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən A-AS 270/22 saylı sığorta aktına əsasən 598.70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, “Changan CS75” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil 54055.00 manat dəyərində sığortalanmış, sığorta haqqı 2270.31 manat müəyyən edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçisi) Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4354 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Changan CS75 minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2613.00 manat müəyyən edilmişdir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 1313.00 manat, təmir-bərpa işlərinin qiyməti 1300.00 manat qeyd edilmişdir. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2560.00 manat müəyyən edilmişdir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 1260.00 manat, təmir-bərpa işlərinin qiyməti 1300.00 manat qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh ekspert rəyi ilə razı olduğunu və həmin məbləğdə zərəri ödəyəcəyini ərizəsində qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsi nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1108.2-ci maddəsinin yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (maddə 936.2). Beləliklə, bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh idarə etdiyi “Kia Rio” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində manevr qaydalarını pozmuş və bunun nəticəsində yol-nəqliyyat hadisəsi törədərək “Changan CS75” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində “Changan CS75” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Həmin hadisənin törədilməsində onun təqsirli olması müvafiq qərarlarla və eyni zamanda məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığorta aktına əsasən ümumilikdə 3924.79 manat məbləğində ödəniş ödənilmişdir. Həmin ödənişin 783.86 manat məbləğində hissəsi “Kia Rio” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalandığından 3924.79 manat məbləğində olan sığorta ödənişinin 783.86 manat hissəsini "xxxx"xxxx"xxxx" ASC Cavabdeh 3140.93 manat məbləğində sığorta ödənişinin, 51.41 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının, cəmi 3192.74 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, xx.xx.2024-cü il tarixli, 9/4354 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə təsdiq edilmişdir ki, 2021-ci il buraxılışlı “Changan CS75 minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2613.00 manat, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2560.00 manat təşkil etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, yuxarıda qeyd edilmiş maddi hüquq normalarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli və Cavabdeh 2560 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2560 (iki min beş yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 51.41 manat dövlət rüsumunun 80%, yəni 41 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 20%, yəni 10.41 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 50 manat ekspertiza xərcinin 80%, yəni 40 manat Cavabdeh, qalan 20%, yəni 10 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar