Məhkəmə qərarları › İş №e-2(001)-3202/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3202/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3202/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2942 manat və 49.42 manat dövlət rüsumunun, cəmi 2991 manat məbləğinin tutulub ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-yə məxsus 06 iyun 2024-cü il tarixdə İddiaçı MMC-nin Bakı şəhəri Nərimanov rayonunda yerləşən “ Embawood Atatürk 2” mağazasından 5942 manat məbləğində şəxsi istehlak məqsədilə şifahi nisyə alğı-satqı müqaviləsi üzrə mebel almışdır. 08 iyun 2024-cü il tarixdə sifariş verilmiş mebellər ünvan 1 ünvanına çatdırılmışdır. Cavabdeh əldə etdiyi mebellərin dəyərini bugünədək ödəməyib. Cavabdeh hal-hazırda 2942 manat borcu qalmışdır. 2942 manat borcun ödənilməsi ilə bağlı Cavabdeh ilə Embawood MMC arasında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il mövcud borcun etirafı haqqında müqavilə imzalanmışdır. Lakin Cavabdeh xx.xx.2025-ci il tarixdən müqavilə üzrə borc ödənişlərini ödəməkdən imtina etmişdir. Tərəflərin izahatları və iddiaya münasibətləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh MMC-dən iki ayrı müavilə üzrə məhsullar almış, ümumi 5942 manat borcdan 3000 manat ödəniş etməklə, 2942 manat məbləğində borcu qalmışdır. Cavabdehə məxsus telefon nömrəsi ilə əlaqə saxlamaq istəsələr də, bu mümkün olmamışdır. Bu ilin yanvar ayından etibarən cavabdeh tərəfindən müqavilələr üzrə ödəniş edilmir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, tərəflər razılaşmaqla, etiraf edirlər ki, Cavabdeh MMC-yə 3778 manat məbləğində borcu var. Cavabdeh tərəfindən borc məbləği 12 ay müddətinə ayda 314 manat olmaqla, xx.xx.2025-ci il tarixinədək MMC-yə qaytarılmalıdır.

6. xx.xx.2024-cü il tarixli qaimə fakturadan görünür ki, Cavabdeh İddiaçındən dəyəri 3778 manat olan mebellər almışdır.

7. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, tərəflər razılaşmaqla, etiraf edirlər ki, Cavabdeh MMC-yə 2164 manat məbləğində borcu var. Cavabdeh tərəfindən borc məbləği 12 ay müddətinə ayda 181 manat olmaqla MMC-yə qaytarılmalıdır

8. 07.07.2024-cü il tarixli qaimə fakturadan görünür ki, Cavabdeh İddiaçındən dəyəri 2154 manat olan mebellər almışdır.

9. İddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, 5942 manat borc üzrə 3000 manat ödəniş edilmiş, 2942 manat borc qalmışdır.

10. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 49,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borcun etirafı adı altında nisyə alğı-satqı müavilələri imzalanmışdır. İddiaçı MMC müqavilələr üzrə mebel əşyalarını cavabdehə nisyə satmış, cavabdeh isə həmin əşyaları qəbul etmiş və müqavilə dəyərini razılaşdırıldığı kimi ödənilməsinə dair öhdəlik götürmüşdür.

12. İddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarına görə cavabdeh hər iki müqavilə üzrə hesablanmış 5942 manat borcdan 3000 manat ödəniş etmiş, 2942 manat qalıq borcu qalmışdır.

13. Hazırda iddiaçı müqavilələr üzrə yaranmış cəmi 2942 manat məbləğində borcun tutulmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

16. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

17. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

19. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

20. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

21. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

22. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

23. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

24. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

25. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur.

26. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2942 manat məbləğində pul vəsaiti və 49,42 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-yə ödənilməlidir.

33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 2942 (iki min doqquz yüz qırx iki) manat məbləğində pul vəsaiti və 49,42 (qırx doqquz manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar