Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-323/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh1 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399225; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 8 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, darvaza və kölgəlik faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399225; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 8 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və dəmir darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, mübahisəli evin Cavabdeh2 məxsus olmasını əsas gətirərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməklə əlavə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəisi X11, mühafizəçilər X4 və X6 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 11:40-da 13-14 saylı postların ərazisində (ünvan 1) Şirvan-Böyükşor DŞ- 500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399225; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 8 metr aralı məsafədə, vətəndaş Cavabdeh1 tərəfindən (əlaqə nömrəsi 055 229-09-29) köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin həyətyanı sahəsinin mövcud hasarının üzərində 15 metr uzunluğunda, 1 mişar daşı hündürlüyündə əlavə hörgü işlərinin aparılacağı həmçinin mövcud darvazanın üzərində beton kəmər töküləcəyi və mövcud darvazasını çıxardaraq jalyuzlə əvəz ediləcəyi bildirmişdir. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu, həmin şəxsə izah edilərək görülən işin dayandırılması, eləcədə aparıİmaması tələb edisə də o, görülən işi dayandırmayacağını və davam etdirəcəyini bildirmişdir. Bu barədə ərazi üzrə icra nümayəndəsi Rövşən adlı (əlaqə nömrəsi 077 228-02-05) şəxsə saat 11:36-da məlumat verilmiş və həmin şəxsə tikinti işlərinin aparılmamasına dair yazılı xəbərdarlıq təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1 MK- 3781/2002 saylı 14 mart 2003-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2002-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2002-cı il tarixli qətnaməsi ləğv edilmiş, Əhədov Faiq X1 və qeyrilərinə qarşı etibarnamənin ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarlı sayılmaqla bağlanmış hesab edilməsi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi və X5 milli manatla məzənnədə 4 min ABŞ dolları məbləğində pulun alınıb X12 verilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayon İ.H.B-nın 501 saylı, 06 iyul 1999-cu il tarixli sərəncamı ilə cavabdeh M.A.Zəkəriyevə Biləcəri qəsəbəsində yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmış, sonuncu Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş baş etibarnamə əsasında həmin torpaq sahəsini iddiaçı F.T.Əhədova etibar edərək ondan 4 min ABŞ dolları məbləğində pulu qəbul etmiş, 15 sentyabr 2001-ci il tarixdə isə o, Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontorunda təsdiq edilməklə Cavabdeh2 eyni torpaq sahəsinə dair başqa bir baş etibarnamə verərək bütün səlahiyyətlərini ona etibar etmiş və bunun müqabitlində cavabdeh S.İ. Musayevdən də 4 min ABŞ dolları məbləğində pul almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə texniki baxış keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin nümayəndəsi ilə birgə ünvanda olmuşlar. Sözügedən mübahisəli sahəyə vizual olaraq baxış keçirilmişdir. Vizual baxış zamanı müəyyən edilmişdir ki, sahənin 7.6 m məsafəsindən diametri d=500.0 mm-lik olan yerüstü neft boru xətti keçir. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşdiyi, həmçinin tək koordinatlı sahə yüksək gərginlikli (6 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərlə müəyyən olunur ki, sökülməsi tələb olunan mübahisəli ünvanda köhnə darvaza yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına Binəqədi rayonunun ərazisində dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. Bununla yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. “X9rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb". X17 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasının daxilində, yəni ünvan 1 ünvanında cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi yerləşir, həmin evin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 501 nömrəli, 06 iyul 1999-cu il tarixli sərəncamı ilə M.A.Zəkəriyevə ayrılmış və sonuncu 15 sentyabr 2001-ci il tarixdə Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontorunda təsdiq edilməklə Cavabdeh2 etibarnamə verərək həmin torpaq sahəsi üzərində bütün səlahiyyətləri ona etibar etmiş və bunun müqabilində Cavabdeh2 4000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, həmin sahənin bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşdiyi, həmçinin tək koordinatlı sahənin yüksək gərginlikli (6 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh istifadəsində olan torpaq sahəsini və həmin sahədə fərdi yaşayış evinin tikintisini aparmaq hüququnu Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 501 nömrəli, 06 iyul 1999-cu il tarixli sərəncama əsasən əldə etmişdir. Nəzərə alaraq ki, həmin sərəncam qüvvədədir, həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilmir, əksinə torpaq sahəsi üzərində cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar, həmçinin mübahisənin predmeti olan fərdi yaşayış evinin tikintisi ilə bağlı uzun illər ərzində heç bir irad bildirilməmiş, cavabdeh uzun illər ərzində həmin torpaq sahəsindən və fərdi yaşayış evindən maneəsiz və fasiləsiz istifadə edir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin özbaşına zəbt edilməsi təsdiq edilmədiyindən, iddiaçının sökülməsini xahiş etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən, cavabdehin həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı gözlənti hüququ olduğundan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-323/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-323/2025
06.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver