Məhkəmə qərarları › İş №e-2(001)-3485/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3485/2024

20.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3485/2024 20.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan “Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin 114-cü km-də, kəmərdən təqeibən 18 metr aralı məsafədə, 1-ci sırada, kəmərin mühavizə zonasında, Bakı şəhəri,Binəqədi rayonu, Xocahəsən qəsəbəsi ünvanında inşa edilmiş hasar və digər tiili faktları aşkar edilmişdir. Neft boru kəmərinin mühafizəsini həyata keçirən SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən tikililərə birgə baxış keçirmişlər və həmin tikililərin inşa edilməsi xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində aktlar tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Həmin vaxt X2 torpaq sahəsinin və tikililərin sahibi kimi özünü təqdim etmiş, həmçinin torpaq sahəsinin və tikililərin faktiki olaraq, ona məxsus olduğunu bildirsə də, Cavabdeh adına Çıxarış olduğunu qeyd etmişdir. SOCAR-ın “Neft Kəmərləri İdarəsi” iddia tələbi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən qanunsuz inşa edilmiş hasar və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə, həm əvvəlki tikililərin, həm də sonradan tikilmiş tikililərin Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış binasının texniki sənədlərində göstərilən torpaq sahəsinin daxilində yerləşir, X1 həmin torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, orada iş icraçısı kimi fəaliyyət göstərmişdir, yəni iddia tələbi cavabdeh olmayan şəxsə qarşı yönəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4816/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikaı Ali Məhkəməsinin 2(102)-954/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də hazırkı iddia tələbi Cavabdeh qarşı qaldırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 bildirdi ki, ünvan 2 ünvanında yerləşən həyat yoldaşına məxsus tikili qeyri-yaşayış binasıdır. Həmin qeyri-yaşayış binasından onlar tərəfindən sahibkarlıq məqsədi ilə istifadə edilir, Cavabdeh fərdi sahibkardır və VÖEN-inin olması bunu təsdiq edir. ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası xx.xx.2016-cı il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir, hal-hazırda, o, həmin ərazini icarəyə verir və gəlir əldə edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X4 məhkəməyə bildirdi ki, yuxarıda qeyd olunanlar həqiqətə uyğundursa, məhkəmə tərəfindən məhkəmə aidiyyəti məsələsi həll edilməlidir. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına olan əlavə edilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 231,4 kv.m. qeyri-yaşayış binası RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh fərdi sahibkardır və onun hal-hazırda aktiv olan VÖEN-i (**********) mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ... Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ... Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ... Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə tərəflərdən birinin hüquqi şəxs, digər tərəfin isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasını, sökülməsi tələb edilən tikilinin cavabdehin mülkiyyətində olan qeyri-yaşayış binası olmasını və işin digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbinə ümumi məhkəmədə baxılmalı olmadığından, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar