Məhkəmə qərarları › İş №e-2(001)-315/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-315/2023

28.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-315/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsinə, 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu əsasında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evin mülkuyyətçisi hesab edilən Qurban Əmir-Əhməd oğlunun vəfatından sonra miras qalmış əmlak üzərində X11, həmin evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kv.metr və 12 kv.metr, yardımçı sahə 18 kv.metr olan mirasa dair onun mülkiyyət hüququnun tanınmasına və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunması vəzifəsinin Bakı şəhəri 26 saylı notariat ofisinə həvalə olunmasına dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsinə, 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu əsasında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evin mülkuyyətçisi hesab edilən Qurban Əmir-Əhməd oğlunun vəfatından sonra miras qalmış əmlak üzərində X11, həmin evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kv.metr və 12 kv.metr, yardımçı sahə 18 kv.metr olan mirasa dair onun mülkiyyət hüququnun tanınmasına və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunması vəzifəsinin Bakı şəhəri 26 saylı notariat ofisinə həvalə olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X11 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kvadrat metr və 12 kvadrat metr, yardımçı sahə 18 kvadrat metr olan yaşayış sahəsi üzərindəki əmlak hüquqlarını (mirası) həmin dövrdə faktiki olaraq qəbul etmiş və bütün vərəsələr qarşısında bəyan etmişdir. X23 evlənmədiyinə görə 1-ci növbəli vərəsələrinin olmaması barədə arayışı və vərəsələrin həmin paya dair iddialarının olmaması barədə notariat qaydasında təsdiqlənmiş ərizələri ilə birlikdə, qeyd olunan evin 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu, evin sahibi olan Qurban Əmir-Əhməd oğlunun və X11 ölüm haqqında şəhadətnamələrini və vərəsələrin doğum haqqında şəhadətnamələrinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsinin notariat qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edərək, ilk dəfə xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh X-136 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və əsas kimi iki səbəb göstərmişdir. Bunlardan biri mülkiyyətin hüquqmüəyyənedici sənədinin olmaması digəri isə, mərhumun digər vərəsələrinin, yəni, bacı və qardaşlarının müəyyən edilməsinə dair sənədləri təqdim edə bilməməsi olmuşdur. İddiaçı yenidən cavabdehə, xx.xx.2022-ci il tarixli ərizəsi ilə yuxarıda göstərilən sənədlərlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-1084/2020 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 10521/2019 saylı qətnaməsi də əlavə olunmaqla müraciət etmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh X-82 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu dəfə əsas kimi üç səbəb göstərilmişdir ki, bunlardan birincisi təqdim edilmiş sənədlər sırasında mülkiyyətin hüquqmüəyyənedici sənədinin olmaması, ikincisi vərəsəlik işinin aparılması üçün tələb olunan sənədlərin təqdim edilməməsi və üçüncüsü mərhumun digər vərəsələri, yəni bacı və qardaşları ilə əmlak bölgüsü ilə bağlı aralarında olan mübahisədir. İddiaçı tərəfindən kifayət qədər, yəni qanunvericilikdə nəzərdə tutulan sənədlərin təqdim olunmasına baxmayaraq, cavabdeh qərəzli və əsassız olaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina etmişdir. 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu əsasında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evin sahibi Qurban Əmir-Əhməd oğludur və o, 1988-ci ildə vəfat etmişdir. Miras əmlak Qurban Əmir-Əhməd oğlunun 1-ci növbəli vərəsələrindən 3 nəfəri, yəni X24, X25 və X23 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mirası faktiki qəbul etmiş 3 qardaş arasında sonradan mübahisə yarandığından, Binəqədi Ravon Məhkəməsinin xx.xx.2000ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında həmin ev 3 qardaş arasında bölünməklə, hər birinə aid olan yaşayış və həyətyanı sahədən istifadə qaydaları müəyyən edilmişdir. X23 xx.xx.2012-ci il tarixdə, X24 xx.xx.2014-cü il tarixdə və X25 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. X23 evlənmədiyinə görə, onun 1-ci növbəli vərəsələri olmamışdır. X11 bacısı və 2-ci növbəli vərəsəsi olan iddiaçı, X11 faktiki qəbul etmiş payını, yəni yaşayış sahəsi üzərindəki əmlak hüquqlarını (mirası) həmin dövrdə faktiki olaraq qəbul etmiş, bütün vərəsələr qarşısında bəyan etmiş və əmlakı hal-hazırda da idarə etməklə, həmin yaşayış sahəsinə sahiblik edir. İddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət edərkən, bütün sağ olan 2-ci növbəli vərəsələri, o cümlədən X25 notariat qaydada təsdiq olunmuş ərizələrini də təqdim edərək, X8 miras qalmış mirası qəbul etmədiklərini, iddia müddətinin ötürdüklərini və buna heç bir iddiaların olmadığını bildirmişlər. X11 ölümündən sonra, X24 2-ci növbəli vərəsə olaraq, xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixədək (ölənədək), yəni sağlığında X8 miras qalmış əmlakı bacısı İddiaçı tərəfindən faktiki qəbul edilməsinə etiraz etməmiş, həmin mirası hər hansı bir formada mübahisələndirməmiş, əksinə bacısının 2 övladı ilə birlikdə həmin yaşayış sahəsində yaşamasına razı olmuşdur. İddiaçı, qardaşı X12 xx.xx.2012-ci ildə vəfatından sonra mirası faktiki olaraq qəbul etməklə, idarə etdiyindən və bunu bütün vərəsələrə bəyan etdiyindən, miras əmlakı həmin gündən iddiaçının mülkiyyəti hesab edilmişdir. X11 ölümündən sonra, X24 2-ci növbəli vərəsə olaraq, yəni xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixədək (ölənədək), yəni sağlığında Rafiqdən miras palmış əmlakı qəbul etməmiş və bacısının 2 övladı ilə birlikdə həmin yaşayış sahəsində yaşamasını hər hansı bir formada mübahisələndirməmişdir. Deməli, X12 vərəsələri olan X4, X5 və Hüseynova Zeynəb Rəşid qızının X8 miras qalmış əmlak üzərində hər hansı bir hüquqları yarana bilməz. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10521/2019 saylı, qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırda iddia predmetinin obyekti olan yaşayış sahəsi üzərində, İddiaçı və onun qızı X13 hüquqlarını məhdudlaşdıran və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəvvən edilməklə yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn X4, X5 və Hüseynova Zeynəb Rəşid qızının hərəkətləri qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, həmçinin İddiaçı və onun qızı X18 aid yaşayış sahəsindən istifadə etmə qaydalarına X17, X19 və Hüseynova Zeynəb Rəşid qızı tərəfindən edilən müdaxilələrin aradan qaldırılması qət edilmişdir. Ona görə də, cavabdehin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsinə, 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu əsasında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evin mülkuyyətçisi hesab edilən Qurban Əmir-Əhməd oğlunun vəfatından sonra miras qalmış əmlak üzərində X11, həmin evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kv.metr və 12 kv.metr, yardımçı sahə 18 kv.metr olan mirasa (yaşayış sahəsinə) dair İddiaçı mülkiyyət hüququnun tanınmasına və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunması vəzifəsinin cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinə həvalə olunmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, İddiaçı və vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə İddiaçı və vəkili və nümayəndəsi Vəkil1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3cü şəxs X4 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsi ilə razılaşmayaraq izahatında göstərmişdir ki, İddiaçı vəfat etmiş qardaşı X11 vərəsəsi olaraq tanınması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən qardaşı R.Q.Hüseynovun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 1 küçəsi döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.metr yaşayış otaqları, 18 kv.metr veranda) vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-13621\2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X4 həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh X1rşı vərəsəlik hüququnun tanınması tələbi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikilidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-7630/2018 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı bilərəkdən bu məhkəmə aktlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunan qətnaməyə əsasən İddiaçı qardaşının vərəsəsi olaraq müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynovun X-82 saylı xx.xx.2022-ci il tarixli qərarı tam əsaslıdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Notariat haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 40. Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportun surətindən müəyyən olunur ki, Binəqədi rayonu Kirov qəsəbəsi Məmmədyarov küçəsi 38 saylı evə dair X31 adına texniki pasport tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405\2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X12 cavabdeh X20 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evindən və həyətyanı sahəsindən istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Kirov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli № İİİ- JQ 427126 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 xx.xx.1988-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1988ci il tarixdə 79 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ № 721990 saylı ölüm haqqında təkrar verilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1140 saylı ölüm akt qeydi tərtib olunmuşdur. X14 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-11121 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X8 miras qalmış miras əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur. X15 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-11122 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X8 miras qalmış miras əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur. X9 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-11120 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X8 miras qalmış miras əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur. X3 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-54370 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X8 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair iddia ilə məhkəməyə müraciət etməyəcəkdir. X3, X9, X14 və X2 notarial qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli **********156 saylı ərizələrinin surətindən müəyyən olunur ki, X11 yaşadığı, eləcə də atasının ölümündən sonra istifadəsində olan ünvan 2 ünvanında yerləşən evin yaşayış sahəsi iki yaşayış otağı 20 kv.m və 18 kv.m veranda 18 kv.m üzərində istifadə etmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X11 ailəsi olmadığı üçün onun hüzr mərasimlərini əsasən bacısı İddiaçı idarə etmiş və həmin dövrdən sonuncu 2 qızı ilə mərhum X11 istifadəsində olan yaşayış sahəsinə köçməklə hal-hazırda həmin sahədən istifadə edirlər. X8 miras qalmış bütün əşyalar bacısı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, sonuncunun digər vərəsələrə də bəyan etdirmiş və hal-hazırda da həmin yaşayış sahəsində 2 qızı ilə birlikdə yaşayaraq mərhum qardaşı X8 miras qalmış bütün əşyalardan istifadə edirlər. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynovun X-136 saylı xx.xx.2017-ci il tarixli qərarından müəyyən olunur ki, o, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küşəsi 1 saylı evin 5 saylı mənzilində qeydiyyatda olan İddiaçı qardaşı X8 miras qalmış Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2 4 saylı evindən mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ərizəsi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən mülkiyyətin hüquq müəyyənedici sənədinin olmaması, mərhumun digər vərəsələrinin (bacı və qardaşları) müəyyən edilməsinə dair sənədlərinin təqdim edə bilməməsi səbəbindən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı vəfat etmiş qardaşı X11 vərəsəsi olaraq tanınması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən qardaşı R.Q.Hüseynovun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 1 küçəsi döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.metr yaşayış otaqları, 18 kv.metr veranda) vərəsəlik hüququnun tanınmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-13621\2017 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, mübahisəli evin 20 və 12 kv.metr yaşayış otaqları və 18 kv.metr şüşəbənddən ibarət olan hissəsinə iddiaçının vərəsəlik hüququnun tannması qət edilmiş, cavabdeh X4 həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh X1rşı vərəsəlik hüququnun tanınması tələbi barədə iddiasının təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən daha sonra müəyyən olunur ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması iş materialları ilə müəyyən edilmədiyi üçün həmin ev xüsusi mülkiyyətdə olan əmlak hesab edilmir. Digər tərəfdən göründüyü kimi mübahisəli evin özbaşına tikili olması aşkardır. Bu hal həm tərəflərin izahatları, həm də iş materialları ilə təsdiq olunur. Mübahisəli ev özbaşına tikili olduğundan miras əmlak sayıla bilməz. Çünki Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-7630/2018 saylı qərarından müəyyən olunur ki, İddiaçı və vəkili Qanbayev Emil Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10521/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçılar X4, X6 və Hüseynova Zeynəb Rəşid qızının apellyasiya şikayəti təmin edilməyərək, cavabdehlər İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3650/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu İ.Hacıyev küçəsi döngə 2, ev 4 saylı evdə yerləşən mübahisəli yaşayış sahəsi üzərində İddiaçı və X16 hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin 2405/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn cavabdehlər X17, X21 və Hüseynova Zeynəb Rəşid qızının hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərinə son qoyulması, İddiaçı və X22 aid yaşayış sahəsindən istifadə etmə qaydalarına cavabdehlər X10, X21 və Hüseynova Zeynəb Rəşid qızı tərəfindən edilən müdaxilələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10521/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində məhkəmə nəzərə almışdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmışşəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1084 saylı qərarından müəyyən olunur ki, iddiaçılar X4, X6 və Hüseynova Zeynəb Rəşid qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10521/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynovun X-82 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, o, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küşəsi 1 saylı evin 5 saylı mənzilində qeydiyyatda olan İddiaçı qardaşı X8 miras qalmış Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2 4 saylı evindən mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən təqdim edilən sənədlər arasında mülkiyyətin hüquq müəyyənedici sənədinin olmaması, vərəsəlik işinin aparılması üçün tələb olunan sənədlərin təqdim edilməməsi və mərhumun digər vərəsələri (bacı və qardaşları) ilə əmlak bölgüsü ilə bağlı aralarında mübahisənin olması səbəbindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qardaşı X11 vərəsəsi olaraq tanınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən R.Q. Hüseynovun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 1 küçəsi döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.metr yaşayış otaqları, 18 kv.metr veranda) vərəsəlik hüququnun tanınması barədə iddia tələbləri rədd edilən İddiaçı qardaşı X8 miras qalmış Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2, 4 saylı evindən mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmiş, sonuncu ərizə üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən, təqdim edilən sənədlər arasında mülkiyyətin hüquq müəyyənedici sənədinin olmaması, vərəsəlik işinin aparılması üçün tələb olunan sənədlərin təqdim edilməməsi və mərhumun digər vərəsələri (bacı və qardaşları) ilə əmlak bölgüsü ilə bağlı aralarında mübahisənin olması səbəbindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktları ilə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2, 4 saylı evin özbaşına tikili olduğundan miras əmlak sayılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu isitinad olunan Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, qanuni qüvvəsini alan məhkəmə aktları ilə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2, 4 saylı evin özbaşına tikili olduğundan miras əmlak sayıla bilmədiyi müəyyən edildiyindən, X11 vərəsəsi olaraq tanınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən R.Q.Hüseynovun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 1 küçəsi döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.metr yaşayış otaqları, 18 kv.metr veranda) vərəsəlik hüququnun tanınması barədə İddiaçı iddia tələbləri təmin edilmədiyindən, miras qoyanın vərəsələri arasında mübahisə olduğundan Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynovun X-82 saylı xx.xx.2022-ci il tarixli qərarı əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsinə, 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu əsasında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evin mülkuyyətçisi hesab edilən Qurban Əmir-Əhməd oğlunun vəfatından sonra miras qalmış əmlak üzərində X11, həmin evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kv.metr və 12 kv.metr, yardımçı sahə 18 kv.metr olan mirasa dair onun mülkiyyət hüququnun tanınmasına və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunması vəzifəsinin Bakı şəhəri 26 saylı notariat ofisinə həvalə olunmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar