Məhkəmə qərarları › İş №e-2(001)-3301/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3301/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3301/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə borcun tutulması tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə İş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 6 ay olmaqla xx.xx.2022-ci il tarixli, 8MKK6270956 nömrəli, müddəti 18 ay olmaqla xx.xx.2023-cü il tarixli, 8MKK6271935 nömrəli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan dəyəri 2616 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2193 manat əsas borcu qalıb. Qeyd edilən borc müqavilələrinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2022-ci il tarixli, 8MKK6270956 saylı borc müqaviləsinə əsasən 213 manat, xx.xx.2023-cü il tarixli, 8MKK6271935 saylı borc müqaviləsinə əsasən 1980 manat əsas və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2193 manat pulun alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərar alınmışdır. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini və təmin olunmasıı xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, (elektron kabinetinə məlumat yerləşdirilmiş) məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 8MKK6270956 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 576 manat məbləğində məişət avadanlığı əldə etmiş, 150 manat ilkin ödəniş olunmuş və 426 manat məbləği 6 ay müddətinə aylıq 71 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürüb. xx.xx.2023-cü il tarixli, 8MKK6271935 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 2040 manat məbləğində məişət avadanlığı əldə etmiş, 60 manat ilkin ödəniş olunmuş və 1980 manat məbləği 18 ay müddətinə aylıq 110 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürüb. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 8MKK6270956 nömrəli müqavilə üzrə 213 manat, xx.xx.2023-cü il tarixli, 8MKK6271935 nömrəli müqavilə üzrə isə 1980 manat qalıq borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı müqavilə üzrə yaranmış 2193 manat əsas borcun tam şəkildə 3 iş günü müddətində ödəməklə müqaviləni ləğv etməyi təklif etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-i ilə Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməli, Cavabdeh ümümilikdə 2235 manat əsas borc alınaraq İddiaçı MMC-nə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 42 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284- 6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 8MKK6270956 nömrəli müqavilə üzrə 213 (iki yüz on üç) manat, 8MKK6271935 nömrəli müqavilə üzrə isə 1980 (min doqquz yüz səksən) manat əsas borc həmçinin, dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat,ümumilikdə 2235 (iki min iki yüz otuz beş) manat alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar