Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-319/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən neft kəmərinin mühafizə zonasında inşa edilmiş bütün tikililərin cavabdehin hesabın sökülərək ərazidən çıxarılması və mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti quraşdırma işlərinin aparılmasının cavabdehə qadağa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən neft kəmərinin mühafizə zonasında inşa edilmiş bütün tikililərin cavabdehin hesabın sökülərək ərazidən çıxarılması və mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti quraşdırma işlərinin aparılmasının cavabdehə qadağa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 116.8-ci km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: "Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Qeyd olunanlara əsasən iddiaçı SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 116.8-ci km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 May küçəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və həmin ünvanda, kəmərin mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdeh tərəfindən qanunsuz tikilinin inşa edilməsi aşkar edildikdə və ona rəsmi olaraq xəbərdarlıq edildikdə tikinti hələ təzə başlamışdır. Həmin vaxt iddiaçı tərəfindən bütün aidiyyəti qurumlara məlumat verilmişdir. İddiaçının özünün tikintini dayandırmaq səlahiyyəti yoxdur. Həmin ərazidə boru kəmərinin yerin üstü ilə salınmasına və cavabdehin də məhkəmə iclasında təqdimi etdiyi şəkillərdən göründüyü kimi, cavabdeh üçün aşkar yerdə yerləşməsinə baxmayaraq, cavabdeh ona edilmiş xəbərdarlıqdan sonra evinin tikintisini tam olaraq yekunlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, onun nə torpaq sahəsinə, nə də ki, evə dair "çıxarışı" yoxdur. Yalnız torpaq sahəsinə dair bələdiyyə sənədləri mövcuddur. 2021-ci ilin may ayında tikintinin qanunsuz olmasına dair xəbərdarlığı almışdır. Lakin başa düşmür ki, niyə iddiaçı məhz onun ev tikməsinə mane olur. Həmin ərazidə ümumiyyətlə boş yer yoxdur – evlər əvvəl də tikilib, indi də tikilməyə davam edir. Elə boru ilə onun evi arasında da başqa bir ev var. Evi borudan 42 metr deyil, 50 metr aralıda yerləşir. Ekspert buna dair rəy verməli idi. Ailəsi, iki uşağı ilə birlikdə həmin evdə yaşayır və onların başqa yaşayış yeri yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan SOCAR-ın Təhlükəsizlik İdarəsinin SOCAR-ın Neft Kəmərləri İdarəsinə ünvanladığı məktubda aşağıdakılar göstərilmişdir: “ ... 24.05.2021-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində, Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinin 116.8-ci km-liyində, kəmərdən təqribən 42 metr aralı məsafədə, 2-ci sırada, kəmərə paralel yerləşən, vətəndaş Cavabdeh aid olduğu iddia edilən, əvvəldən inşa edilərək hasarlanmış və içərisində yaşayış olmayan həyətyanı sahədə, köhnədən inşa edilmiş 10 metr enində, 10 metr uzunluğunda və 80 sm hündürlüyündə olan natamam ev tikilisinin üzərində yeni tikinti (eni 10 metr, uzunluğu 10 metr və hündürlüyü 2.2 metr) işlərinin aparıldığı əməkdaşlarımız tərəfindən aşkar edilmişdir. Qeyd olunan tikiliyə dair heç bir hüquqi sənəd təqdim edilmədiyindən, mühafizə zonasında aparılan tikinti işlərinin qanunazidd olduğu tikili sahibinə izah edərək, tikilinin sökülməsi tələb olunsa da, vətəndaş Cavabdeh əməkdaşlarımızın qanuni tələblərinə məhəl qoymayaraq sökməkdən imtina etmiş, ona əlavə işlərin görülməməsinə dair yazılı qaydada xəbərdarlıq təqdim edilmişdir. Faktla bağlı DİN-nin 102 xidmətinə məlumat verilmiş, lakin əraziyə heç bir polis əməkdaşı gəlməmişdir. Qeyd olunanları nəzərə alaraq, müvafiq qanunvericilikdə nəzirdə tutulmuş qaydalara uyğun iş görülməsinə dair göstəriş verməyinizi xahiş edirəm”. İş materiallarında olan 24.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə məxsus, hal-hazırda istismarda olan (Şirvan-Böyükşor Dş 500 mm-lik neft kəmərinin 116,8 km-liyi) magistral neft kəmərinin mühafizə zonasında olması və qanunvericiliyə görə dövlət əhəmiyyətli belə torpaqları qanunsuz zəbt edərək üzərində tikinti işləri aparmaq və ya digər analoji fəaliyyəti həyata keçirmək qanunvericiliyin tələblərinə zidd olması barədə məlumatlandırılmış və bunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Cavabdeh xəbərdarlıq təqdim edilən zaman evin yalnız birinci mərtəbəsi tikilmiş, hal-hazırda isə bu tikintisi yekunlaşmış iki mərtəbəli yaşayış evidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Mövlud Şükürov tərəfindən imzalanmış 25.02.2022-ci il tarixli məlumatdan görünür ki, tərəflər baxışın keçirilməsi və müvafiq ölçü işlərinin aparılması üçün şərait yaratmadığına görə, ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyatı, yaşamaq və sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır. “X3rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X1rşı məhkəmə işi üzrə 28.10.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Məhkəmə iddia ərizəsinin “bütün” tikililərin cavabdehin hesabın sökülərək ərazidən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən mübahisəli ərazidə yalnız bir tikilinin mövcud olması müəyyən edilir və belə olan halda iddia ərizəsi mücərrəd “bütün” tikililərin sökülməsi hissəsində təmin edilə bilməz. Eyni zamanda məhkəmə iddia ərizəsini “mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti quraşdırma işlərinin aparılmasının cavabdehə qadağa edilməsi” hissəsində də əsaslı hesab etmir. Belə ki, qanunla qadağan olunmuş hərəkət və ya hərəkətsizliyin əlavə olaraq məhkəmə qətnaməsi ilə qadağa edilməsinin zəruriliyi və mümkünlüyü sual doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa ... və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü magistral neft kəmərinin 116.8-ci km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 116.8-ci km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-319/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-319/2022
05.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver