Məhkəmə qərarları › İş №e-2(001)-3598/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3598/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3598/2024 26.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə bağlanmış HHA 11924 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 874 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq, manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 % həcmində 219 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq, manatla)cərimə, cəmi 1093 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39 manat pulu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixində bağlanmış HHA 11924 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 1344 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq, manatla) olan Apple İphone 13 pro 128 gb markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 470 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Borclu ödəniş qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndənin iştirakı olmadan baxılmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli, HHH11924 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1344 ABŞ dolları olan İphone 13 pro markalı telefon 470 ABŞ dolları ilkin ödənişlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 72 dollar olmaqla hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 20 yanvar 2023-cü il, sonuncu ödəniş tarixi 20 dekabr 2023-cü il müəyyən edilmişdir.

6. 20 dekabr 2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20 dekabr 2022-ci il tarixli, HHH11924 saylı müqaviləyə əsasən İphone 13 pro markalı telefonu İddiaçı MMC-dən təhvil almışdır

7. 28 aprel 2024-cü il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 dekabr 2022-ci il tarixli, №HHA 11924 saylı müqavilə üzrə əsas borcu 874 ABŞ dolları, cərimə borcu 219 ABŞ dolları olmaqla, ümumilikdə 1093 ABŞ dolları məbləğində borcu vardır.

8. Kreditor tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir;

9. 28 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əşyanın nisyə alğı-satqısına dair 20 dekabr 2022-ci il tarixli, HHH11924 saylı müqavilə bağlanmışdır. 20 dekabr 2022-ci il tarixli, HHH11924 saylı əşyanın nisyə alğısatqısına dair müqaviləyə əsasən İddiaçı MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə hər gecikdirilən gün üçün aylıq ödənişin 1% həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Həmin əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

12. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

13. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

14. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

15. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

16. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

17. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

18. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

19. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

20. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

21. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmənin mövqeyi:

22. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

23. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, yəni 20 dekabr 2022-ci il tarixli, HHH11924 saylı müqavilə üzrə 874 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir.

25. Belə ki, 20 dekabr 2022-ci il tarixli, HHH11924 saylı saylı nisyə alqı-satqı müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən qeyd edilən müqavilə üzrə hesablanmış 219 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

26. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

28. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır;

29. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;

30. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

31. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən tələb olunan cərimə məbləği azaldılmalı və 20 dekabr 2022-ci il tarixli, HHH11924 saylı müqavilə üzrə 50 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

33. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

34. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

35. Odur ki, cavabdehin ABŞ dolları ilə olan borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

40. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

41. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20 dekabr 2022-ci il tarixli, HHH11924 saylı müqavilə üzrə əsas borca görə 874 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları olmaqla, ümumilikdə 924 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

42. Həmçinin, ödənilmiş 39 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

43. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 20 dekabr 2022-ci il tarixli, HHH11924 saylı müqavilə üzrə əsas borca görə 874 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları olmaqla, ümumilikdə 924 (doqquz yüz iyirmi dörd) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar