Məhkəmə qərarları › İş №e-2(001)-331/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-331/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-331/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən cavabdehlərə mülki işə sadələşdirilmiş icraat qaydasında baxılacağına dair bildiriş, ərizə və ona əlavə edilmiş sənədlər göndərilmiş, xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh1 etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə hər hansı müqavilə bağlamamış, müqavilədəki imza ona məxsus deyil və iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4889/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə icraat iddia icraatına keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, İddiaçı ilə zaminlik müqaviləsi bağlamadığını və müqavilədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4889/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 4/1629 saylı ekspert rəyində göstərilmişdir ki, “ ... ekspertizaya təqdim olunmuş, mülki işin 39-40-cı vərəqələrində yerləşən 29 aprel 2022-ci il tarixli MOV14-1173 №-li zaminlik müqaviləsinin 1-ci vərəqəsinin aşağı sağ tərəfində, 2-ci vərəqəsində isə “Zamin” qrafasında olan imzalar - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4889/2023 saylı qərardadı ilə mülki işin icraatı təzələnmiş və iş üzrə məhkəmə hazırlıq iclası 14 noyabr 2023-cü il tarixə, saat 14:20-ə təyin edilmişdir. Həmin iclasda iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsini hazırlayan və tərtib edən X2 olmuşdur. X2 xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər İddiaçındə işləmişdir. Vəzifəsi gərəyi işlədiyi müddət zamanı İddiaçı bütün alqısatqı müqavilələrini tərtib etmiş və rəsmiləşdirmişdir. Bu səbəbdən X1 məhkəmə icraatına cəlb edilməsi zəruridir. İddiaçı nümayəndəsi Nümayəndə vəsatəti əsasında X2 məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki məhkəmə icraatına cəlb olunmuş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 izahatında məhkəməyə bildirmişdir ki, Cavabdeh2 İddiaçındə işləyəndə onun müştərisi olub, hal-hazırda xaricdədir. O, Cavabdeh2 ilə əlaqə saxlamış və ona məlum olmuşdur ki, onun adına heç belə bir kredit olmayıb. Həmçinin kredit onlayn verilmiş, lakin sistemə yerləşdirilməmişdir. Telman Əlibəyov hal-hazırda filial rəhbəri vəzifəsində işləyir və işi ilə əlaqədar prosesdə iştirak edə bilmir, amma iştirak etməyi və fikirlərini bildirməyi istəyir. Onun özünün izə zaminlik müqaviləsini imzalamaması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Cavabdeh2 və X1 məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədilə məhkəmə baxış iclası təxirə salınmış, lakin növbəti məhkəmə iclasında tərəflərdən yalnız İddiaçı nümayəndəsi Nümayəndə iştirak etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, İddiaçı ilə Cavabdeh2 Ənvər oğlu arasında xx.xx.2022-ci il tarixdə MOB14-1173 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncu Texnoplus mağazasından telefon almışdır. Müqavilə ilkin ödənişsız olub, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu 3048 manat qalıq borcunu 12 ay müddətində hər ay 254 manat olmaqla ödəməli idi. Cavabdeh cəmi 1270 manat ödəniş etmiş, qalıq borcu 1778 manat təşkil edir. Kredit onlayn qaydada verilməmiş, lakin kredit alanın ipoteka borcu olduğundan kredit sistemə daxil edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddia ərizəsinin təmin edilməsini, eyni zamanda iş üzrə xüsusi qərardadın qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MOB14-1173 saylı Alqı-satqı müqaviləsindən, müqaviləyə əlavədən və xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 3048 manat dəyəri 12 ay müddətində hər ay 254 manat məbləğində ödənilməsi şərtilə İphone 13 pro 128 GB Blue markalı mobil telefonu satılmış və alıcının həmin müqavilə üzrə satıcıya 1778 manat əsas borc və 222 manat cərimə borcu mövcuddur. Belə ki, Cavabdeh2 tərəfindən müqavilə üzrə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq ödənişlər edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MOB14-1173 saylı Təhvil-təslim aktından görünür ki, Cavabdeh2 İphone 13 pro 128 GB Blue markalı mobil telefonu təhvil almış və bu barədə akta imza etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MOB14-1173 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncu borcalan Cavabdeh2 İddiaçı qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1629 saylı ekspert rəyi ilə müyyən edilmişdir ki, sözügedən müqavilə Cavabdeh1 tərəfindən imzalanmamışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəlləsinin 600.4-cü maddəsinə müvafiq olaraq, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə tərəflər arasında bağlanmış müqaviləni, təhvil-təslim aktını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1629 saylı ekspert rəyini və Cavabdeh2 tərəfindən icra edilmiş ödənişləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh2 1778 manat əsas borc və 222 manat cərimə borcu olmaqla, cəmi 2000 manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 1778 manat məbləğində əsas borc və 222 manat cərimə borcu olmaqla, cəmi 2000 (iki min) manat məbləğində borc və 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 105 (yüz beş) manat məbləğində pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar